Öcalan Suriyadakı SDG-PKK-YPG ilə İsrail arasındakı əlaqələrdən narahat olub. Məlum olur ki, o, bu barədə yanılmayıb. Çünki İsrail SDG-PKK-YPG vasitəsilə Suriya və Türkiyəni hədəfə almaq planları qurur. Suriyanı parçalamaq üçün SDG-PKK-YPG-dən alət kimi istifadə edir. O, PKK-nın tərksilah prosesini pozmaq üçün Mazlum Abdidən istifadə edir.
Ulusal .az xəbər verir ki, bu sözləri Türkiyənin nüfuzlu “Hürriyet” qəzetinin yazarı Abdulkadir Selvi “İsrailin Öcalana qarşı oyunu” sərlövhəli köşəsində yazıb.
O vurğulayıb ki, Yaxın Şərqdə oyunlar heç vaxt bitmir, amma budəfəki çox təhlükəli oyundur.
“Fevralın 27-də Öcalanın çağırışından sonra PKK mayın 12-də silahları yerə qoymaq qərarına gəlib. İyulun 11-də Bese Hozatın başçılıq etdiyi qrup silahlarını yandıraraq prosesə başlayıb. PKK silahı yerə qoymağa qərar verdi, lakin Suriyadakı SDG-PKK-YPG müqavimət göstərir. Mazlum Abdi martın 10-da ABŞ helikopteri ilə gətirildiyi Dəməşqdə razılaşmaya imza atıb. Lakin o bu müqaviləyə əməl etməyib. Çünki Mazlum Abdi bir müddətdir ki, İsraildən göstərişlər alır.
İsrail Mazlum Abdi vasitəsilə oyun qurmağa çalışır:
Fotoda: DSG Baş Komandanı Mazlum Abdi
1. Öcalanın yerinə Məzlum Abdini gətirməyə çalışır. Bununla da PKK daxilində liderlik mübarizəsinin alovunu gücləndirir.
2. PKK silahı yerə qoyduğu bir vaxtda, SDG-PKK-YPG-nin tərk-silah olaraq Suriya dövlətinə inteqrasiyasının qarşısını almağa çalışır. Çünki İsrailin Suriyanı bölmək planında SDG-PKK-YPG də var.
Amerikalılar SDG-PKK-YPG ilə əməkdaşlıq etdiklərini və onları hərbi əməliyyatla yox etmək fikrində olmadıqlarını bildirirlər. Əvəzində SDG-nin silahı yerə qoymasını və Suriya ordusuna inteqrasiyasını dəstəkləyirlər.
ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak deyib: “SDG Suriyanın bir vətən, bir ordu və bir xalq olduğunu dərhal qəbul etməlidir. Onların yalnız bir variantı var: Dəməşq hökuməti ilə əlaqə qurmaq”.
İlk dəfə olaraq Türkiyə, ABŞ və Suriya hökuməti arasında SDG-nin Suriya dövlətinə inteqrasiyası ilə bağlı konsensus var. Ankara bu ittifaqın vacib olduğunu bilir və SDG-PKK-YPG-yə qarşı hərbi əməliyyata başlayaraq bu konsensusun pozulmasını istəmir. Ona görə də strateji səbir və diplomatik təzyiq siyasəti ilə inteqrasiya prosesini reallaşdırmağa çalışır.
Hələlik heç bir irəliləyiş əldə olunmayıb. Ona görə də hərbi əməliyyat planları masada qalır. Türkiyə SDG-nin öhdəsindən gələ bilər, lakin PKK-nın da liderlik problemini həll etməsi lazımdır.
Görəsən, Öcalanın sözü üstün olacaq, yoxsa Mazlum Abdinin?..”
Musavat.com