“Məni bir Malıbəyli sakini, bir Azərbaycan vətəndaşı kimi mənəvi baxımdan ən çox yandıran kəndimizdəki evlərin dağıdılmasından çox, qədim məscidlərin ermənilər tərəfindən üçünün də yerlə-yeksan edilməsidir…”
“Əsil etnik təmizləmə, soyqırımı, bax, budur. Qoy, bilsin və görsün, bütün beynəlxalq təşkilatlar, bütün bəşəriyyət…”
31 il öncə – 1992-ci ilin fevralında Şuşa rayonun Malıbəyli, Aşağı və Yuxarı Quşçular kəndlərinin 6500-dən çox sakininin mühasirədən çıxarılması, soyqırımından qurtulması üçün komandiri olduğu taborun döyüşçüləri ilə bərabər böyük qəhrəmanlıq göstərmiş tanınmış Qarabağ qazisi, ehtiyatda olan mayor Azay Kərimov Azərbaycan ordusunun separatçı-terrorçuları torpaqlarımızdan təmizləmək üçün keçirdiyi son əməliyyata da qatılıb.
Moderator.az-a açıqlamasında I Qarabağ savaşının iştirakçısı, nəhayət, 31 il 7 aydan sonra bələdçi və döyüşçü kimi doğma Malıbəyli kəndinə qayıtmasından danışıb.
“31 ildən çox müddət öncə döyüşçü, komandir kimi düşmən qüvvələrinin çoxluğu və kəndi mühasirəyə almaqları səbəbindən, həm də dinc həmkəndlilərimi, soydaşlarımı xilas etmək məqsədi ilə düşmənlə döyüşə-döyüşə çıxdığım kəndə yenidən geri dönmək qəlbimdə həddindən artıq ağrı-acılı olmaqda bərabər, həm də şahanə hisslər yaratdı. Ordumuzla, dövlətimizlə, xalqımızla qürur duydum… Ərazinin hər cığırına bələd olan bir peşəkar döyüşçü kimi hər biri bir qəhrəman olan hərbçi oğullarımıza erməni terrorçularıyla hər cür döyüşə hazır vəziyyətdə əlimdə silah bələdçilik etdim. Ən qısa və təhlükəsiz marşrutla getdiyimiz 6 saatlıq yol boyu heç bir şəhid, yaralı vermədən getdik. Döyüşçülərimizi elə yol, cığırlarla, əsasən daşlıq, qayalıq yerlərlə apardım ki, mina-filan olmasın. Və hərbçilərimiz bir də gözlərini açdılar ki, Malıbəyli kəndinin qəbiristanlığındadırlar. Dərhal həm Malıbəylini, həm də Aşağı, Yuxarı Quşçular kəndlərini tam nəzarətə götürdük. Kəndlərə səhər tezdən, hələ dan yeri söküləndə, alaqaranlıqda girdiyimiz üçün ətrafdakı postlardakı düşmənlər yuxudan ayılıb artıq bütün yüksəkliklərin nəzarətə keçdiyini görən kimi silahlarını atıb qaçdılar”-deyə döyüşçü zabit bildirib.
Azay Kərimov kəndlərinin yerlə-yeksan edilməsindən, tarixi abidələrin dağıdılmasından da bəhs edib.
“Düşmən Xankəndi yaxınlığında yerləşən kəndimizi, demək olar ki, şumlayıb. Dəhşətli bir mənzərədir. Amma evləri, məktəbi, klubu və s. dövlətimizin sayəsində bərpa edəcəyik, inşallah… Məni bir Malıbəyli sakini, bir Azərbaycan vətəndaşı kimi mənəvi baxımdan ən çox yandıran kəndimizdəki qədim məscidlərin ermənilər tərəfindən üçünün də yerlə-yeksan edilməsidir. Onlar XVI-XVII əsrlərə aid tarixi abidələr idi. Bu məscidlərin üçünü də Şuşadakı məşhur məscidləri tikən eyni memar tikmişdi. Onların arxitektor quruluşu, tikiliş üslubu ilə Şuşadakı ibadətgahlarımızla eyni idi. Həmin məscidlərdən ikisinin, ümumiyyətlə bünövrələri də yox edilib. Gözümlə gördüm… Birinin isə yalnız uçuq divarları qalıb. Bunları yaşayış evlərinin xarabalıqlarıyla yanaşı, təcili lentə alıb bütün dünyaya nümayiş etdirmək gərəkdir ki, baxın, əsil etnik təmizləmə, soyqırımı belə olur. Bu günlərdə Qarabağdan könüllü olaraq Ermənistana gedən ermənilərin birinin burnu qanayıbmı, birinin evi, mənzili yandırılıb, buldozerin qabağına verilib uçurulub-dağıdılıbmı? Xeyir. Amma bizi həm avtomat, tank qabağına qatıb çıxardılar, amansızlıqla qətlə yetirdilər, əsir götürdülər, işgəncə verdilər, həm də yurd-yuvalarımızı, məscidlərimizi yerlə yeksan etdilər ki, nə vaxtsa Qarabağ torpağında yaşadığımız bilinməsin. Əsil etnik təmizləmə, soyqırımı, bax, budur. Qoy, bilsin və görsün, bütün beynəlxalq təşkilatlar, bütün bəşəriyyət”,-deyə Qarabağ qazisi vurğulayıb.





















