image-2000x150
image-1backend

Ac piraniyaların şikarı – Rus “patriot”lar taciklərlə yanaşı, Ağalarovları da hədəfə götürüb

image-728x90

“Krokus Siti Holl” konsert zalında törədilən dəhşətli terror aktı Rusiya siyasətçilərinin, tanınmış xadimlərin, eləcə də ictimaiyyətin içindəki şovinizmi, ksenofobiyanı tam çılpaqlığı ilə üzə çıxarıb.

Peşəkar mediada, müxtəlif sosial şəbəkələrdə, informasiya kanallarında yayılan videolar, yazılar, qeydlər göstərir ki, artıq xalqın böyük bir hissəsi başlarına gələn bu və digər faciələrə görə “gəlmə”ləri, “yadelli”ləri baiskar tuturlar.

Terror aktını törədən şəxslərin tacik millətindən olması şovinistlərin əlinə tutarlı bəhanə verib: ölkədə nə qədər tacik yaşayırsa, hamısı şübhə altına düşüb. Əgər “Krokus”da insanları güllə yağışına tutan, “molotov kokteyli” ilə yandıran rus millətindən olan terrorçular olsaydı, o zaman ajiotaj bu şiddətdə olmayacaqdı.

Milyonlar xərcləyib möhtəşəm konsert zalı tikdirən və martın 22-də obyekti terrora məruz qalan, böyük maddi ziyan çəkən azərbaycanlı biznesmen Araz Ağalarovun üzərinə təşkil edilən mətbu hücumun da altında məhz ksenofobiya elementi dayanır. “Krokus siti” Şoxinə, Potaninə məxsus olsaydı, onların üzərinə bu qədər hücum olmayacaqdı.

Hazırda bəzi tanınmış adamların, eləcə də hüquq-mühafizə orqanlarının ayrı-ayrı məsul şəxslərinin terrorçuları, terrorun sifarişçilərini kənara qoyaraq, “Krokus”un mühafizə xidmətinin, təhlükəsizlik sisteminin üzərinə fokuslanmaları, haqq-nahaq Ağalarovları günahkar çıxarmağa çalışmaları göstərir ki, onların önündə yeni bir parçalanası şikar var.

Əslində elə terror aktının ertəsi günü bunun belə olacağı gözlənilirdi. Hələ terakt qurbanı olanların sayının 100 civarında olduğu, dağıntılar altında xeyli adamın qaldığı bir vaxtda, Rudkovskaya adlı biri çıxıb “konsert zalının mühafizə xidmətinin yarıtmazlığı”ndan danışmağa başlamışdı.

Halbuki terror hücumu zamanı ilk həlak olanlar məhz mühafizə xidmətinin, demək olar ki, əliyalın, dəyənək və elktroşokerdən başqa silahı olmayan əməkdaşları olmuşdu. İttihamçılar elə qələmə verirdilər ki, sanki bu şəxslər 4 “Kalaşnikov”lu terrorçunu yalın əllə zərərsizləşdirməli imişlər, amma işlərinin öhdəsindən gələ bilməyiblər. Onlar belə “qəhrəmanlar”ı filmlərdə çox görüblər, elə bilirlər, həyatda da elə şeylər ola, bir əliyalın “igid” qana susamış terrorçu qrupu məhv edə bilər.

Sonra ona Borodin və Poplavskaya kimilər də mühafizə xidmətinin əməkdaşlarının nədən qapı ağzında çox və silahlı olmamasından danışmağa başladılar. Elə çıxır ki, mühafizəçilər konsert zalının girişində səngər və barrikada qurmalı imişlər.

Gerçək budur ki, belə situasiyalarda, insanların çox toplaşdığı yerlərdə, onların təhlükəsizliyini qorumaq mədəni tədbir keçirənlərin yox, dövlətin işidir. Bundan ötrü dövlətin sərəncamında təhlükəsizliyə, kəşfiyyata, çevik reaksiya qruplarına, fövqəladə hallarda dövrəyə girən qüvvələrə qədər hər cür xidmət növü var.

Əgər onlar öz işlərini vaxtında görsəydilər, daha səriştəli olsaydılar, terrorçular vaxtında ifşa olunar, zərərsizləşdirilərdilər və martın 22-də “Krokus”a dala bilməzdilər.

Budur, dünən İranın xüsusi xidmət orqanları da belə bir bəyanat yayıblar ki, hələ yanvar ayından rusiyalı həmkarlarına İŞİD-in Rusiyada terror aktına hazırlaşdığı barədə məlumat veriblər. O zaman İran təhqiqatçıları bu ölkədə terakt törədənləri yaxalayıblar və onlarla “profilaktiki söhbət” apararkən terrorçular mövzuya aid hər şeyi danışıblar, deyiblər ki, bir neçə terrorçu artıq Rusiyaya yollanıb, orada terror aktı törədəcək.

Ancaq Rusiyanın xüsusi xidmət orqanları İranın, ondan sonra isə ABŞ-ın uyğun xəbərdarlığına məhəl qoymayıb, gedib İspaniyada helikopter qaçıran pilotu zərərsizləşdiriblər, ölkədə və xaricdə müharibə əleyhinə çıxış edən tanınmış rusları “xarici agent” çıxarmaqla məşğul olublar, sosial şəbəkələrdə milyinlarla hesabı gözdən keçiriblər ki, birdən kimsə Ukraynada aparılan “xüsusi əməliyyatı” müharibə adlandırar.

Məlum terror aktından bir həftə öncə “Lenta.ru” saytında Orta Asiyada dini ekstremistlərlə mübarizəyə həsr olunmuş bir yazıda terrorçu təşkilatların Rusiyada yaşayan miqrantlara qarmaq atması barədə abzaslar vardı, göstərilirdi ki, Asiya ölkələrində dini ekstremizm total nəzarətdədir, Rusiyada isə belə qrupların fəaliyyətinə nəzarət edilmir. Rusiyanın FTX-si belə siqnalları ciddiyə alsaydı, indi bir əyləncə müəssisəsinin anti-terror fəaliyyətinin yetərsizliyindən danışmazdı.

Artıq şübhə doğurmur ki, həm terrorçu kimi taciklərin, həm də teraktla vurulacaq obyekt kimi “Krokus”un seçilməsi təsadüfən olmayıb. Burada xüsusi qəsd, məkr və hiylə var. Terror aktından sonra gedən proseslər də bunu göstərir.

Büdrəyənin daha bir badalaq vurulması, yıxılanın isə amansızcasına baltalanması hadisələri son 124 ildə Rusiyada milyon dəfə olub, ona görə də təəccüblü deyil. Kəmfürsət və paxıl adamlar yırtıcı piraniya balıqları kimi Ağalarovları sona qədər didməyə çalışacaqlar. Onların bu dəyirmandan salamat qurtarması çox çətin olacaq.

Araz Altaylı, Musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90