Lənkəran rayonunun Separadi kəndində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. Qətli törədən şəxs mərhum tərəfindən uzun müddətdir təzyiqlərə məruz qaldığını, təhqir edildiyini bildirib.
Musavat.com xəbər verir ki, 41 yaşlı Bəhruz Məmmədov 49 yaşlı Zülfüqar Cəfərovu bıçaqla qətlə yetirib. Həmkəndlilər arasındakı mübahisənin təfərrüatı istintaq zamanı müəyyən edilib.
Məlum olub ki, kənddə mağaza işlədən B.Məmmədovun mərhum Z.Cəfərovla aralarında uzun müddət ədavət olub. Səbəb isə Cəfərovun Məmmədovdan pul, ərzaq, daha sonra isə torpaq sahəsi tələb etməsi imiş. Son olaraq isə Cəfərov Məmmədovun ailə üzvlərini də təhqir edib.
İstintaqla müəyyən edilib ki, mərhum Zülfüqar Cəfərov dəfələrlə Bəhruz Məmmədovun mağazasından ayrı-ayrı rəsmi qurumlara şikayətlər edib. Mağazada satılan qida məhsullarının keyfiyyətli olmadığından narazılıq edirmiş.
“Dedim ki, “dedovşina” qurtardı”
Aralarında bir neçə dəfə mübahisə olsa da tərəflər sonradan bir müddətlik razılığa gəliblər. Razılığa əsasən Məmmədov mütəmadi olaraq Zülfüqara pul və ərzaq verməyə başlayıb. Amma Zülfüqarın torpaqla bağlı iddiası münasibətləri korlayıb və nəticədə qətl hadisəsi baş verib. Zülfüqar Bəhruzdan qardaşı oğluna məxsus torpaq sahəsinin ona verilməsini istəyib. Bəhruz isə bununla razılaşmayıb və Zülfüqara ərzaq, pul verməyi də dayandırıb. Bundan sonra Zülfüqar Bəhruzu kənd sakinlərinin və qohumlarının yanında dəfələrlə təhqir edərək alçaldıb.
B.Məmmədov ifadəsində deyib ki, mərhumun digər qardaşları da ona qarşı qərəzli olublar, onu sıxışdırıblar:
“Zülfüqar dəfələrlə məndən şikayət etmişdi. Ona ərzaq və pul verirdim. Zülfüqar qardaşım oğlu Valehə məxsus torpaq sahəsini onun adına keçirməyimi istədi. Valehi on ildir görmürdüm. Dedim ki, heç nə edə bilmərəm. İki-üç gün sonra Zülfüqar yenə şikayət etməyə başladı. Ona pul və ərzaq verməyi kəsdim. “Dedovşina” qurtardı dedim. Məni dəfələrlə təhqir edib, bezdirirdi. Sonuncu dəfə də ona dedim ki, mənimlə işin olmasın, sənə qurban olum. Amma yenə məni təhqir etdi. Ağlaya-ağlaya getdim. Dedim ki, bu məsələnin axırı pis olacaq”.
Bu hadisədən sonra Bəhruz Zülfüqarın qardaşına və ortaq tanışlarına məlumat verib. Zülfüqarın bu düşmənçiliyə son qoymasına kömək etməsini istəyib.
“Adamın malını apararlar, pulunu alarlar, amma adamın ana-bacısını söyməzlər”
B.Məmmədov: “Zülfüqargilin əlindən bezmişdim. Kənddə yaşaya bilmirdim. Məni bədbəxt etdilər. Heç kim belə bir hadisənin olacağına inanmırdı. Hadisə oldu və indi hamı peşmandır. İki il onlara yalvardım ki, kömək etsinlər. Başqa yolum qalmadı. Zülfüqara bir bıçaq zərbəsi vurdum. Adamın malını apararlar, pulunu alarlar, amma adamın ana-bacısını söyməzlər. Polisə özüm təslim olmuşam. Əməlimdən peşmanam, amma edəcəyim bir şey yoxdur. Göydə Allah, yerdə məhkəmədən kömək istəyirəm”.
Mərhumun oğlu bu işdə hüquqi varis kimi tanınıb. İfadəsində bildirib ki, atası ilə birlikdə Bəhruzun mağazasından Qida Təhlükəsizliyi Agentliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə və Vergi Xidmətinə şikayətlər ediblər. Buna səbəb isə Bəhruzun onlara xarab mal satması olub. Amma o, atasının Bəhruz tərəfindən hansı səbəbə görə öldürüldüyünü bilmir. Hüquqi varis atasını qətlə yetirən şəxsə ağır cəza verilməsini istəyib.
Bəhruz Məmmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilib.