Təsəvvür edin, sentyabrın 1-də ilk dərs günü geyinib-gecinib, əllərindəki gül dəstələri ilə ilk dəfə məktəbə gedən uşaqlar dünya tarixində belə az-az rast gəlinən terror aktının episentrinə düşüblər.
Bu terror aktını çeçen səhra komandiri Ruslan Xuçbarovun başçılıq etdiyi 32 nəfərlik silahlı qrup 1 saylı məktəbdə törədib. Onlar federal qüvvələrin Çeçenistandan çıxarılması və bölgəyə müstəqillik verilməsi tələbi ilə əksəriyyəti şagird olmaqla 1388 nəfəri girov götürüblər.
Terrrçular çarəsiz insanları, qorxudan bağrı çatlayan uşaqları üç gün boyunca ac-susuz saxlayıblar. Bu məşəqqət sentyabrın 3-də, xüsusi təyinatlılar məktəbə basqın edəndə bitib – 334 girov üçün ölümlə, yerdə qalanlar üçün isə ömür boyu kabusları olacaq travma ilə.
Silahlılar 1 saylı məktəbə “QAZ-66” markalı brezentli yük avtomobili və “VAZ-2107” markalı minik avtomobilində gəliblər. Həmin vaxt məktəbin həyətində “Bilik günü” münasibətilə təntənəli yığıncaq keçirilirmiş. Onlar havaya atəş açaraq uşaqları, müəllimləri, valideynləri və onların qohumlarını məktəb binasının içinə qovublar. Məktəbi mühasirəyə alan terrorçular şagirdləri qaçmaq imkanından məhrum ediblər. Yalnız yuxarı sinif şagirdlərindən bəziləri aradan çıxmağı bacarıblar.
Xuçbarovun dəstəsinin ilk qurbanları iki kişi olub. Terrorçular onlar sadəcə, başqalarını qorxutmaq üçün güllələyiblər. Hadisə yerinə gələn polis işçisi də terrorçulardan birini güllələyib.
Girovlar bir neçə otağa yerləşdirilib. Onların əksəriyyəti idman zalına doldurulub, çünki geniş idman zalında girovlara nəzarət etmək daha asan idi. Terrorçular hər ehtimala qarşı hər yeri minalayıblar, basketbol səbətlərinə iki böyük partlayıcı qoyub, idman zalına naqillər çəkiblər. On dəqiqə ərzində minalama əməliyyatı başa çatıb.
2002-ci ildə Dubrovkada girov götürülmə təcrübəsini nəzərə alan yaraqlılar təhlükəsizlik qüvvələrinin hücumu zamanı formulası hələ də təsnif edilməyən qazdan istifadə oluna biləcəyini ehtimal edərək, dərhal məktəbin bütün şüşələrini sındırıblar, sonra isə kişi girovları barrikadalar qurmağa və atəş nöqtələri yaratmağa məcbur ediblər.
Girovlara yalnız rusca danışmağa icazə verilib. Girovlardan biri övladlarını osetin dilində sakitləşdirməyə çalışanda terrorçular heç düşünmədən onu güllələyiblər.
Saat 10:30-da Şimali Osetiya-Alaniya Respublikasının rəhbəri Aleksandr Dzasoxov və Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) respublika idarəsinin rəhbəri Valeri Andreyev terrorçularla danışığa başlayıb. O zaman Soçidə olan Rusiya prezidenti Vladimir Putinə məlumat verilib. O, səfərini yarımçıq qoyub və təhlükəsizlik qüvvələrinin rəhbərləri ilə təcili görüş keçirmək üçün Moskvaya uçub.
FTX direktoru Nikolay Patruşev Beslana “Alfa” və “Vımpel” qruplarının xüsusi təyinatlılarını göndərib. Əsir götürülmüş məktəbin ətrafındakı çoxmərtəbəli binalarda snayperlər üçün mövqelər yaradılıb.
Aleksandr Dzasoxov Avropada yaşayan çeçen liderlərdən Əhməd Zakayevlə və Çeçenistan müqavimətinin lideri Aslan Məshədovla əlaqə yaratmağa çalışıb.
Zakayev Məshədovun vəziyyətə müdaxilə edəcəyi ilə bağlı vəd versə də, bu baş tutmayıb. Görünür, özünü müstəqil səhra komandirlərindən biri sayan Xuçbarov böyüklərini dinləməyib.
Terrorçular federal qoşunların Çeçenistandan çıxarılmasını və iyunun 22-də Nazrana hücum edən yaraqlıların azad olunmasını tələb ediblər. Onların şəxsən görüşüb söhbət etdiyi yeganə şəxs İnquşetiyanın keçmiş rəhbəri Ruslan Auşev olub.
