Artıq 61 illik Əsəd rejimi sona çatdı. Rəsmi mənbələr Bəşər Əsəd rejimin süquta uğradığını bu gün açıq şəkildə bəyan etdilər. Bəşər Əsəd hakimiyyətini qorumaq üçün çox çalışsa da, bu istəyinə nail ola bilmədi. Bəşər Əsəd rəsmi Ankaranın ona uzatdığı əli sıxmaq istəmədi və hakimiyyətini itirməyə məcbur oldu. Bu Bəşər Əsədin buraxdığı ilk səhv deyildi. Hələ bir neçə gün öncə Rusiya və İrandan yetirincə dəstək almaq imkanları qapanan Əsəd rejimi rəsmi Ankara ilə əlaqə qurmaq üçün çabalayırdı. Lakin rəsmi Ankara Əsəd rejimin bu səmimiyyətini qəbul etmədi. Çünki illərdir ki, rəsmi Ankara Əsəd rejimi ilə təmaslar qurmağa çalışsa da, rəsmi Dəməşq bu uzanan əli sıxmaqdan imtina edirdi. Türkiyənin planı isə başqa idi. Rəsmi Ankara həm PKK/PYD terror təşkilatını birdəfəlik bitirmək, həm də qaçqın problemini yoluna qoymaq üçün öz kartlarını işə salmağa başladı. Ankara Yaxın Şərqi, o cümlədən də, Suriyada geopolitik maraqları öz xeyrinə dəyişməyi bacardı.
Bu türk diplomatiyasının ən ugurlu gedişlərindən biri idi.
İndi Ankara Yaxın Şərqin əsas oyunçularından birinə çevrilib. Bir sözlə Türkiyə artıq Yaxın Şərqdə əsas geopolitik iradə mərkəzlərindən biri olduğunu dərhal hər kəsə qəbul etdirməyə nail oldu. Və bütün bunlar indi Türkiyənin öz maraqlarını ön planda tutmasını təmin edir.
ABŞ-da keçirilən prezident seçkilərini Türkiyənin şansı da saymaq olar. Ankara ABŞ-da seçkilərin bitməsindən dərhal sonra öz planlarını reallaşdırmağa başladı. Donald Trampın ABŞ prezidenti seçilməsi və Trampın Suriyadakı vəziyyətlə bağlı “bu bizim savaşımız deyil, ABŞ buna qarışmamalıdır” açıqlaması əslində Türkiyənin əl-qolunu açmış oldu. Qısa zamanda Türkiyə Suriyada müəyyən gedişlər edərək faktiki olar həm PKK/PYD-nı, həm də 61 illik Əsəd rejimini məhv etməyi bacardı.
Məsələ ondadır ki, Ağ Evdə onu da anlayırlar ki, Türkiyənin geopolitik maraqları nəzərə alınmadan Yaxın Şərqdə yeni düzənin yaradılması İsrailin təhlükəsizliyinə tam təminat vermək qətiyyən mümkün olmayacaq. Və bu səbəbdən də, rəsmi Ankaraya Yaxın Şərqdə tam fəaliyyət sərbəstliyi tanımaq məcburiyyətində qaldılar. Bu Ankaranın öz planlarını reallaşdırmağa imkan verdi.
Rusiya və İranın bu oyundan ustalıqla kənarlaşdrılması nəticəsində, faktiki olaraq Bəşər Əsəd dəstəksiz qaldı. Bir sözlə Türkiyə Yaxın Şərqdən İran və Rusiyanı ustalıqla uzaqlaşdırmağı bacardı.
İndi Suriyada qalan kiçik bir PKK/PYD qruplarını sıradan çıxarmaq qalır. Artıq Qərb dövlətləri də anlayır ki, onlar Yaxın Şəqdə Türkiyə ilə hesablaşmaq məcburiyyətindədirlər. Hadisələrin gedişi onu göstərir ki, Ankara tezliklə çoxsaylı suriyalı qaçqınları öz evlərinə geri qaytaracaq. Faktiki olaraq Ankara qaçqın məsələsini 2025-ci ilin ilk 6 ayında həll etmək niyyətini gizlətmir.
Qoşqar Salmanlı