2020-ci ildə – Vətən müharibəsində cəmi 44 gün ərzində Tarixi Qələbə qazanmaqla dünya hərb tarixinə öz zəfər möhürünü vuran Azərbaycan müharibədən ötən 3 il ərzində müdafiə qüdrətini, hərbi potensialını artırmaqla paralel olaraq siyasi, diplomatik, iqtisadi triumfları ilə də dünyada söz, nüfuz sahibinə çevrildi. Azərbaycan bu Tarixi Qələbə ilə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən, 30 il ərzində kağız üzərində qalan dörd qətnaməsinin icrasını hərbi-siyasi qüdrəti ilə özü reallaşdırdığı kimi, müharibə sonunda imzalanan üçtərəfli Bəyanatın reallaşdırılması məsuliyyətini və ağırlığını da öz üzərinə götürmüşdür. Belə ki, postmüharibə dövründə də ölkəmiz eyni siyasi prinsipiallıq və qətiyyətlə, bütövlükdə, Cənubi Qafqazda sülh və qarşılıqlı əməkdaşlığın qarantı missiyasını uğurla həyata keçirməkdədir.
Cəmi 7 il öncə 2016-cı ilin Aprel savaşı öncəsi ermənilər Qarabağda yeni savaş anonsu verirdilər. Ermənilər bildirirdilər ki, öz “təhlükəsizlikləri” üçün Yevlaxa qədər əraziləri tutmalıdırlar. Cəmi 7 il sonra həmin bəyanatı səsləndirən ermənilər qolubağlı Bakıya gətirilir. Həmdə cəmi 7 il sonra həmin ermənilər ağ bayraqla imdad diləmək üçün Yevlaxa gəlirlər. Tarixin ironiyası deyilən bir fikir var. İndi biz Qarabağ zəfərinin keçid yollarını sizlərə təqdim edirik.
Azərbaycan sülhsevər siyasətinə sadiq qalaraq Cənubi Qafqazın lider dövləti kimi qalib və diktəedən tərəf olaraq bədnam Ermənistana dəfələrlə sülh çağırışları etmişdir. Nəticə etibarilə, Brüsseldə, Soçidə, Moskvada, Vaşinqtonda, habelə digər şəhərlərdə keçirilən görüşlərdə Ermənistan qismən də olsa, sülhə meyillənməyə məcbur edildi. lakin daxili erməni revanşist qüvvələri və Fransa kimi ikili standartlardan əl çəkməyən ermənipərəst dövlətlər, həmçinin qərəzli beynəlxalq təşkilatlar bu ölkəni sülh masasına oturmaqdan boyun qaçırmağa, yeni təxribatlar törətməyə sürükləyirdi. Prezident cənab İlham Əliyevin 20 sentyabr tarixdəki xalqa tarixi müraciətində də vurğulandığı kimi, Azərbaycan Cənubi Qafqazın sülh, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilməsi üçün mühüm təşəbbüslər göstərir, lakin regionda marağı olan dairələr buna hər tərəfdən mane olmağa çalışırlar.10 noyabr Bəyannaməsinin müddəalarından biri erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması olsa da, Ermənistan buna riayət etməyərək müharibədən sonra da öz silahlı qüvvələrini Azərbaycan ərazisində saxlayır, onları maliyyələşdirir və hərbi texnika yardımı ilə dəstək göstərirdi. Qarabağda illərdir, 10 min qanunsuz erməni əsgərinin kök salmasının nəticəsidir ki, son zamanlar Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz intensiv şəkildə atəşə tutulur, ərazilərimizin, xüsusilə də mülki təyinatlı yolların terror məqsədilə minalanması davam etdirilir, səfərbərlik, mühəndis-istehkam təkmilləşdirilməsi, kəşfiyyat tədbirləri, bir sözlə, döyüşə hazırlıq prosesləri aparılır, mənfur düşmənin sanki kapitulyasiya rüsvayçılığını unutduğunu, yenidən keçmiş işğalçılıq xülyalarına qapıldığını sərgiləyirdi.
