image-rt-reklam
image-img-20240927-wa0004backend

“44 günlük Vətən müharibəsi bütövlükdə regionun xilası oldu”

image-728x90

4 il əvvəl 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Ermənistanın 30 ilə yaxın davam edən işğalına son qoydu. Azərbaycan Ordusunun başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd, xeyli sayda strateji yüksəklik işğaldan azad olundu. Ermənistan məhz Azərbaycanın şərtləri əsasında noyabrın 10-da kapitulyasiya aktına imza atdı. Bu mənada 10 noyabr üçtərəfli bəyanatı hərbi qələbəmizin hüquqi təsdiqi olmaqla yanaşı, həm də tarixi siyasi-diplomatik uğurumuz oldu.

Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olundu. Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə, bir güllə atmadan, şəhid vermədən qaytarılması siyasi-diplomatik uğur idi.
Beləliklə, 44 günlük savaş Azərbaycanın gücünü göstərdi. Bu müharibə, ilk növbədə, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, siyasi müdrikliyinin və uzaqgörənliyinin təcəssümü kimi tarixə düşdü.
Müzəffər Ali Baş Komandanın bəyan etdiyi kimi, biz XXI əsrin müharibəsini aparmışıq və bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlar, bizim uğurlarımız, Qələbəmiz öyrənilir. Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq.
Ərazi bütövlüyümüzün təmin olunması uğrunda 3 minə yaxın hərbçimiz şəhidlik zirvəsinə ucaldı. Prezident İlham Əliyevin sərəncamı ilə Vətən müharibəsinin başladığı günün – sentyabr ayının 27-nin Anım Günü kimi qeyd olunması torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiramın göstəricisidir.
44 günlük Vətən müharibəsindən ötən 4 il ərzində isə Azərbaycan çoxsaylı uğurlar qazandı. Bir çox strateji yüksəkliklər Azərbaycanın nəzarətinə keçdi. 2023-cü il aprelin 23-də isə Laçın istiqamətində Ermənistanla sərhəddə sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etdik. Böyük Qələbəmizin məntiqi sonluğu isə ötən ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatı oldu. Cəmi 23 saat davam edən əməliyyatlar zamanı Azərbaycan ərazilərində qanunsuz məskunlaşmış separatçı rejim ağ bayraq qaldıraraq təslim oldu. Beləliklə, Azərbaycan öz suverenliyini də bərpa etdi və separatçıların kitabı birdəfəlik bağlandı. Bu qələbə bütövlükdə regionun xilası oldu.
Vətən müharibəsi və antiterror əməliyyatı keçirilərkən 3200-dən çox qəhrəman şəhidimiz şəhadət zirvəsinə ucalması, 90 mindən çox gənc azərbaycanlının bu əməliyyatlarda iştirakı xalqımızın, xüsusilə də gənc nəslin vətənpərvərlik ruhunun göstəricisidir. Dövlət başçımızın da söylədiyi kimi, bu, onu göstərir ki, sinəsini qabağa verən gənclər o qədər vətənpərvərlik ruhunda tərbiyə olunmuşdur ki, onlar üçün Vətən torpaqlarını azad etmək ən şərəfli missiya olmuşdur.
Məhz Vətən müharibəsindən sonra Azərbaycanda yeni dövr başlayıb. Dövlət başçımızın da söylədiyi kimi, biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil olmuşuq. Bu dövrün böyük nailiyyətlərini görməkdəyik. Belə ki, son 3-4 il ərzində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənib. İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini dünyaya qəbul etdirmək böyük diplomatik məharət tələb edir. Sevindirici haldır ki, biz buna nail olmuşuq. Təbii ki, bütün atılan addımlar güclü Azərbaycan naminədir.
İşğaldan azad etdiyimiz ərazilərin bərpası, yenidən qurulması, Böyük qayıdış konsepsiyası uğurla icra olunmaqdadır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən hər bir layihə həm də döyüş meydanındakı qələbəmizin quruculuq meydanında davamı və rəmzi ifadəsidir.

Könül Nurullayeva

Milli Məclisin deputatı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90