Deputat həmkarım Cavanşir Feyziyevin 60 yaşı tamam oldu. Cavanşir Feyziyevi Milli Məclisdə tanımışam. Həddindən ziyadə Xeyriyyəçi, təmənnasız və vətənpərvər insandır, dəyərli dostdur. Seçildiyi dairədən ödənişli əsaslarla təhsil alan bütün tələbələrə xüsusi qayğı göstərir. Cavanşir müəllim həm də yüksək yaradıcılağa malik olan dəyərli ziyalımızdır. İnsanı başa düşmək üçün onun bioqrafiyasını, üz-üzə gəldiyi müxtəlif durumların təsiri altında həyatında baş verən dəyişiklikləri izləmək lazımdır. Bioqrafiya “bios”u, yəni insan həyatının intellektual rekonstruksiyasını nəzərdə tutur.
Mən Cavanşir müəllimin zəngin bioqrafiyasından yazmayacam. Zənnimcə onun uzun illər üzərində çalışdığı və ərsəyə gətirdiyi “Türk xalqları” 5 cildlik əsəri bu sahədə yazılmış fundamental tədqiqat kimi dəyərləndirilməlidir.
“Türk dünyasının təməl dəyərləri” adlı I kitabda türk sivilizasiyasının tarixi təkamülü və təməl dəyərləri, türk dilləri ailəsi, ümumtürk tarixi və mədəniyyəti, siyasət və diplomatiyası, türklərin spesifik həyat tərzi, adət-ənənələri, universal-multikulturalist dünyagörüşü və onların müasir dünyadakı mövqeyi haqqında geniş məlumat verilir.
“Türk xalqları” adlı II kitabda türk etnocoğrafiyası, əski türk ulusları və boyları, müasir türk xalqları və toplumları, türk diasporu və onun təşkilatlanması problemləri, ümumtürk qurumları və onların inteqrasiya prosesindəki rolundan bəhs olunur.
“Türk dövlətçiliyi tarixi” adlı III kitabda türklərin dövlətçilik tarixi və genealogiyası, qədim türk dövlətləri və imperiyaları, dövrümüzün müstəqil türk respublikaları və onların əlaqələri, başqa dövlətlərin tərkibindəki muxtar türk respublikalari və vilayətləri, türk dövlətlərinin qarşılıqlı əlaqələri və inteqrasiyası haqqında söz açılır.
“Türkşünaslıq” adlı IV kitabda türkşünaslığın aktual problemləri, türkçülük ideologiyası və onun nümayəndələri, türkçülüyü təhrif edən yanaşma və nəzəriyyələrin tənqidi analizi, türklərin kimliyinə münasibət, müasir türk dünyasının inkişaf potensialı və perspektivləri haqqında konkret informasiyalar yer alır.
“Türk dünyasının tarixi şəxsiyyətləri” adlı V kitabda isə türk dünyasının görkəmli şəxsiyyətləri və onların dövlətçilik, siyasət, elm, mədəniyyət, ədəbiyyat sahəsindəki xidmətləri sistemləşdirilərək təqdim olunur.
Əziz Cavanşir müəllim, 60 yaşın mübarək! 100 yaşa…
Etibar Əliyev
Millət vəkili






















