“İran hava yollarına məxsus təyyarələrlə Ermənistana silah daşınmasında təəccüblü heç nə yoxdur”.
Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, 30 illik işğal dövrü və ondan sonra baş verən proseslər molla rejiminin əsil simasını tam çılpaqlığı ilə göstərdi:
“Baxmayaraq ki, Azərbaycan dövləti mövcud geosiyasi gerçəklikləri nəzərə alaraq, heç bir zaman bu ölkənin ərazi bütövlüyünü pozacaq, siyasi, iqtisadi maraqlarına zidd hərəkət etməmiş, üçüncü qüvvələrə də imkan verməmişdir. Belə demək mümkünsə, hər bir kaprizinə dözmüşdür. Lakin, geri zəkalı, hər şeydən əvvəl öz xalqına qarşı törətdiklərinə görə insanlıq adına ləkə olan rejim pataloji düşmənçiliyini davam etdirir. Bütün mümkün variantlardan istifadə etməklə işğalçı Ermənistana dəstək verir. Hətta, Ermənistan İranın əleyhinə addımlar atdığı halda belə. Bu gün Brüsseldə ABŞ-Aİ-Ermənistan görüşi keçirilir. Əslində bu görüşün baş tutması, qəbul olunacaq qərarlar Azərbaycanla yanaşı, İranın da maraqlarına ziddir. Ermənistan İranın üzdə ən qatı düşmənlərini ölkəsinə yığır. Heç şübhəsiz, gələcəkdə kollektiv Qərbin hərbi strukturlarının Ermənistanda cəmləşməsi, İranın milli təhlükəsizliyinə təhdid yaradır”.
Deputat vurğulayıb ki, biz gələcəkdə də, İranın belə davranışlarlnın şahidi olacağıq:
“Yeni riyakarlıqlarla, sürprizlərlə qarşılaşağıq. Təəccüb doğuran odur ki, bir çox soydaşımız özündən uydurulmuş dini təsirlər altında hələ də mollaların təəssübünü çəkir, ayı xidməti göstərirlər. Müstəqil Azərbaycan dövlətinə, güneyli soydaşlarımıza qarşı ən ağır cinayətlər törətmiş şəxsləri ideallaşdırırlar. İran-Azərbaycan münasibətlərində ən təhlükəli an elə budur. Hər bir azərbaycanlı bu haqda dərindən düşünməli, dostunu, düşmənini tanımalıdır”.