“Hazırda Azərbaycanda yaxşı futbolçu yoxdur”
Azərbaycan futbolu deyiləndə ağla gələn ilk adlardan biri keçmiş SSRİ çempionatında Bakının “Neftçi” klubunun kapitanı olmuş İsgəndər Cavadovdur. 14 yaşında futbolla məşğul olmağa başlayan Cavadov 1993-cü ildə “SSRİ idman ustası” adına layiq görülüb. O, “Neftçi” klubunda 1977-ci ildə debüt edib. İ.Cavadov 1979-cu ildən 1986-cı ilə kimi “Neftçi”də kapitan olub.
Bu günlərdə Modern.az saytının redaksiyasına gələn İsgəndər Cavadov əməkdaşlarımızın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:
– İsgəndər Cavadov cəldliyi və bacarığını bu gün hansı futbolçularda görə bilirsiniz?
– Sovet dövründə futbolda irəliləyiş var idi, yeni-yeni futbolçular yetişirdi. Bizim davamçılarımız 2003-2004-cü ilədək gəlirdi. Tərlan Əhmədov, Yunis Hüseynov, Nazim Süleymanov, Arif Əsədov – onlar bizdən sonra gələnlər idi. Bizim davamçılarımız olsalar da, əvvəlki nəslin səviyyəsində deyildilər. Onlardan sonra davamı gəlmədi. İndi Azərbaycanda ciddi məşqçi problemi var. Təəssüf ki, səviyyəli futbolçular da yetişmir.
– Siz 1982-ci ilin 2-ci yarısından 1983-cü ilin 1-ci yarısına qədər Moskvanın “Dinamo” klubunda oynamısınız. Hətta UEFA Kuboku uğrunda matçda qol da vurmusunuz. “Dinamo”da oynamaq sizə SSRİ-nin yığma komandasının heyətinə düşmək üçün yol aça bilərdi. Amma nədənsə Bakıya qayıtdınız… Səbəb nə idi?
– Məni “Dinamo”ya Rusiyanın daxili işlər naziri qəbul etmişdi. Demişdi ki, Ələkbər Məmmədovun davamçısı olmağımı istəyirlər. Mənə istənilən şəraitin də yaradılacağı bildirilmişdi. Moskvada mənim uğurlu oyunlarım oldu. Polşada bir qol vurdum və bir ötürmə etdim. Mənə böyük etimad göstərilirdi. SSRİ yığma komandasına düşmək şansım da vardı. O vaxt Moskva “Dinamo”sunda oynamaq hər azərbaycanlıya nəsib ola bilməzdi, çətin idi.
Bir gün mənə dedilər Azərbaycan SSR-in birinci katibi Kamran Bağırov səninlə görüşmək istəyir. Düşündüm ki, hörmətsizlik etmək olmaz. Kamran Bağırov, baş nazir və “Neftçi”nin kuratoru Fuad Musayevlə görüşdük. Mənə dedilər ki, sən gedəndən sonra azarkeşlər “Neftçi”nin oyunlara gəlmir, hər kəs səni tələb edir. Bildirdim ki, Moskvada şəraitim yaxşıdır, arxamda da DİN rəhbəri var. Siz onlarla da əlaqə saxlamalısınız.
Yekunda təklifi ailəm naminə qəbul etdiyini bildirdim, amma qarşılarına şərtlər də qoydum, fikirləşəcəklərini dedilər. 2 gün sonra Fuad Musayevlə yenidən səfirlikdə görüşdük. Şərtlərimi qəbul etdiklərini söylədi.
Beləliklə, mən Bakıya qayıtmaq qərarı verdim. Moskvadan isə məni buraxmaq istəmədilər. Onda Fuad Musayev dedi ki, vəziyyət yaxşı deyil, biz heç nə edə bilmirik. Yeganə yolumuz SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini Heydər Əliyevə müraciət etməkdir. Bir həftə sonra məni SSRİ Daxili İşlər Nazirliyinə dəvət etdilər.
– Yəni məsələyə Heydər Əliyev də qarışdı…
– Məni DİN-ə aparanda ərizəmi geri götürməyim üçün təhdid edirdilər. SSRİ Daxili İşlər Nazirliyində mənə dedilər ki, bütün ölkəni ayağa qaldırmısan. Hətta SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev bu işlə bağlı zəng vurub. Beləliklə, Azərbaycana qayıtdım. 1983-cü ilin mayında yenidən “Neftçi”yə qoşuldum. Azarkeşlər məni yüksək səviyyədə qəbul etdilər. Stadion dolurdu, biz “Spartak”la oyunu 2-1 hesabı ilə udduq. 1984-1985-ci illədə klubumuzda vəziyyət gəginləşdi. O dövrdə baş məşqçi Rusiyadan idi. Biz fikirləşdik ki, bundan sonra “Neftçi”yə yerli məşqçi rəhbərlik etməlidir. Mən rəhbərliklə görüşdüm, Ruslan Abdullayevi baş məşqçi olaraq təklif etdim. 1986-cı ildə Ruslan Abdullayev baş məşqçi təyin olundu. Biz yeni mövsümə uğurla başladıq. Birinci dövrəni 2-3-cü yerdə başa vurduq. Mən o zaman 30 yaşa çatmışdım. Bizim birinci dövrəni uğurla başa vurmağımızla əlaqədar baş məşqçini və məni Azərbaycan SSR-in baş naziri yanına dəvət etdi. O bizdən birinci dövrədəki uğurun davamını gözlədiyini bildirdi: “Çempionarda 3-cü yeri tutmalısınız, 1966-cı ilin uğurunu (o ildə “Neftçi” bürünc medal qazanmışdı-red.) təkrar etmək imkanınız var, biz tərəfdən sizə istədiyiniz şərait yaradılacaq. Sizə uğurlar arzulayıram”.
Biz oradan çıxanda baş nazir məni qapıda saxlayıb dedi ki, “sən də hazırlaş, biz qərara gəlmişik ki, 1-2 ilə “Neftçi”nin baş məşqçisi olmalısan”. Onda bu sözləri Ruslan Abdullayev də eşitdi. Bundan sonra onun mənə münasibəti dəyişdi. Aramızda intriqa yarandı.
– Ruslan Abdullayev sizin onun yerinə baş məşqçi olmağınızı istəmirdi?
– O, yaxşı məşqçi olsa da, özünü hörmətdən saldı. Maşında mənə dedi ki, sən bilirsənmi məşqçi işləmək necə çətindir? Mən bildirdim ki, indi məşqçi olmaq yox, oynamaq istəyirəm. O zaman həm də hüquq təhsili alırdım, gələcəkdə prokurorluq orqanlarında çalışmaq arzum vardı. Mən komandanın kapitanı idim, oyunçuları nəzarətdə saxlayırdım. O hadisədən sonra görürdüm ki, oyunlarda bəziləri mənə cavab qaytarmağa, intriqa yaratmağa çalışır. Bütün bunların başlanğıcını da Ruslan Abdullayev qoymuşdu. Onunla aramızda intriqa böyüdü. Bəli, o, mənim baş məşqçi olmağımı istəmirdi.
Sonra vəziyyət elə gətirdi ki, Ruslan Abdullayevi SSRİ-nin Milli Olimpiya Komandasına ikinci məşqçi kimi dəvət etdilər. Aramızda soyuqluq yaransa da, ondan xahiş etdim ki, Bakıdan getməsin. Dedim ki, hazırda “Neftçi”nin vəziyyəti yaxşıdır, bizim tarixə düşmək şansımız var, o isə getməkdə israr etdi. O gedəndən sonra isə vəziyyət dəyişdi. Məşq prosesimiz pozuldu, bəzi oyunlarda uduzmağa başladıq. Nəticədə də SSRİ çempionatında 3-cü yeri tutmaq fürsəti əldən çıxdı…
Sonra da SSRİ dağıldı, müstəqil dövlətlər yarandı, hər ölkə öz çempionatını keçirməyə başladı.
– Bəs müstəqillik əldə ediləndən sonra siz “Neftçi”nin baş məşqçisi olmaq istədiniz?