Ruslan Auşevlə danışıqlardan sonra terrorçular südəmər körpələri olan 26 qadını azad etməyə razılaşıblar. Həmin günlərdə Şimali Osetiyada hava isti olub, girovlar susuzluqdan çox əziyyət çəkiblər. Yaraqlılar danışıq aparanların uşaq və qadınlara su, yemək və dərman vermək xahişini rədd ediblər. Ac uşaqlar sentyabrın 1-də məktəbə gətirdikləri güllərin ləçəklərini yeməli olublar. Yaraqlılardan biri uşaqların əzab-əziyyətinə dözməyib tualetin kranından onlara su tökəndə Xuçbarov bütün kranların sındırılmasını əmr edib.
Sentyabrın 3-də saat 11:00 radələrində terrorçular məktəbdə iki gün əvvəl güllələnmiş 20 kişinin meyitini təhvil verməyə razılaşıblar. Cəsədləri götürməyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlməli imiş. Xilasedicilər bir neçə cəsədi maşna yükləyiblər və qəfildən bir neçə saniyəlik fasilə ilə çox güclü partlayış səsləri eşidilib. Çeçenlər dərhal xilasedicilərə atəş açıblar. Dmitri Kormilin yerindəcə, Valeri Zamarayev isə qan itkisindən sonra ölüb.
Şoka düşən girovların nə baş verdiyini anlamağa belə vaxtları olmayıb – onlar dərhal məktəbin pəncərələrindən tullanmağa başlayıblar, silahlılar isə avtomatlar və qumbaraatanlardan onlara atəş açıblar. Bir neçə dəqiqə ərzində 29 nəfər ölüb. Bu vaxt xüsusi təyinatlılar da əməliyyata başlayıblar və sözün əsl mənasında qırğın gedib.
Məktəbin həyətində “Vımpel”in polkovnik-leytenantı Dmitri Razumovski snayper gülləsinə tuş gəlib. Uşaqların çox olduğu yeməkxanada gedən döyüş zamanı digər “Vımpel” zabiti Andrey Turkin həlak olub. Hücum zamanı terrorçuların 30-u güllələnib, ikisi isə qaçmağa çalışarkən məktəbin yaxınlığındakı polislər tərəfindən tutulub.
Terrorçular tam zərərsizləşdirilsə də, xüsusi təyinatlıların əməliyyatını uğurlu saymaq olmaz. 334 mülki şəxsin, o cümlədən 186 uşağın bir xeylisinin qanı məhz onların vicdanındadır. Həmin şəxslər terrorçularla xüsusi təyinatlıların atışması zamanı arada qalaraq həlak olublar.
Xuçbarovun avantürizminin nəticəsi öz xalqı üçün daha ağır olub. Bu hadisədən sonra Putinin əmri ilə Çeçenistan üzərinə total hücum başlayıb və on minlərlə günahsız adam bombardmanlar, mənhkəməsiz güllələnmələr və qarnozonlardakı amansız işgəncələr nəticəsində həlak olub.
Terrorçuların ağlı Putinin sələfi Boris Yeltsinə getmişdi. Yeltsin bir neçə dəfə çeçen silahlıların (Şamil Basayev və Salman Raduyev) bənzər hərəkətlərinə dözümlü yanaşmış, tələblərini yerinə yetirmiş, dinc insanların həlak olmasının qarşısını almışdı. Putin isə terrorçulara hər hansı bir güzəşti istisna etdi. Nəhayət, hamı anladı ki, dinc insanları girov götürərək hökuməti nəyəsə məcbur etmək mümkün deyil. Nəticədə heç bir günahı olmayan mülki şəxslər və terrorçuların özləri həlak olur, hökumət və xüsusi təyinatlılar isə salamat qalır, daha da amansız olurlar.
Çeçen müqavimətçilərin son nəticədə əldə etdikləri yalnız Ramzan Kadırovun Çeçenistanda hakimiyyətə tam şəkildə yiyələnməsi və dövlət içində qəddar istibdad yuvası, şəriət rejimi qurması oldu.
P.S. Dərsə gedən uşaqları və onların valideynlərini girov götürərək, güllələmək nə milli-azadlıq mücadiləsi, nə də qanunçuluğun bərpası sayıla bilməz. Birincinin adı terrorizm, ikincinin adı isə sadə insanların həyatını heçə saymaqdır. Girovların içində generalların övladları, nəvələri olsaydı, bu əməliyyata dair əmr verməzdilər.
Araz Altaylı, Musavat.com