Suriya Prezidenti Əhməd Şaraya son yeddi ay ərzində üç ayrı sui-qəsd cəhdi olub.
Bu barədə İsrailin nüfuzlu qəzetlərindən “Yedioth Ahronoth” məlumat yayıb.
Qəzetin məlumatına görə, bu hücumların arxasında İŞİD dayanır və xüsusilə iki hadisədə Türkiyə təhlükəsizlik qüvvələrinin həyati əhəmiyyət daşıyan müdaxiləsi sayəsində prezidentin həyatı xilas edilib.
İlk sui-qəsd cəhdi Şara Şamda Prezident Sarayından ayrılarkən baş verib. Hadisə zamanı türk hərbi birliyi şübhəli bir hərəkətliliyi qeydə alıb və müdaxilə nəticəsində sui-qəsdçi yaxalanıb. Şaranın üç şəxsi mühafizəçisi tərəfindən hücumçunun zərərsizləşdirildiyi qeyd olunub. Şara hadisənin ictimaiyyətə açıqlanmaması barədə göstəriş verib.
İkinci cəhd prezidentin Ürdün sərhədi yaxınlığında yerləşən Dera vilayətinə səfəri zamanı planlaşdırılıb. Türk və suriyalı təhlükəsizlik qüvvələri iki şübhəli şəxsi müəyyən etdikdən sonra prezidentin marşrutu dəyişdirilib və potensial hücumun qarşısı alınıb.
Üçüncü sui-qəsd cəhdi isə Şamda, prezident sarayından çıxış yolunda qurulmuş pusqu şəklində həyata keçirilib. Qəzet bu hücumu “demək olar ki, ölümcül” olaraq xarakterizə edir.
Yayımlanan məlumatda qeyd edilir ki, bu sui-qəsd cəhdləri və artan hədə-qorxular, İsrail ilə Suriya arasında xüsusilə Dürzi icması ətrafında artan gərginlik fonunda baş verməsi maraq doğurur.