-Mən istəyirdim, klub rəhbərlərindən təklif gözləyirdim. Amma təklif gəlmədi. Müstəqillik əldə olunandan sonra bir çox komandalar yarandı. Amma heç birindən demədilər ki, gəl, komandamızın baş məşqçisi ol. Mən də heç kimə baş əyməmişəm, gedib xahiş etmədim ki, məni baş məşqçi qoyun.
– Siz əvvəllər AFFA-da İcraiyyə Komitəsinin üzvü olmusunuz. Niyə futbolumuzun inkişafına təkan verə bilməmisiniz?
– Bəli, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) yaradılandan sonra mən, Kazbek Tuayev və Ələkbər Məmmədov keçmiş futbolçular kimi İcraiyyə Komitəsinə üzv seçildik.
O zaman Ramiz Mirzəyev AFFA-nın ikinci prezidenti seçilmişdi. Hər üçümüz rəhbər kimi ona hörmətlə yanaşırdıq. Amma o, bizi AFFA-nın iclaslarına dəvət etmir, eşitmək istəmirdi.
2004-cü ildə əsas milli komandaya baş məşqçi məsələsinin müzakirəsi gedirdi. Sual verdim ki, Ramiz müəllim, baş məşqçi kim olacaq?! Dedi ki, bu sənə lazımdır? Cavab verdim ki, İcraiyyə Komitəsinin üzvü olaraq soruşmaq haqqım var. Yalnız ondan sonra dedi ki, Gürcüstanın tanınmış futbolçusu Aleksandr Çivadzenin tövsiyəsilə Braziliyadan Karlos Alberto Torresi baş məşqçi postuna gətirəcək.
Dedim ki, İcraiyyə Komitəsində 3 tanınmış futbolçu olduğu halda, niyə bizim də fikrimizi öyrənmədiniz? Əlavə etdim ki, bizdə şərait pisdir, uşaq futbolu, gənc futbolu yoxdur, stadionlar çatışmır, Torres burada nə edəcək?! Ramiz Mirzəyev cavab verdi ki, “pul buraxacağam, hər şey düzələcək”, dedi ki, bu işi hamıdan yaxşı bilir.
O zaman uşaq futbolunun inkişafı, yeni stadionların tikilməsi, futbol məktəblərinin yaradılması ilə bağlı təkliflər vermişdik. Amma AFFA prezidenti bizə qulaq asmadı.
Karlos Alberto Torresi gətirdi, milli komandamız isə oyunlara uduza-uduza davam etdi. Daha sonra Torresin milli komandadan uzaqlaşdırılması ilə bağlı iclas keçirildi. Hələ o zaman bilirdim ki, əcnəbi məşqçi ilə uğur qazana bilməyəcəyik.
Sonra AFFA rəhbərliyinə Rövnəq Abdullayev seçildi. O gələndə dedim ki, yanındakı vitse-prezidentlərdən biri mütləq keçmiş futbolçu olmaldır. Amma bu da olmadı. Onun ətrafına yığıdığı adamlar futbolu bilən adamlar deyildilər. Onlar başladılar xarici futbolçuları Azərbaycana dəvət edib vətəndaşlıq verməyə. Mən iclaslarda deyirdim ki, düz yolda deyilik, yenə Ramiz Mirzəyevin yolu ilə gedirik. Axırda da nəticə verə bilmədik. Mənim məqsədim Azərbaycanda uşaq və gənc futbolunu inkişaf etdirmək idi. AFFA-da bütün rəhbərlərə bunu demişəm. Biz infrastruktur yaratmalı idik ki, nəticə verək. Buna lazımi səviyyədə qiymət verə bilmədik. Regional futbolu inkişaf etdirə bilmədik. Mən Rövnəq Abdullayevə həmişə hörmətlə yanaşmışam, onunla görüşmək istəmişəm. İstəyirdim ki, məni qəbul edib dinləsin. Amma bilmədim ki, nə üçün məni qəbul etmədi.
