Rusiyanın Sverdlovsk vilayətində bu ilin yanvar ayından iyul ayına qədər miqrasiya qanunvericiliyini pozan təxminən 1 000 nəfər ölkədən çıxarılıb.
Ulusal.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, deportasiya olunan şəxslərin böyük əksəriyyəti Mərkəzi Asiya ölkələrindən olan miqrantlardır. Onlar arasında Özbəkistan, Tacikistan, Qırğızıstan və Qazaxıstan vətəndaşları üstünlük təşkil edir.
Rəsmi açıqlamaya əsasən, siyahıda Azərbaycan vətəndaşları da yer alıb — ümumilikdə 33 nəfər azərbaycanlı müxtəlif inzibati qayda pozuntularına, o cümlədən icazəsiz əmək fəaliyyəti, miqrasiya qeydiyyatının pozulması və yaşayış qaydalarının pozulmasına görə Rusiya ərazisindən çıxarılıb.
Qeyd olunur ki, deportasiya prosesi Rusiya Miqrasiya Xidməti və məhkəmə qərarları əsasında həyata keçirilib. Mühafizə orqanları bildirir ki, qanun pozuntularına yol verən xarici vətəndaşlara qarşı tədbirlər növbəti aylarda da davam etdiriləcək.