Ulusal. az xəbər verir ki, bu gün Xalq artisti Baba Mahmudoğlunun anım günüdür. Xanəndə ilə bağlı ən maraqlı məqamları təqdim edirik.
Baba Mahmud oğlu Mirzəyev 1940-cı il noyabrın 7-də Qazax rayonunun Muğanlı kəndində sadə bir ailədə anadan olub. O, orta məktəbi əla qiymətlərlə başa vurub. 16 yaşında Bakıya gəlib, daha sonra o vaxtkı Sənaye İnstitutunun mexanika fakültəsinə imtahansız qəbul olunub. Hələ tələbəlik illərində institutun, işə daxil olduğu vaxtdan isə zavodun mədəniyyət sarayının mahnı və rəqs ansambllarının solisti kimi fəaliyyət göstərib. Sənaye İnstitutunda oxuduğu illərdə tələbə yoldaşlarının tövsiyəsi ilə Asəf Zeynallı adına Musiqi Texnikumunun səs sinfinə gələrək, Seyid Şuşinskinin muğam dərslərində iştirak edib. Həmin vaxt o, Asəf Zeynallı adına Musiqi Məktəbində Süleyman Abdullayev, Əlibaba Məmmədov, Nəriman Əliyev, Nəzakət Məmmədova, Zeynəb Xanlarova ilə birgə muğamların və xalq mahnılarımızın sirlərini müfəssəl şəkildə öyrənir.
Opera və Balet Teatrına aparan müsabiqə
Onun zirvəyə doğru gedən sənət yolu, professional səhnə taleyi isə Opera və Balet Teatrından başlayıb. Özü də xatirlərində bu haqda belə deyib:
“Bir gün eşitdim ki, Opera və Balet Teatrında “Gözəl səslər” müsabiqəsi keçirilir. Açığı özüm buna çox can atırdım, dostlarım da məsləhət gördülər ki, həmin müsabiqədə iştirak edim. Beləliklə, 1962-ci ildə maestro Niyazinin rəhbərliyi ilə keçirilən həmin müsabiqədə iştirak edən 153 nəfər içərisindən 1-ciliyi qazanaraq, Opera və Balet Teatrına solist qəbul olundum”.
Təkrarsız “dəli” Məcnun
Baba Mahmudoğlu opera səhnəmizə Məcnun obrazı ilə gəlib. O, Məcnuun obrazının ruhi aləmini mənimsəmək və tamaşaçıya çatdırmaq üçün altı ay ruhi xəstəxanaya gedir, ruhi xəstələrin davranış tərzini öyrənməyə çalışır. Tamaşa zamanı obrazı necə ifa edirsə, tamaşaçılar onu doğurdan da dəli zənn edir.
Xanəndə “Şah İsmayıl”, “Əsli və Kərəm”, “Aşıq Qərib”, “Gəlin qayası”, “Xanəndənin taleyi” və digər səhnə əsərlərində baş rolları böyük məhərətlə canlandırıb. 1979-cu ilə kimi hamı onu xanəndə Baba Mirzəyev kimi tanıyır. 1979-cu ilin sentyabr ayında isə “Dastan” folklor ansamblı yaradaraq, o andan Baba Mahmudoğlu kimi çıxış etməyə başlayır. B. Mahmudoğlu sənət yolunu bu ansamblla davam etdirib. “Dastan” folklor ansamblı ilə o, bir sıra xarici səfərlərə gedir. Azərbaycan muğam sənətinin möhtəşəmliyini ölkə hüdüdlarından da uzaqlarda layiqincə təbliğ edir. Baba Mahmudoğlu aşıq, bəstəkar, xalq mahnılarını, muğamları öz tərzində, öz üslubunda ecazkar səslə oxuyardı. O, bütün mahnıları ifa edərkən obraza girir, mahnını hərəkətlərində, üz cizgilərində, bütün varlığında yaşayır, səhnə jestləri ilə tamaşaçını ovsunlayırdı… Baba Mahmudoğulunu qəribə və həmkarlarından fərqləndirən başlıca xasiyyətlərindən biri də oxuyarkən gözlərini yumması idi.
Sənətin zirvəsinə ucalan sənətkar
Baba Mahmudoğlu taleyinə, bəxtinə, uğurlarına arxayın olub heç vaxt qürrələnmir, özünü yuxarı tutmur, yolunu azmır və öz keçmişini unutmurdu. Müxtəlif mədəniyyət və tədris müəssisələrinə aldığı dəvətlərdə, televiziya, radio verilişlərində, ona həsr olunmuş yaradıcılıq gecəsində öz keçmişini, uşaqlıq dövrünü, kasıb yaşadıqları zamanı xatırlayır, ağır, məşəqqətli 1941-1945-ci illəri, ondan sonrakı çağları xatırlayır, heç bir şəraiti olmayan, qazmada yaşadıqlarını dilə gətirirdi…
2005-ci ildə Opera və Balet Teatrından təqaüdə göndərilir xanəndə. Sənətkar elə həmin ilin noyabr ayında xəstələnib, insult keçirir Bir müddət sonra özünü yaxşı hiss etsə də, 2006-cı ilin yayında vəziyyəti yenidən pisləşir. Həkimlər ona rayonda yaşamağı məsləhət görürlər. Bu səbəbdən Baba Mahmudoğlu ilin təxminən beş ayını Şamaxı rayonunun Çuxuryurd kəndində yaşamalı olur. Daha sonra Bakıya qayıdır. 2006-cı il dekabrın 6-da Azərbaycanın Xalq artisti Baba Mahmudoğlu 66 yaşında vəfat edir.
Yaxşı sənətkar olmaq sözsüz ki, həm də yaxşı insanlıqdan başlayır. Baba çox gözəl insan idi. Həm ailəsində, həm dostları içərisində əvəzsiz yeri və böyük hörməti vardı. Bu gün də o hörmət onun ruhuna ünvanlanıb…Publika. az