image-rt-reklam
image-ig-farbenwerke-auschwitzbackend

Almanlara işləyən sovet vətəndaşları – onların sayı 5 milyon nəfəri ötüb  

image-728x90

Bütün müharibələr zamanı orduya səfərbərlik arxa cəbhənin işində çətinliklər yaradıb. İş qabiliyyəti olanların orduya çağırılması sənayedə, kənd təsərrüfatında və digər sahələrdə işçi qüvvəsinin çatışmazlığı problemini ortaya çıxarıb. Elə bu səbəbdən də müharibə aparan ölkələrdə bir sıra müəssisələr fəaliyyətini dayandırıb, əsas güc müdafiə sənayesi və zəruri tələbat mallarını istehsal edən obyektlərə verilib.

Adolf Hitler müharibəyə başlayanda bu məsələni ciddi götür-qoy edib, təhlillər və insan resurslarının bölgüsü ilə bağlı hesablamalar aparıb və belə qənaətə gəlib ki, Almaniyada arxa cəbhədə işçi qüvvəsi, ön cəbhədə döyüşçü çatışmazlığı olmayacaq. Amma fürer hesablamalarında yanılıb. Artıq müharibənin ikinci ilində Almaniyada ciddi işçi qüvvəsi problemi yaranıb, müharibədə itkiləri əvəz etmək üçün arxa cəbhədə çalışanlar da döyüşən orduya göndərilib.

image033-3.jpg (98 KB)

Hitler bu problemi aradan qaldırmaq üçün işğal olunmuş ərazilərdəki vətəndaşların Almaniyaya gətirilməsi və işçi qüvvəsi kimi istifadə edilməsi ilə bağlı əmr imzalayıb. Əmrin icrası SSRİ-dən, əsasən də Ukrayna və Belarusiyadan başlanıb.

Əvvəlcə Almaniyada işə cəlb edilmək məsələsi könüllülük prinsipi ilə aparılıb. Alman təbliğatçıları işğal olunmuş ərazilərdəki sovet vətəndaşları arasında təbliğat işi aparıblar, Almaniyada işlədikləri müddətdə onlara yüksək əmək haqqı, normal qidalanma, geyim və yaşam tərzi vəd ediblər. Bu vədlərə inananlar az olub və Almaniyaya kütləvi axının təmin edilməsi mümkün olmayıb. Belə olan halda Hitler sovet vətəndaşlarının Almaniyada işə cəlb edilməsini məcburi şəkildə həyata keçirilməsi haqqında növbəti əmri imzalayıb. Bu proses 1942-ci ilin fevral-aprel aylarından başlayıb.

Sonralar almanların öz verdikləri məlumata görə təxminən 5 milyondan artıq sovet vətəndaşı Almaniyada məcburi əməyə cəlb edilib.

image021-3-e1541340016277.jpg (82 KB)

Məcburi əməyə cəlb edilən sovet vətəndaşlarının əsas hissəsi xüsusi yaradılmış düşərgələrdə saxlanılaraq ən ağır işlərdə işləyiblər. Bir qismi fermerlərin tabeliyində çalışıb. Mütəxəssislər isə zavod və fabriklərdə, xəstəxanalarda ixtisasları üzrə işə cəlb ediliblər və onlara eyni işi görən almanlardan 3-4 qat aşağı əmək haqqı verilib.

Ən ağır durum düşərgədə saxlanılanlar üçün olub. Onların aldıqları əmək haqqı bir çox hallarda düşərgə qaydalarını “pozduqlarına” görə nəzarətçilər tərəfindən əllərindən alınıb. Onlar öz cüzi miqdarda olan pullarını düşərgənin ərazisində olan ərzaq və gündəlik tələbat malları mağazalarında xərcləyiblər. Bu mağazalarda ən keyfiyyətsiz mallar satılıb, qiymətləri isə keyfiyyətli malların qiymətindən baha olub.

Həftə ərzində düşərgədə olan işçilərə 2.3 kiloqram çörək, 250 qram ət, 130 qram yağ, 15 kiloqram tərəvəz verilib. Amma bu bölgü də çox vaxt kağız üzərində qalıb. Bu cür qidalanma ilə güclərini itirən işçilər öz kiçik maaşlarını ərzaq məhsullarına verməyə məcbur olublar.

Fermerlərin tabeliyində olanların işi qismən “rahat” olub. Yaxşı işlədikləri halda fermerlər onları arada südə, pendirə, kolbasaya, ətə qonaq ediblər. Hətta arada məcburi əməyə cəlb edilənlərin süfrəsində alkoqol da görünüb.

Harada işləmələrindən asılı olmayaraq bütün işçilərə tütün məmulatları verilib. Düzdür, onlar keyfiyyətsiz məhsullar olsa da almanlar bu məsələdə səxavətlərini əsirgəməyiblər.

Məcburi əməyə cəlb edilənlər arasında  ən yüksək maaşı mütəxəssislər, xüsusilə də mühəndis və həkimlər alıblar.

image067-3-e1541340759121.jpg (58 KB)

Müharibədən sonra Almaniyada işləyən sovet vətəndaşlarının vətənlərinə dönməsinə tam şərait yaradılıb. Ancaq onlardan təxminən 700 min nəfəri geri dönməkdən imtina edib. Onlar geri qayıdacaqları halda satqın damğası ilə repressiya olunmaq ehtimalından ehtiyat ediblər.

Geri qayıdanlar SSRİ-də xüsusi qeydiyyata götürülüblər. Onlar “NKVD”-də sorğu-suala tutulublar. Satqınçılıq və xəyanət faktları aşkar olunanda onlar  “QULAQ” düşərgələrinə göndəriliblər.

Almaniyada məcburi əməyə cəlb edilənlər haqqında təfərrüatlı və geniş yazılar yalnız SSRİ süquta uğradıqdan sonra mətbuatda işıqlandırılıb. Onların bir çoxu Almaniyada məcburi əməyə cəlb olunduqları dövrü cəhənnəm dövrü adlandırıblar. Aralarında Almaniyada keçirdikləri illəri ömürlərinin ən yaxşı dövrünü sayanlar da olub.

İlham Cəmiloğlu, Musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90