image-2000x150
image-3backend

9 May – Faşizm üzərində Qələbə Günü

image-728x90

İkinci Dünya müharibəsindən artıq 79 il ötür. 1941-1945- cil illərdə baş verən bu müharibə bir çox xalqların tarixində həm faciə, həm də qəhrəmanlıq göstəricisi olaraq qalıb. İkinci Dünya müharibəsi tarixdə Böyük Vətən müharibəsi kimi də adlanır.Azərbaycanın tarixində də bu qələbənin xüsusi yeri var. Bu qələbəyə nail olmaq üçün 600 mindən çox vətəndaşımız böyük qəhrəmanlıq, şücaət göstərmişdir. Azərbaycan xalqının hər bir üzvü, qadınlar, məktəblilər, yaşlılar, bir sözlə, hər kəs böyük səy, canfəşanlıq göstərmişdir. Minlərlə oğlan və qız hərbi komissarlıqlara ərizə ilə müraciət edərək cəbhəyə getdilər. İlkin dövrdə təqribən 40 min adam könüllü surətdə əsgər köynəyi geyindi, təqribən 200 min adam xalq qoşununa yazıldı. Ümumiyyətlə, müharibə illərində 11 mindən artıq qadın səfərbərliyə alındı, 260 min nəfərə qədər evdar qadın, təqaüdçü, yeniyetmə istehsalata gəldi. Hərbi hissələr üçün 15 min tibb işçisi və sanitar drujinaçısı, 750 rabitəçi, 3 min sürücü hazırlandı.
Müharibə dövründə böyük cəsarət, igidlik göstərən yüzlərlə qəhrəmanımız xüsusi ordenlə medallarla təltif olunmuşdur. Qəhrəmanlarımızdan biri iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş həmyerlimiz Həzi Aslanovun, həmçinin İsrafil Məmmədovun, Mehdi Hüseynzadənin, Leninqradın müdafiəsi zamanı 17 ölümcül yara almasına rəğmən təyyarəsini yerə endirən Hüseynbala Əliyevin, qadınlarımızdan təyyarəçi Züleyxa Seyidməmmədovanın, snayperçi Ziba Səlimovanın, gəmi kapitanı Şövkət Səlimovanın və başqa həmvətənlərimizin adları tarixə düşmüşdür. Qafqazın müdafiəsi uğrunda döyüşlərdə Ziya Bünyadovun bölməsi düşmənin xeyli canlı qüvvə və texnikasını məhv etmişdi. Eləcə də Fransa müqavimət hərəkatında vuruşan Əhmədiyyə Cəbrayılovun adı yaddaşlarda daha çox qalmışdır. O, Fransanın 5 ordeni və yüksək fəxri adı “Fransanın Milli Qəhrəmanı”, şəxsi igidliyinə görə paradda əsgərə generaldan qabaqda getmək hüququ verən hərbi medalı ilə də təltif olunmuşdu.QəhrəmanlarımızdanMehdi Hüseynzadə (Mixaylo) Yuqoslaviyada faşistlərə qarşı mübarizədə əfsanəvi qəhrəmanlıqlar göstərmişdi və ona ona ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdi. Bu gün bu igidlərimizin qəhrəmanlıq dastanları, igidlikləri ölkəmizdə qürurla, hörmətlə anılır. İllər keçməsinə baxmayaraq həmin qəhrəmanlarımızın şücaəti, cəsarəti bu gün də dillər əzbəridir. Müharibə dövründə bəstəkarlar, şairlərimiz tərəfindən müharibəyə, qəhrəmanlarımıza xeyli sayda şeir yazılmış, mahnı bəstələnmişdir. Hətta qələbədə böyük əməyi olan qəhrəmanlarımızın igidliyini tərənnüm edən müxtəlif filmlər çəkilmişdir. Bu da bir daha xalqımızın birliyini, cəsarətini, qəhrəmanlığını göstərən mühüm tarixi əlamətdir.
Bu müharibənin qələbə ilə başa çatmasında xüsusi bir faktı da qeyd etmək istərdim ki, bu, Azərbaycan neftidir. Qələbənin çalınmasında, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Azərbaycan neftçilərinin, alimlərinin fədakar əməyi sayəsində xeyli neft istehsal olunurdu. Təbii ki, əgər Azərbaycan nefti olmasaydı, neft və neft məhsulları ilə çalışan texnikalar uğur və müvəffəqiyyət qazana bilməzdi.Təbii olaraq bu da müharibənin gedişatına mənfi təsir edə və məğlubiyyətə səbəb ola bilərdi. Həmin Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi. Bütün çətinliklərə rəğmən, neftçilərimiz 1941-1945-ci illərdə İkinci Dünyamüharibəsi dövründə fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin ediblər. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə aviasiya benzini almaq üçün yeni texnologiya yaradılıb. 1941-1945-ci illərdə 63 yeni kimya və neft-kimya sənayesi müəssisəsi istifadəyə verildi. 300-dən artıq mühüm ixtira işləndi və istehsalata tətbiq olundu. Ona görə də, bu qələbədə Azərbaycanın rolu, fədakarlığı əvəzsizdir.
Qeyd edim ki, Azərbaycan xalqının İkinci Qarabağ müharibəsində göstərdiyi birlik, həmrəylik, cəbhəyə gedə bilməsə də, arxa cəbhədə ordumuza fayda verməyə çalışan minlərlə insan eyni qəhrəmanlığı Böyük Vətən müharibəsində də göstərmişdilər. Belə ki, həmin dövrdəmüharibənin ilk günlərindən Bakının bütün müəssisələri 12 saatlıq iş rejiminə keçdi. Respublikanın maşınqayırma müəssisələrinin gücünün 95 faizi hərbi texnika, silah-sursat istehsalına yönəldi. Kənd təsərrüfatı sahəsində Azərbaycanın kənd əməkçiləri ölkəyə 500 min ton pambıq və digər strateji xammal məhsulları vermişdilər. 1941-ci ildə respublikada 66 hərbi hospital yaradıldı. Müharibə illərində respublikada donor hərəkatı genişləndi. Bir sözlə, xalqımız arxa cəbhədə də misilsiz əmək hünərləri göstərib, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz bilmədən fədakarlıqla çalışıb.
Bu gün 9 May – Qələbə Günü Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra rəsmi dövlət bayramı səviyyəsində qeyd edilmişdir. Ümummilli lider müharibə veteranlarına diqqət və qayğının artırılması, imtiyazların verilməsi, sosial rifahlarının daha da gücləndirilməsi üçün mühüm tədbirlər həyata keçirdi. Heydər Əliyev hər il müharibə veteranları ilə görüşər, onların qayğıları ilə maraqlanar, problemlərinin yoluna qoyulması üçün tapşırıq və göstərişlərini verərdi. Ulu Öndər Heydər Əliyevin Veteranlar haqqında dediyi dəyərli sözləri də qeyd etmək istərdim: “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir namuslu Azərbaycan vətəndaşının borcudur”;
Ulu Öndər Heydər Əliyevin müharibə veteranlarına başlatdığı bu diqqəti, qayğını Prezident İlham Əliyev də layiqli şəkildə davam etdirmişdi. Prezidentin də dediyi kimi: “Biz öz veteranlarımızı qorumalıyıq. Təəssüf ki, onların sayı ilbəil azalır. Adətən mayın 9-da mən həmişə veteranlarla görüşürəm, biz söhbət edirik, həlak olanların xatirəsini ehtiramla yad edirik, onların məzarları üzərinə gül-çiçək, əklillər qoyuruq. Hər dəfə onlarla ünsiyyətdə olanda, sanki enerji alırsan. Özü də onların çoxunun yaşı 90-ı keçib, hətta 100-ü haqlayanlar da var. Lakin əvvələn, fiziki baxımdan onlar möhkəm olduqlarını nümayiş etdirirlər. Ən başlıcası, onların mənəvi ruhu, nikbinliyi və həyatsevərliyi, əlbəttə, bizi heyrətləndirir, təəccübləndirir və biz onlarla yalnız fəxr edə bilərik”.
Belə ki, Prezident İlham Əliyev cari ilin 26 aprel tarixində “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” müvafiq Sərəncamı imzalamışdır.
Bəli, bu gün bu qələbədə mühüm rol oynayan Azərbaycanda 9 May -Qələbə Günü qürurla, fəxrlə qeyd olunur. Və müharibə iştirakçılar sevgi, qayğı ilə dövlətimiz tərəfindən daim yad edilir.

Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90