Suya və oda həmişə fərqli münasibətim olub.
Odu sevib sudan qorxmuşam. İndi bunun adına fobiya deyirlər. Amma uşaqlığımdan dəniz, göl mənim üçün başqalarından fərqli olaraq romantika yox, qorxu mənbəyi olub. Ona görə də əvvəl də iştirakçısı olduğum Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin proqramı çərçivəsində qardaş ölkənin turizm potensialının tanıdılması məqsədilə “Go Turkiye” Turizm Bürosunun göllərə səfər dəvətini alanda tərəddüd etdim. Ancaq tərəddüdüm qısa müddət çəkdi və düşündüm ki, qorxularıma qalib gəlməyin bundan gözəl fürsət ola bilməz.
Budəfəki səfər yoldaşlarımız arasında Qırğızıstan və Tacikistandan olan həmkarlarımız da vardı. İlk səfərimiz Türkiyənin incisi olan Van gölünə olacaqdı. Van gölü adından o qədər bəhs etdirib ki, onu görək imkanından özümü məhrum edə bilməzdim.
Yolboyu tur rəhbərimiz olan Mustafa Akkaya Türkiyədəki göllərlə bağlı maraql məlumatları bölüşdüyündən, Van gölünə necə çatmağımızın fərqində olmadıq.
Qonaqları qarşılayan “ağ mələklər”
Bura gələnləri ilk qarşılayanlar qağayılar olur. İnsanlarla o qədər mehribanlaşırlar ki, yeməklərini belə onların əlindən alırlar. Van gölü Van və Bitlis vilayətləri sərhədləri daxilində yerləşən Nemrut vulkanik dağının püskürməsi və bölgədəki tektonik çökmə sahəsinin bağlanması nəticəsində əmələ gəlib. Sahəsi 3713 km2-dir. Van gölü həm şirin su, həm də dəniz ekosistemlərindən fərqli bir su ekosistemidir.
Suları duzlu və sodalıdır. Göl suyunun duzluluğu 19%, pH isə 9,8-dir. Ona görə də Van gölü hündürlüyünə və sərt qışına baxmayaraq donmur. Gölün suyunun səviyyəsi iqlimdən asılı olaraq yüksəlir və azalır. Bununla belə, dəniz səviyyəsindən orta hündürlük 1646 metrdir. Gölün orta dərinliyi 171 metr, ən dərin yeri isə 451 metrdir.
600 min illik tarix
Yeni araşdırmalarla gölün yaşının 600 000 il olduğu müəyyən edilib. Gölün şərq hissəsində dörd ada var- Akdamar, Çarpanak, Adır və Kuş adaları. Adalar tarixi və turistik xüsusiyyətlərə malikdir və 1990-cı ildə Arxeoloji Mühafizə Ərazisi elan edilib.
Van gölü dünyanın ən böyük sodalı gölü və eyni zamanda, Türkiyənin ən böyük gölüdür. Orda 103 növ fitoplankton, 36 növ zooplankton və iki növ balıq məlumdur. Bunlar Mirvari kefal (Chalcalburnus tarichi) İl Jandarma Komandanlığının Sualtı Komandası tərəfindən 2018-ci ildə Van gölündə dalğıc təlimi zamanı 13 metr hündürlükdə mikrobialitdə yaşadığı müəyyən edilmiş qara ləkəli sarı balıqdır. Bu yeni balıq növü üzərində araşdırmalar davam edir. 2015-ci ildə aparılan araşdırmalara görə, göldə bazar dəyəri 7,5 milyard dollar olan 50 ton uran var.
Rəvayətlə həqiqət eyni sularda üzür
Göllə bağlı əhali arasında müxtəlif rəvayətlər hələ də yaşayır. Deyilənə görə, göldə canavar yaşayır. Hətta bu söz-söhbət o qədər yayılıb ki, bir çox elmi araşdırma qrupları tərəfindən araşdırılıb. Van gölü canavarı Van gölündə yaşadığı iddia edilən əfsanəvi bir canlıdır. 1993-cü ilə qədər adı mənbələrdə heç vaxt çəkilməyən canlını gördüyünü iddia edənlər də az deyil.