– Azərbaycanda uşaq futbolunun səviyyəsi həmişə tənqid edilir. Sizin fikirləriniz də maraqlıdır…
– Bu gün regionlara gedib baxıram, uşaqların məşq etməyə yeri, idman formaları, topları yoxdur. O vaxt AFFA-dan gedib köynək paylayır, top verib şəkil çəkdirirdilər, bununla da iş bitirdi. Azərbaycan futbolu uşaq və gənc futbolundan başlayır. Onları inkişaf etdirmək lazımdır, onları qaldırmasaq, böyük problemlərimiz olacaq. Bütün regionlarda uşaq futbolu inkişaf etməlidir. Ondan sonra Azərbaycan futbolunun inkişafı barədə danışmaq olar. Ölkədə klubların sayını artırmaq, yeni stadionlar təşkil etmək lazımdır. Birinci və ikinci divizionda da komandalara yaxşı şərait yaradılmalıdır. Regionlarda stadion sarıdan vəziyyət yaxşı deyil.
– Milli komandanın hazırkı baş məşqçisi, portuqaliyalı mütəxəssis Fernandu Santuş haqda nə düşünürsünüz?
– Milliyə məşqçiləri ancaq xaricdən gətirirlər, gətirəndə də sonrasını heç düşünmürlər. Axı məşqçi ilə yanaşı, futbolçular da yaxşı olmalıdır. İndiki millinin baş məşqçisi futbolda tanınmış şəxsdir. Amma onun əlinin altında güclü futbolçular olmalıdır ki, nəticə versin. Yaxud bizim xaricdə oynayan futbolçularımız olmalıdır ki, milli komandaya dəstək versinlər. Bizim bugünkü futbolçularımız xarici məşqçiyə uyğunlaşa bilmirlər. Ona görə də nəticə verə bilmirlər. Mən məşqçiləri yox, onları gətirənləri qınayıram. Artıq 7-8 xarici məşqçimiz olub, heç biri də nəticə verməyib. Ona görə də milli komandada yerli məşqçinin işləməsi məsləhətdir. Xarici məşqçilərə külli miqdarda pul verilir, həmin vəsiati uşaq futbolununun inkişafına yönəldə, regionlarda neçə stadion qura bilərdik.
– Bu gün futbol klublarımız arasında hansıları perspektivli hesab edirsiniz?
– Yeganə perspektivli komanda “Qarabağ”dır. AvroLiqada bizi layiqincə təmsil edə bildi, amma onlar da artıq problem yaşayır. Keçən il bunu gördük. Qalan klublar isə Avropada maksimum 1-2 oyun oynaya bilərlər. Bizdə tərpəniş yoxdur. Təkliflərimiz odur ki, stadionlar yaradılmalı, gənc və uşaq futbolu inkişaf etdirilməlidir. Bu gün Azərbaycana gələn legionerlər niyə o pulu öz ölkələrində almırlar?! Çünki onlara öz ölkələrində yer yoxdur, amma biz onları can-başla qəbul edirik. Biz Avropa klubları ilə bacara bilmərik. 5 milyon, 10 milyon, 50 milyon, 100 milyon avro qiyməti olan oyunçularla baş edəcək səviyyədə deyilik. Biz indi hər şeyi açıq şəkildə etiraf etməliyik ki, potensialımız bundan ibarətdir.
– Sizcə yerli məşqçilərdən kimlər nümunə göstərilə bilər?
– Qurban Qurbanovu, Rəşad Sadıqovu, Elmar Baxşıyevi misal göstərə bilərik. Qurban Qurbanov işini düzgün qurub.
– İsgəndər müəllim, hazırda Azərbaycanda perspektivli futbolçular görürsünüzmü?
