ABŞ Prezidenti Cozef Baydenin Almaniyaya səfəri başlayıb.
Prezidentin təyyarəsi – “Air Force One” oktyabrın 17-də gecə saatlarında Berlin aeroportuna enib.
Cozef Bayden oktyabrın 18-də “Bellevue” sarayında Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşəcək.
Görüş zamanı ABŞ Prezidentinə Almaniyanın Böyük Xaç Ordeni təqdim ediləcək.
Federal Prezident Ofisinin açıqlamasında Baydenin “Almaniya-Amerika dostluğuna və Transatlantik ittifaqına” xidmətlərinə görə təltif olunduğu bildirilib. Birləşmiş Ştatların dövlət başçısı daha sonra Almaniyanın Federal Kansleri Olaf Şolts ilə görüşəcək.
Co Bayden Almaniya kansleri Olaf Şols ilə (arxiv)
Səfər çərçivəsində Olaf Şolts, Cozef Bayden, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Keir Starmer arasında dördtərəfli formatda görüşün keçirilməsi də planlaşdırılır. Cozef Baydenin Berlindəki görüşlərində Ukraynaya dəstək verilməsi, Yaxın Şərqdə vəziyyət və digər məsələlərin müzakirə olunması gözlənilir. ABŞ Prezidentinin səfəri oktyabrın 18-də günortadan sonra başa çatacaq.
Xatırladaq ki, bu, Cozef Baydenin dördillik prezidentliyi dövründə Berlinə ilk səfəri olacaq. O, 2022-ci ildə Bavariyadakı Elmau şəhərində keçirilən G7 Sammitində iştirak edib. Prezident, həmçinin ötən il oktyabrın 7-də HƏMAS-ın hücumundan sonra İsrail səfərindən qayıdarkən prezident təyyarəsinə yanacaq doldurulması üçün Rammşteyn şəhərindəki ABŞ hərbi bazasında olub.
Cozef Baydenin oktyabrın 10-dan 12-dək Almaniyaya planlaşdırılan səfəri “Milton” qasırğası ilə əlaqədar təxirə salınmışdı. Həmin səfər zamanı Ramşteyn bazasında Ukraynaya dəstək verən ölkələrin geniştərkibli görüşü nəzərdə tutulmuşdu.