Lakin araşdırmalar göstərib ki, göldə ilk canavar rəvayəti 1889-cu ildə ortaya çıxıb. O vaxt İstanbulda çıxan “Səadət” qəzetinin 28 Şaban 1306 (29 aprel 1889) tarixli 1323 nömrəsində canavarın Van gölündə dəstəmaz almaq istəyən bir şəxsi tutub sürüyərək mağaraya salması xəbərini yayıb.
Canavarı gördüklərini iddia edən insanların dediyinə görə, canavar 15 metr uzunluğunda, çox tünd rəngdədir, kürəyində kəskin çıxıntılar var, Plesiosaurus və ya İxtiyozavrlara bənzəyir. Zaman keçdikcə bu varlığı gördüyünü iddia edənlərin sayı artdığından, hadisə mətbuatda öz əksini tapıb, rəsmi qurumlar tərəfindən bölgəyə elmi araşdırma qrupu göndərilib. Lakin araşdırmalar nəticəsində göldə hər hansı qeyri-adi varlığın izinə rast gəlinməyib.
Urartu Krallığını yaşadan məkan
Gölün qərbində və şimal-qərbində bir neçə sönmüş vulkan var. Süphan və Nemrut dağı bu sönmüş vulkanlardan bəziləridir. Təxminən 200 min il əvvəl, Buz Dövrünün ortalarında Nemrut dağından axan lava uzunluğu 60 km-dən çox olan bir axın meydana gətirdi. Bu cərəyan Van çuxuru ilə Muş çuxuru arasındakı su axınını kəsdikdə göl əmələ gəlib.
Van gölü o qədər qədimdir ki, Urartu Krallığının paytaxtı eramızdan əvvəl 10-8-ci əsrlər arasında gölün şərq sahillərində qurulub.Elə Van şəhərində də göz dolandıqca hər yerdə Urartu adında mağazaya, oyektlərə rast glmək olur. Gölün şərq sahilində Van qalası yerləşir və müasir Van şəhəri bu qalanın şərqindədir. Gölün şərqində Akdamar, Çarpanak, Adır və Kuş adaları yerləşir.
“İranda Vana gəlməyən kimsə qalmayıb”
Van gölünu dolaşmaq üçün turitlərə hər cür imkan yaradılıb. Qiyməti o qədər də baha olmayan kiçik gəmilərlə göl səfərləri daha maraqlıdır. Orda olduğumuz müddətdə xeyli sayda yerli və əcnəbi turist Van gölü səyahətindən zövq alırdı. Əcnəbi turistlər əsasən qonşu İrandan gələnlər idi. Ümumiyyətlə, İrandan Vana gediş-gəliş asan olduğundan, İran vətəndaşları Türkiyənin məhz bu bölgəsinə dincəlməyə də, hətta alış-verişə də daha çox gəlirlər.
Həm keyfiyyətdən, həm çeşid müxtəlifliyindən razıdırlar. Həmsöhbət olduğumuz Güney azərbaycanlılar hətta İrandan olan fars və digər millətlərin nümayəndələrinin də Vana tez-tez gəldiklərini, xüsusilə yay tətilini burada keçirdiklərini bildirdilər. Biri isə hətta “İranda Vana gəlməyən kimsə qalmayıb”,- dedi.
Van gölündə gəmi ilə səfər qədər gölün sahilindəki restoranlarda yeməklər də turistlər üçün maraqlıdır. Burda süfrədə əsl türk qonaqpərvərliyinə şahid ola bilərsiniz.
Və təbii ki, Van gölünün incisi olan kefal balığı. Balıq sevən biri kimi, Van gölünə yolu düşən hər kəsə tövsiyə edirəm. O dadı başqa he bir yerdə ala bilməyəcəyinizdən əmin olun.
Elnarə Kərimova