Alimləri böyük sınaq gözləyir
“Bu gün sirr deyil ki, hər bir ölkənin inkişafını, eyni zamanda təhlükəsizliyini o ölkənin texnoloji imkanları şərtləndirir. Bu gün biz bunu iqtisadi inkişafda görürük, yeni texnologiyaların tətbiqində görürük, yeni müharibələrdə görürük. Ona görə texnoloji inkişaf bizim üçün əsas prioritet olmalıdır və əlbəttə, burada Azərbaycan alimlərinin üzərinə böyük vəzifə düşür”.
Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş tədbirdə belə deyib. Dövlət başçısı deyib ki, hər bir ölkənin inkişafını təbii resurslar yox, məhz cəmiyyətin intellektual potensialı, elmin inkişafı müəyyən edir: “Yəni təbii resurslar bizim üçün, sadəcə olaraq, bir vasitədir, bir imkandır ki, biz təbii resursların ixracından əldə etdiyimiz vəsaiti insan kapitalına yönəldək, texnoloji inkişafa yönəldək ki, gələcəkdə bizim inkişafımız dayanıqlı olsun. Hər kəs yaxşı bilir ki, təbii sərvətlər gec-tez tükənəcək. Tükənməz sərvət isə intellektual potensialdır…” Prezident deyib ki, elmin inkişafı üçün sərmayəni dövlət qoymalıdır. Dövlət rəhbərinin sözlərinə görə, on il bundan əvvəl süni intellekt barədə heç kim heç nə danışmırdı: “Bu gün artıq bu, ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir. Biz burada geri qalmamalıyıq. Ona görə dövlət lazımi addımları atır. Biz hər zaman əsas aparıcı xəttin, yəni “mainstream”in, əgər belə demək mümkündürsə, arxasınca gedirik və geri qalmamalıyıq. Ona görə Azərbaycanda süni intellektin həm inkişafı, həm də həyatda, iqtisadiyyatda, texnoloji inkişafda tətbiqi bu gün reallıqdır və əlbəttə ki, biz burada Azərbaycan alimlərinin fəal iştirakını gözləyirik”.
Dövlət başçısı kibertəhlükəsizlik, eləcə də hərbi sənaye sahəsində elm adamlarını əməkdaşlığa çağırıb. “Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edirik və qarşıya vəzifə qoyulub ki, həm daxili tələbatı ödəmək, həm də ixrac etmək üçün bizdə bu istiqamətdə çox ciddi sənaye klasteri yaradılsın. Çünki bu, çox gəlirli sahədir və nəzərə alsaq ki, bu gün dünyanın bütün yerlərində müharibələr alovlanır, dayanmır, əfsus ki, hərbi təyinatlı məhsullara bundan sonra da ehtiyac olacaq. Ona görə bu istiqamətdə bu gün biz çox fəal işləyirik. Yenə də deyirəm, biz təbii ki, dövlət və özəl şirkətlərimizi, eyni zamanda, Azərbaycan alimlərini bu istiqamətə dəvət edirik”, – deyə o bildirib.
Prezident deyib ki, elm iqtisadiyyatla, sənaye ilə sıx bağlı olmalıdır: “Burada bu kürsüdən dövlət strukturlarına da göstəriş vermək istəyirəm ki, Azərbaycan alimləri ilə daha sıx işləsinlər”.
Prezident alimləri azad edilmiş torpaqlarda geoloji kəşfiyyat işlərində fəal olmağa çağırıb. “Bu, xüsusilə Qarabağda və Şərqi Zəngəzurda çox böyük əhəmiyyət kəsb edir. Çünki bu ərazi sovet vaxtında lazımınca tədqiq edilməmişdir və tədqiq edilsə idi belə, yenə də ovaxtkı texnologiyalarla onları tam öyrənmək mümkün deyildi. Yəni bu gün müasir texnologiyalarla peykdən tədqiqat, zondlama aparılır. Təbii resurslar, o cümlədən qeyri-ənənəvi neft yataqlarının aşkarlanması bir çox hallarda fiziki, yəni, əraziyə girmədən müəyyən edilir. Ona görə mənim göstərişimlə artıq bir neçə aydır ki, Qarabağda və Şərqi Zəngəzurda böyük geoloji işlər aparılır. Azərbaycan alimlərini bu işlərə dəvət edirəm, dövlət strukturlarına da göstəriş verirəm. Hesab edirəm ki, yaxın bir neçə ay ərzində bizə çox yaxşı xəbərlər gələcək. Bizim çox zəngin təbii resurslarımız var – qızıl, gümüş, mis yataqları, polimetal yataqlar. Onların aşkarlanması, kəşfiyyatı, işlənməsi bizə böyük xeyir gətirəcək, Qarabağ və Şərqi Zəngəzur regionlarımızda iş yerlərinin böyük sayda yaradılmasına gətirib çıxaracaqdır”.