– Azərbaycanda yaxşı futbolçu yoxdur. Hücumçuların hamısı əcnəbilərdir, yerli oyunçular ancaq müdafiəçilərdi. Qarabağda 1-2 oyunçu tərpənir, ondan başqa heç kim yoxdur. Bizim vaxtımızda elita var idi. Anatoli Banişevski, Əli Rəhmanov, Ələkbər Məmmədov güclü oyunçular idi. Onların yanında oynamaq o vaxt qürurlu idi. Onlar da baxırdılar ki, kimi oyuna buraxmaq olar, kimi olmaz. Mən Banişevskinin yanında oynayanda özümü göstərməyə imkan verirdi. O vaxtlar məni tanıyan yox idi, hamı Banişevskini tanıyırdı deyə rəqiblər ancaq onu “tutmağa” çalışırdı. Mən də əlimdən gələni edirdim, sonralar məni də tanımağa başladılar. Bu səfər də mən digər oyunçulara – Nazim Süleymanova, Yunis Hüseynova kömək edirdim. İndi belə şey yoxdur. Əcnəbi gəlir, nə özü oynayır, nə də bizimkilər. Əcnəbi oyunçunun yanında mütləq bir yerli oyunçu olmalıdır ki, öyrənsin. Qapıçılarımız çoxdur, amma digər oyunçularımız yoxa bərabərdir.
– Niyə İsgəndər Cavadov öznün futbol məktəbini yaratmır?
– Mən belə bir məktəb yaratmışam. Məktəbi yeni yaradanda iş adamlarından biri 7 ay təmənnasız maliyyə köməyi etdi, bir ayın içərisində 200 uşaq yığdım. Mən bilirdim ki, məktəbi, uşaqları saxlamaq lazımdır. İndi həmin uşaqlar çempionatda da iştirak edirlər. Təəssüf ki, həmin adam qəflətən rəhmətə getdi. Ondan sonra vəziyyətimiz çətinləşdi, mən məktəbi saxlaya bilmək üçün AFFA rəhbərliyinə müraciət etdim, dedilər ki, “bu məktəb sənə lazımdır?!” Bu sözü eşidəndən sonra heç nə demədən oradan ayrıldım.
İndi məktəbi ayaqda saxlaya bilmək üçün minimum ödəniş alırıq. Bir neçə ay əvvəl valideynlər mənimlə görüşə gəlmişdilər. Dedilər ki, sən olmasaydın, uşaqlarımız narkotik istifadəçisinə çevrilə, avara yolalra düşə bilərdilər. Bu günə qədər məktəbi bir təhər saxlayıram, sonrasının necə olacağını bilmirəm.
– Bəlkə keçmiş futbolçular yığışıb AFFA-nın yeni rəhbərliyi ilə görüş keçirəsiniz, təkliflər verəsiniz…
– Mən təbii ki, futbolumuzun inkişafını arzulayıram. Qonşu ölkələr irəli getsə də, biz yerimizdə sayırıq. Ramiz Mirzəyevin, Rövnəq Abdullayevin AFFA-dakı rəhbərliyi dövründə futbolumuzda inkişaf baş vermədi. Bir neçə əcnəbi məşqçi gətirilsə də, heç nəyi dəyişdirə bilmədilər. Bu gün AFFA-ya Rövşən Nəcəf rəhbərlik edir, mən ona uğurlar arzu edirəm. Amma təəssüf ki, AFFA-nın hazırkı İcraiyyə Komitəsinin üzvlərinin çoxu futbol adamı deyillər. İnsan bu yolu keçməlidir ki, doğru qərarlar verə bilsin.
Bunu da bilməlidirlər ki, gələn əcnəbilər heç vaxt yaxşı nəticə verə bilməyəcək. Çünki yerli futbol inkişaf etməyib.
– Azərbaycan gəncinin futbol marağını başa düşdük, bəs bacarığı nə qədərdir?
– Bizdə futbol bacarığı var, amma düzgün yol yoxdur. Yaxşı mütəxəssislər olmalıdır ki, oyunçular da yetişsin. Eyni zamanda oyunçuların maliyyə vəziyyəti də yaxşı olmalıdır. Bu gün uşaq futbolunda məşqçilərə 300-400 manat maaş verilir. Məşqçilərin maaşları yaxşı olmalıdır. 30 ildir müstəqillik əldə etmişik, neçə yaş qrupu üzrə komandalarımız var. Bir oyunçu yetişdirə bilmirik, günah kimdədir? Klubların rəhbərləri bu işə nəzarət etməlidir. Futbolçu ortalama 8 ilə yetişir. Bu illərdə görün neçə futbolçu yetişdirə bilərdik. Biz yaş qrupları üzrə hər yerdə uduzuruq, çünki yaxşı futbolçumuz yoxdur. Qonşularımıza baxın, Gürcüstandan 200 nəfərə yaxın futbolçu xaricdə oynayır, Ermənistandan da 100 nəfərə yaxın. Onlar daha çox Rusiyada oynayıb Avropaya keçirlər. Bizimkilər heç Rusiyaya da gedə bilmirlər. Bizim oyunçular maksimum Türkiyənin 1-2-ci divizionunda oynaya bilərlər. O da yoxdur. Yenə də hər şey də sonda AFFA-ya gəlib çıxır. Mən demirəm AFFA-da hamısı futbolçu olmalıdır, amma ən az 6-7 nəfər olmalıdır. Kənar adamlar isə maliyyə dəstəyi verənlər olmalıdır.