Tarix bir daha sübut etdi ki, idrakla gücün vəhdəti, güclü dövlət, milli həmrəylik, hərbi siyasi qüdrət olduqda xalqların, dövlətlərin sonrakı taleyini, müqəddaratı həll etməyə bir gün belə kifayət edir. Siyasi-tarixi əhəmiyyəti ilə əsrə bərabər sayılası bir gün…
Sentyabrın 19-da Azərbaycanın başladığı antiterror əməliyyatları da milli tariximizə ən qısa zaman kəsiyində qazanılan qələbə səhifəsi olaraq yazıldı. Dövlət başçımız, Ali Baş Komandan cənab İlham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycan öz suverenliyini bərpa etdi. Həyata keçirilən antiterror tədbirləri nəticəsində 90-dan artıq döyüş mövqeyi, eləcə də bir neçə strateji əhəmiyyətli mövqelər Silahlı Qüvvələrimiz tərəfindən nəzarətə götürüldü. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan Vətən müharibəsindəki Böyük Zəfərdən arxayınlaşmamış, sonrakı dövrdə də ordumuzun daha da təkmilləşdirilməsinə, müasir silahlanma, yeni hərbi texnika ilə təchiz olunmasına, döyüş peşəkarlığının yüksəldilməsinə xüsusi diqqət göstərilmişdir. Son illərdə yaradılan müxtəlif təyinatlı yeni hərbi birliklər böyük hərbi peşəkarlıq, düzgün taktika nümayiş etdirərək dağlıq, meşəlik və yaşayış məntəqələrində müasir silah və texniki vasitələrdən istifadə etməklə qısa zamanda, minimum itki ilə Qarabağımızdakı terror yuvasını, qanunsuz kriminal xunta rejimini darmadağın etdi. Özü də buna mülki əhaliyə və infrastruktura zərər vurulmadan nail ola bildi. Prezident cənab İlham Əliyev də xalqa tarixi müraciətində hərbçilərimizin böyük qəhrəmanlıq, şücaət və peşəkarlığını kimi yüksək qiymətləndirmişdir.
Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqa qələbə müjdəli tarixi müraciətini diqqətlə nəzərdən keçirdikdə görərik ki, 24 saata yaxın lokal antiterror tədbirlərinin hər saniyəsi hərbi-strateji baxımdan zərgər dəqiqliyi ilə hesablanmışdı. Prosesə bilavasitə rəhbərlik və nəzarət edən Ali Baş Komandanın özünün də dediyi kimi, bu tədbirlər zamanı mülki insanların qorunması məsələsi ən mühüm prioritetlərdən biri kimi qarşıya qoyulmuşdu. Bu Azərbaycan humanizminin, beynəlxalq hüquqa, humanizm prinsiplərinə, demokratik ənənələrə sadiqliyin növbəti nümayişidir. Bu, həm də erməni və ermənipərəst əleyhdarlarımızın sonrakı anti-Azərbaycan siyasi hücumlarını puça çıxarmaq, bədxah niyyətlərini gözlərində qoymaq demək idi. Nəticədə, bir gün əvvəl meydan oxumaq niyyətinə düşən separatçı qanunsuz birləşmə, təxminən, 24 saata darmadağın edilərək Azərbaycan tərəfinin şərtlərini qeyd-şərtsiz qəbul etməyə, ağ bayraq qaldırmağa məcbur edildi. Bu ağ bayraq siyasi mahiyyət etibarilə təkcə həmin separatçı qüvvələrin deyil, ümumilikdə, Ermənistanın, uzaqda, Avropada yerləşən bütün ermənipərəst havadarların təslim olmasının rəmzi idi. Qarabağın erməni sakinləri sentyabrın 21-də Yevlax şəhərinə vaxtilə boyun qaçırdıqları görüşə məğlubiyyət boyunduruğu altında, ağ bayraqla gəldi.
Artıq Qarabağ öz işıqlı gələcəyinə doğru addımlayır. Dağıdılmış, viran edilmiş Qarabağ indi öz övladlarını qoynuna alır.
ADPU, Filologiya fakultəsi, Müasir Azərbaycan dili kafedrası müəllimi
Əliyeva Dürdanə Rafiq qızı