Beləliklə, AMEA-da nitqində Prezident İlham Əliyev keçilən yolu, müasir şəraiti təhlil etməklə yanaşı, elmimizin qarşısında dayanan vəzifələri göstərdi. Azərbaycan alimlərinə müxtəlif sahələr və istiqamətlər üzrə çağırışlar etdi, onlardan gözləntilərinin nədən ibarət olduğu barədə olduqca dəyərli fikirlər ifadə etdi.
AMEA yeni tələbləri necə icra edəcək? Potensial varmı?
Milli Məclisin deputatı, professor Hikmət Babaoğlu bildirdi ki, Azərbaycan Prezidentinin Milli Elmlər Akademiyasında etdiyi çıxış əslində konseptual proqram xarakteri daşıyırdı: “Çünki bu çıxış hazırda yeni reallıqda həm Azərbaycan elminin, həm iqtisadiyyatının qarşısında duran mühüm vəzifələrlə bağlı bir çağırış idi. Cənab Prezidentin çıxışının leytmotivi elm və sənayeni, elm və iqtisadiyyatı birləşdirərək yeni tarixi mərhələdə yeni innovativ iqtisadiyyatımızı formalaşdırmaqla bağlı idi. İkincisi, AMEA-nın qarşısında duran əsas vəzifələrdən digəri kimi, Azərbaycan Prezidenti tariximizin yenidən öyrənilməsi və bunun ictimai təfəkkürün qavrayacağı tərzdə təqdim olunması ilə bağlı idi. Başqa bir istiqamət isə tariximizlə bağlı həqiqətlərin üzə çıxması üçün tədqiqat əsərlərinin qlobal miqyasda beynəlxalq arenada tanıdılması ilə bağlı idi. Bu isə hazırkı komplektləşdirmə və hazırkı funksionallıqla bir qədər çətin görünür. AMEA-da çox təcrübəli, çox dərin biliklərə malik yüksək səviyyəli alimlərimiz var. Amma görünür, bu potensialın real tədqiqatlara çevrilməsi üçün iş metod və üsullarında dəyişikliklər etmək lazımdır. Yeni prioritet istiqamətlər müəyyənləşdirilməlidir və tariximizlə bağlı tədqiqatları apararkən bunu təkcə Azərbaycanın inzibati sərhədləri ilə məhdudlaşdırmalı deyilik. Çünki Azərbaycan Prezidenti çıxışında dedi ki, bizim sərhədlərimizdən kənarda, Xəzər ətrafında yaşayan insanlar bu gün də azərbaycanlılardır. Mən ümid edirəm ki, bu çağırışdan sonra AMEA-da tamamilə yeni, bu günün çağırışları ilə uzlaşan bir fəaliyyət proqramı hazırlanacaq və qısa müddətdə Azərbaycan Prezidentinin çağırışları istiqamətində dərin elmi tədqiqatlar aparılacaq”.
Milli Məclisin sədr müavini, AMEA-nın müxbir üzvü Musa Qasımlı Modern.az-a deyib ki, Prezident İlham Əliyevin AMEA-nın 80 illiyinə həsr olunmuş toplantıdakı nitqi tarixi əhəmiyyət daşıyır: “Dövlət başçımızın nitqində akademiyanın keçdiyi yol, müasir şərait və elmimizin qarşısında dayanan ən vacib məsələlər öz əksini tapmışdı. Prezidentin nitqində göstərilən vəzifələr Azərbaycan elminin yol xəritəsi olmalıdır. Hesab edirəm ki, bizim elmi tədqiqat institutlarımız cənab Prezidentin nitqindən irəli gələn məsələlərin hər birini nəzərə alacaqlar”.“Yeni Müsavat”






