– AFFA-nın Premyer Liqadakı legioner limitinin ləğv edilməsi ilə bağlı qərarını necə dəyərləndirirsiniz?
– Çox pis. Mən istəyərdim ki, Premyer Liqada 12 yox, 16 komanda çıxış etsin. İndiki zamanda 12 komanda da yaxşıdır, amma gələcəkdə artırmalıyıq. Bunun üçün də şərait yaradılmalıdır. Uşaqlar özünü göstərmək üçün oynamalıdır. Xaricdən gələn futbolçular özlərini göstərib buradan Avropaya gedirlər. Onlar öz ölkələrində bacara bilmirlər, gəlib burada oynayırlar. Premyer Liqaya gələn əcnəbilərin əksəriyyətinin səviyyəsi aşağıdır. Bu o deməkdir ki, öz ölkələrinə lazım deyillər.
Bu gedişlə yenə futbolçu yetişdirə bilməyəcəyik. Bu qərar tez verildi. Əcnəbi futbolçularla bağlı limiti niyə ləğv etdilər? Biz öz futbolumuzu qaldırmaq üçün yerli oyunçu yetişdirməliyik. Amma bu gedişlə çətin olacaq.
– “Neftçi” azarkeşləri bir vaxtlar Azərbaycanda ən aktiv futbol azarkeşləri idi. Amma indi əvvəlki kimi deyillər. Sizcə azarkeşlik ölüb, yoxsa “Neftçi” onları konsolidasiya edə bilmir?
– “Neftçi”nin bu gün də adı, hörməti var. “Neftçi” Azərbaycan futbolunda tarixdir. Komandanın indiki rəhbərliyi gələndən sonra maraq azalıb. Oraya gələn adamlar futbol sahəsinin mütəxəssisi deyil və düzgün seçim edə bilmirlər. Komandanın bugünkü vəziyyətində günahı rəhbərlikdə görürəm. Düzdür, bizim vaxtımızda da problemlər var idi, amma yaxşı futbolçularımız çox idi.
– “Neftçi” ilə əlaqəniz varmı?
– Xeyr. Neçə dəfə zəng etmişəm, telefona cavab vermirlər. Mən istəyirəm ki, öz təkliflərimi, məsləhətlərimi verim. Mən hazırda AFFA-nın tərkibindəki Regional Futbol Federasiyasının rəhbəriyəm, “Şöhrət” ordenli futbolçuyam. Bir dəfə mənə təklif etsinlər ki, gəl burada işlə. 2 il vaxt versinlər, “Neftçi”ni ölkə lideri edim. Mən vaxtilə “Neftçi”də tarix yazmışam, 8 il kapitanı olmuşam. Bu gün narahatam ki, “Neftçi” belə vəziyyətdədir. Orada nə baş verdiyini bilmirəm, dəvət etsələr, komandanı bu vəziyyətdən çıxara bilərəm. Sözümün arxasındayam. “Neftçi” Azərbaycanın ən yaxşı komandasıdır. “Neftçi” bu şəraitlə “Kəpəz”i, digər zəif komandaları uda bilmirsə, biabırçılıqdır.
– “Qarabağ”ın bugünkü vəziyyəti barədə nə düşünürsünüz?
– “Qarabağ” Azərbaycan komandalarının ən güclüsüdür. Amma onların da oyununa artıq azarkeş gəlmir, bu düzgün deyil. Əgər “Qarabağ” AvroLiqada çıxış edəndə stadiona 30 min azarkeş gəlirsə, milli çempionatın oyunlarına niyə baxmağa maraq göstərmirlər? Biz o vaxt yaxşı oynayanda 35-40 min, zəif oynayanda 20-25 min nəfər azarkeş gəlirdi. Komandanı sevənlər onu həmişə dəstəkləməlidirlər.
– Azərbaycanda azarkeş yoxdur?
– Azdır, səbəbi isə yaxşı futbolçularımızın olmamasıdır. Xaricdə stadiona kimə görə gedirlər?! Messi, Ronaldo və digər tanınan simalar var. Onlar olmasa, xaricdə də eyni vəziyyət yaranacaq. Bizdən əvvəlki zamanlarda Anatoli Banişevskiyə, Kazbek Tuayevə görə futbola baxmağa gəlirdilər. Biz də oynayanda Maşallah Əhmədova, İqor Ponomaryova, mənə görə gəlirdilər. Bu gün “Neftçi”də də, “Qarabağ”da da belə olmalıdır. Bəzən elə bilirlər özümdən razı olduğum üçün belə danışıram, amma mən futbolun inkişaf etməsini istəyirəm. Cənab Prezident hər şeyi edir, maliyyə ayırır. Amma bu sahəni düzgün idarə etmək lazımdır. İdmanda idmançılar olmalıdır, onların da arxasında biznesmenlər dayanıb pul buraxmalıdırlar. Bizdə isə futbolun başındakıların hamısı dövlət vəzifəsi tutan adamlardır, ona görə də idmana vaxt ayıra bilmirlər. Baxmaqla olmaz, idmançılarla oturmalısan, yaşamalısan. İdmançı idmançı ilə dil tapır, dövlət adamı bunu bacarmır.
– “Şöhrət” ordeni ilə təltif edilməyiniz necə baş verdi?
– 2006-cı ildə dövlət başçımız məni futboldakı faəliyyətimə görə “Şöhrət” ordeni ilə təltif etdi. Mənə göstərilən etimada görə cənab Prezidentə minnətdarlığımı bildirirəm.
– Sizin üçün ən yadda qalan oyununuz hansı olub?
– Anatoli Banişevski ilə ilk oyuna çıxdığım bu gün də yadımdadır. Ona 100-cü qolun topunu mən ötürmüşdüm. Tbilisi “Dinamo”su, “Ararat”la maraqlı, yadda qalan oyunlarımız olub. Bir də “Spartak”la olan oyun yadımdadır. Həmin oyundan bir həftə əvvəl Ulu öndər bizi yığmışdı. Dedi ki, “Brejnev zəng vurub, deyir ki, sizi udacağıq. Mən də dedim ki, ona baxarıq”. Sona məni göstərib dedi ki, “səndən də çox şey asılıdır”. Mən dedim ki, “əlimdən gələni edəcəyəm”. Ulu öndər dedi ki, “bu oyunu udmalıyıq”.
Həmin oyun 4-3 hesablı qalibiyyətimizlə bitdi, Heydər Əliyev “Neftçi”nin baş məşqçisi Əhməd Ələsgərova zəng vurub təbrik etmişdi.
– Ailənizdə yolunuzu davam etdirən varmı?
– İstəyərdim olsun, amma olmadı.
– Siz futbolu tərk edəndən sonra bir müddət Respublika Prokurorluğunda müxtəlif vəzifələrdə işləmisiniz. Futbol və hüquq – maraqlı əlaqədir…
– Mən hüquq sahəsinə getmək istəmirdim, amma klublardan dəvət olmadı deyə həmin sahəyə yönəldim. O dövrdə bu sahəyə simpatiya var idi, idmançıların çoxu DİN sosteminə işə də gedirdilər.
Mən 25 il prokurorluqda faəliyyət göstərdim, fəxri işçi kimi də faəliyyətimi başa vurdum. Sonra düşündüm ki, futbol sahəsində hələ nəsə edə bilərəm, amma mənə bu şans yaradılmadı.
Rəşid Qarayev