image-2000x150
image-4backend

“Ana dua et əsgərlərim şəhid olmasın”: Bir qəhrəman zabitin həyat hekayəsi

image-728x90

Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana – əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmaz.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağın azadlığıyla nəticələndi.

Müharibə varsa, şəhid də var, qazi də, itkin də… Nə yazıq ki, bu müharibəmiz də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı.

Bu müharibədə öz canını vətən yolunda fəda edən oğullardan biri də baş leytenant Mahir Dadaşzadə oldu. Öz əsgərləri üçün özünü ölümü atan cəsur komandir. Mahir yaxşı imkanlı bir ailənin övladı idi. Amma gözünü açandan qarşısında atasını görmüşdü. O, ata ki, bütün işini ataraq Birinci Qarabağ müharibəsində şücaət göstərmişdi. Mahir atası Qərib müəllim qəhrəmanlıq yolunu davam etdirmək qərarını vermişdi. Bütün təkidlər onu yolundan döndərə bilməzdi.

Bu gün doğum günü olan şəhid baş leytenant Mahir Dadaşzadənin həyat yoluna nəzər salaq.

Dadaşzadə Mahir Qərib oğlu 1993-cü il sentyabrın 28-də Beyləqan rayonu Allahyarlı kəndində doğulub. Cəmşid Naxçıvanski adına hərbi liseyi əla qiymətlərlə bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi akademiyasına qəbul olub. 2014-cü ildə akademiyanı bitirib və Təlim Tədris Mərkəzində tağım komandirliyi kursunu keçib. 2015-ci ildə Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə xidmətə başlayıb. 5 ay sonra posta çıxıb və xidmətini orda keçib. Həmin post dəniz səviyyəsindən 3500 kilometr yüksəklikdə yerləşir. 2019-cu ildə Qazax rayonunda yerləşən N saylı hərbi hissədə xidmətə edib.2016-cı il Aprel döyüşlərinin və 2020-ci il Tovuz döyüşlərinin iştirakçısı olub. İkinci Qarabağ müharibəsi zamanı böyük şücaətlə vuruşub, Murovun, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 25-dən 26-na keçən gecə Füzuli istiqamətində şiddətli döyüş başlayıb. Əsgərlərinin yaralandığını, hətta bəzilərinin şəhid olduğunu görən Mahir özünün yaralı olmasına baxmayaraq, döyüş meydanını tərk etməyib, “bir əsgərimin də düşmən əlinə keçməsinə imkan vermərəm” deyərək yaralıları döyüş bölgəsindən çıxarıb. Özü yaralı olduğu halda 35 əsgəri çıxara bilib. Sonuncu əsgəri çıxarandan sonra həmin əraziyə yenidən minamyot atılıb və Mahir onun qəlpəsi nəticəsində şəhid olub. “Qoymaram bir əsgərim də şəhid ola” deyən, anasına “dua et, əsgərlərimi şəhid verməyim” deyən Mahir Dadaşzadə özü şəhidlik zirvəsinə ucaldı. O, Beyləqan rayonu Şəhidlər Xiyabanında dəfn olunub.

Mahir Dadaşzadə şəhadətindən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medallarıyla təltif edilib.

İndi Bakıda Nizami rayonunda bu igid oğulun adını daşıyan bir küçə var. Qara Qarayev prospekti ilə Məhsəti Gəncəvi küçəsini birləşdirən bu küçə indi  Mahir Dadaşzadə küçəsi adlanır. Ruhu şad olsun!

Qoşqar Salmanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90