Seymur Orucov müvafiq qrafikə uyğun olaraq Poylu kənd yaşayış məntəqəsində vətəndaşların növbəti səyyar qəbulunu keçirib. Kəndin tam orta məktəb binasında təşkil olunan qəbulda yerli hüquq-mühafizə strukturlarının rəhbərləri, RİH başçısı aparatı ilə yanaşı müvafiq idarə, müəssisə və təşkilatların məsul əməkdaşları, eyni zamanda, kənd sakinləri iştirak ediblər.
RİH başçısı qeyd edib ki, Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin ölkənin bugünkü və gələcək inkişafını təmin edən müdrik siyasi xəttini uğurla davam etdirməsi nəticəsində Azərbaycan regionun ən güclü dövlətinə çevrilib. Hər bir vətəndaş dövlət başçısının gərgin əməyi nəticəsində ölkəmizin ildən-ilə sürətli inkişafını aydın görür, onların həyat səviyyəsinin yüksəldilməsinə yönəlmiş səylərini yüksək qiymətləndirir və buna görə də öz liderinin ətrafında sıx birləşiblər.
Qəbulda vətəndaşlar müxtəlif məzmunlu müraciət və təkliflərlə çıxış ediblər. Səsləndirilən məsələlərin qanunamüvafiq qaydada operativ həlli ilə bağlı aidiyyəti üzrə məsul şəxslərə konkret tapşırıqlar verilib.