Ulusal.az Tagesschau-ya istinadən xəbər verir ki, Almaniyanın ədliyyə naziri Stefani Hübiq sosial şəbəkə istifadəçiləri üçün yaş məhdudiyyətinin qoyulmasının tərəfdarı olduğunu bildirib.
Nazirin qeyd etdiyi kimi, sosial şəbəkələrdən istifadə üçün aydın və hər şeydən əvvəl effektiv yaş məhdudiyyəti uşaqların şəxsi həyatını qoruyur, eləcə də sağlam inkişafına təkan verir.
“Uşaqlar və yeniyetmələr özlərini ifadə etmək üçün təzyiqə deyil, müdafiəyə ehtiyac duyurlar” dedi.
Hübiqin sözlərinə görə, bu, valideynlərin də həyatını asanlaşdıracaq, onlar artıq hər gün sosial şəbəkələrdə övladlarının fəaliyyətini müzakirə etmək məcburiyyətində qalmayacaqlar.
O əlavə edib ki, digər ölkələrin ilkin təcrübəsi göstərir ki, məktəblərdə belə məhdudiyyət uşaq və yeniyetmələrə müsbət təsir göstərir.
Hübiqin fikrincə, orada “zorbalıq azalır, konsentrasiya artır, sosial qarşılıqlı fəaliyyət aktivləşir”.
Xəbər verdiyimiz kimi, Norveç hakimiyyəti 15 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələrdən istifadəni məhdudlaşdırmağı təklif edir.
Bundan əlavə, Fransa Aİ səviyyəsində sosial mediadan istifadə üçün minimum yaş həddi təyin etmək istəyir.