“Bir zamanlar imtahanlarda hansısa texniki vasitələrdən istifadə edənlər barmaqla sayılardı. Dövlət İmtahan Mərkəzinin (DİM) detektorları onları asanlıqla aşkar edirdi. Amma indi vəziyyət dəyişib. Görünür ki, bəzi texnoloji işbazlar bu işi sistemli şəkildə biznes xidmətinə çeviriblər”.
Ulusal.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz bildirib.
“Tələb var, təklif də hazırlanır: kim imtahanda uğur qazanmaq istəyirsə, “gizli texnologiya paketi” hazırdır – mikroqulaqcıq, mikrokamera, mini telefon, naqil, Mi-Fi routeri və daha nələr…”, – o əlavə edib.
AİF prezidenti daha sonra qeyd edib: “Əldə etdiyim məlumata görə, məhz belə xidmətləri təklif edən bir şəbəkənin üzvləri artıq məhkəmə qərarı ilə saxlanılıb, cinayət işi açılıb və istintaq aparılır. Abituriyentlərdən nəticələri ləğv olunanlar var. Əməliyyat DİM-in müşahidələri və rəsmi müraciəti əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilib. Görünür, qeyd olunan orqanlar bu tip halların artmasını müşahidə ediblər və bunun mərkəzləşmiş formada ola biləcəyindən şübhələniblər. Yəni ola bilər ki, texniki avadanlıqlarla imtahana gələnlərin müəyyən təbəqəyə, qrupa və ya regiona bağlı olması şübhə doğurub. Həmçinin, imtahan prosesində özünü şübhəli aparanların çox olması müşahidə kameraları və süni intellekt vasitəsilə müəyyən edilib. Əlbəttə, gizli avadanlıqlardan istifadə edənlər məcburdurlar ki, tez-tez qulağa toxunsunlar, paltarlarında nəsə qurdalasınlar, süni hərəkətlər etsinlər, mikroqulaqcıqlardan gələn səslər ətrafda əks-səda yaratsın və s.”
Osman Gündüz hadisədə ən diqqətçəkən məqamı açıqlayıb: “Artıq bu tip fırıldaq imtahan verənin şəxsi təşəbbüsü ilə deyil, xidmət olaraq – yəni biznes kimi təklif edilən “texnoloji dəstək paketi” şəklində təqdim olunur. Bu, artıq fərdi fırıldaq yox, kütləviləşmiş, pullu və təşkilatlanmış texnoloji cinayət modelidir. Əlbəttə, burada DTX tərəfindən bu şəbəkənin ifşası və məsuliyyətə cəlb olunmaları təqdirəlayiq addımdır.
Amma bu hadisə bir daha göstərdi ki, məsələ sadəcə bir neçə abituriyentin fırıldağa əl atmasında deyil, texniki və texnoloji savada malik şəxslərin öz biliklərini cinayətə yönəltməsindədir. Bir neçə gün öncə də kiber sahədə cinayət törətmiş bacarıqlı bir gəncin məhkəmə prosesi cəmiyyətin gündəmində idi”.
AİF prezidenti vurğulayır ki, dövlət, cəmiyyət və xüsusilə təhsil və innovasiya qurumları səfərbər olmalıdır ki, bu tip texnoloji potensiala malik insanlar fırıldağa və cinayətə deyil, ölkənin inkişafına xidmət edən layihələrə üz tutsunlar və bu istiqamətə cəlb olunsunlar.AzPolitika.info