“Problemi demək asandır, bu dəqiqə 50 problem deyərəm, onun həlli yolunu fikirləşməlidirlər”
“Azərbaycanda da iş adamları, böyük şirkətlərin sahibləri var, doğurdanmı onlar 1 milyon ayırıb, film çəkdirə bilməzlər?”
“Necə futbola sponsorluq edirlər, filmə də sponsorluq etmək olar”
“Dünən ölkəmizdə keçirilən Teatr Forumu başa çatdı. Bir neçə günə Kino Forumu da keçiriləcək. Düşünürəm ki, bu forumların mədəniyyətə çox müsbət təsiri olacaq. Təəssüf ki, Teatr Forumunda iştirak etməmişəm. Dəvət etsəydilər gedərdim, məmnuniyyətlə də iştirak edərdim. Orada müəyyən problemlər qaldırılır, çıxış yolları axtarılır. Yəqin ki, kino sahəsi ilə bağlı da problemlər qaldırılacaq. Problemi demək asandır, bu dəqiqə 50 problem deyərəm, onun həlli yolunu fikirləşməlidirlər”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili, Milli Məclisinin Mədəniyyət komitəsinin üzvü Aqil Abbas deyib.

“Yəqin ki, Rusiya telekanallarını izləyirsiniz. Onların Milli Təhlükəsizlik Nazirliyi, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti öz əməliyyatları ilə bağlı müəyyən filmlər çəkdirir. Öz gücünü, qüdrətini nümayiş etdirir. O qədər gözəl təbliğ edirlər ki. Azərbaycanda da bu mümkündür. İstər 2-ci Qarabağ müharibəsində, istərsə də Aprel və digər döyüşlərdə nə qədər qələbə qazanmışıq, nə qədər də şəhid vermişik. Buna baxmayaraq Azərbaycanın Müdafiə Nazirliyi hələ də bir film çəkdirməyib. Onlar 1 milyon, 2 milyon həqiqətənmi kinoya pul ayıra bilməzlər? Əsgər həyatından gözəl bir film çəkmək olar. Əsgər həyatı o qədər gözəldir ki. Mən Müdafiə Komitəsinin üzvü olduğumdan əsgərlərlə tez-tez hərbi hissələrdə görüşürəm. Elə bunu təbliğ etmək, həvəs yaratmaq olar. Milli Təhlükəsizlik Nazirliyi bu illər ərzində görün nə qədər əməliyyatlar keçirib. Çingiz Abdullayev gözəl dedektiv yazarıdır, deyərlər ki, gəl yaz, çəkək. Rusiyada iş adamları, ayrı-ayrı oliqarxlar film sahəsinə pul ayırırlar. Pul buraxanda da onlardan müəyyən vergi tutulmur, yaxud da çox az tutulur. Azərbaycanda da iş adamları, böyük şirkətlərin sahibləri var, doğurdanmı onlar 1 milyon ayırıb, film çəkdirə bilməzlər? Elə öz şirkətinin reklamını da filmə sala bilər. Dövlət il ərzində 3-4 film çəkmək üçün pul ayırır, amma Azərbaycanda 3-4 filmlə olmaz axı. Ona görə də hər şeyi dövlətin belinə yükləmək düzgün deyil. Necə futbola sponsorluq edirlər, filmə də sponsorluq etmək olar. Bir problem də var ki, dövlət bir filmin çəkilişinə milyon yarım pul ayırır, Vergilər Nazirliyi onun 300 minini tutur. Mən gəlir qazanmışam ki, vergidən tutursunuz? Qoy bu filmi çəkim, sonra pul tut da”, – deyə millət vəkili deyib.
Aqil Abbas cənab prezidentin doğum günündə ona verdiyi “1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenindən də danışıb.
“Bu mənim üçün ən yüksək mükafatdır. 2020-ci ildə möhtərəm cənab prezident mənə, övladlarıma, nəslimə, ailəmə, Ağdamlılara, Şuşalılara, Kəlbəcərlilərə, bütün Qarabağlılara, o cümlədən də Azərbaycanlılara qürur mükafatını verdi. Hamı bu mükafatı sinəsindən vurur. O 44 günlük müharibədə torpaqlarımızı işğaldan azad edib. Bundan böyük mükafat var? 2 gün öncə verdiyi mükafatı isə mən sinəmdən asacam. Ən böyük arzum Qarabağı azad görmək idi, onu da gördüm. Ağdamı abad görmək istəyirəm, onu da görəcəm. Özümə ayrı nə arzulayım? Deyim ki, evim, maşınım, pulum olsun? Pulum yoxdur, amma evim, maşınım var (gülür). Kitablarım çıxır, dövlət qiymətləndirir”, – deyə Aqil Abbas bildirib.






















