image-rt-reklam
image-2backend

30 il sonra yandırılan tonqal

image-728x90

Bu gün uzun illərdən sonra ilk dəfə olaraq Xankəndidə bayram tonqalı qalandı. 30 ildən artıq işğalda olan torpaqlarımızda, nəhayət, bayram sevincləri yaşandı. Bu bayramları doğma Qarabağımızda qeyd etmək hər birimizin ən böyük arzusu idi. Nəhayət, bu arzumuz reallaşdı. Prezident İlham Əliyevin iştirakı ilə  2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il  Talış kəndində, bu dəfə isə Xankəndidə Novruz tonqalı qalandı. Bir neçə il əvvəl bu qürurlu, sevincli günləri tezliklə yaşayacağımızı heç ağlımıza da gətirməzdik.Amma biz bu sevincə nail olduq. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatlarının baş verməsi ilə ölkəmiz ərazi bütövlüyünə və suverenliyinə nail oldu. İkinci Qarabağ müharibəsində Azərbaycan öz gücünə, öz ordusu və qəhrəman oğulları hesabına torpaqlarımız işğaldan azad olundu. Bu qalibiyyət igid, qəhrəman, qorxmaz  əsgərlər hesabına əldə edildi. Bütün bünların təməlində hər bir gəncimizin vətənpərvər ruhda böyüməsi, vətən, bayraq sevgisinin uşaqlıqdan onlara aşılanması oldu.

Lakin Azərbaycanın əldə etdiyi uğurlar, torpaqlarımızı azad etməsi, düşmənə sarsıdıcı zərbə vurması öz havadarlarına güvənən Ermənistana dərs olmadı.Qərbin ikili siyasəti, bəzi Avropa ölkələrinin  qərəzli davranışları Ermənistanı daha ruhlandırdı və Xankəndi və digər şəhərlərimizdəki erməni separatçılarının qalıqları təslim olmaqdan boyun qaçırdılar və üçtərəfli bəyanatın müddəalarını yerinə yetirməkdən imtina etdilər. Bütün bunlarla yanaşı Ermənistanın təxribatları artıq ölkəmizin ciddi addımlar atmasına təkan verdi. Elə buna görə də, ölkəmiz bir gündən də az davam edən antiterror əməliyyatlarını həyata keçirdi.Və nəticədə erməni silahlı birləşmələri tamamilə məhv edildi və separatçı rəhbərlər ordumuz tərəfindən həbs edilərək Bakıya gətirildi. Bununla da Azərbaycan  30 ildir beynəlxalq təşkilatların etmək istəmədikləri, həyata keçirilməyən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini döyüş meydanında qan tökərək, can verərək əldə etdi. Bu bir daha ölkəmizin, yenilməz ordumuzun gücünü dünyaya göstərdi. Azərbaycan ədaləti öz gücü ilə bərpa etdi.Bu gün torpaqlarımızın hər qarışında şanlı bayrağımız dalğalanır.

Müharibədən sonra ölkəmizin qarşısında mühüm məsələ durdu. Bu azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işlərinin həyata keçirilməsidir. Artıq quruculuq işləri davamlı şəkildə həyata keçirilir. Hətta qısa müddət keçməsinə baxmayaraq məcburi-köçkünlərin bir qismi öz doğma yurdlarına geri qayıtmışdır.

Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünə, suverenliyinə nail oldu. Prezidentin Xankəndidə çıxışı zamanı bir məqamı diqqətə çatdırmaq istəyirəm: “Biz iqtisadi inkişafa nail olduq, iqtisadi müstəqilliyə nail olduq və bu gün heç kimdən iqtisadi cəhətdən və təbii ki, siyasi cəhətdən asılı deyilik. Güclü iqtisadiyyat bizə imkan verdi ki, siyasi müstəvidə öz siyasətimizi müstəqil şəkildə aparaq. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır”. Bəli, prezidentin də dediyi kimi Azərbaycan öz gücü hesabına bütün bu uğurlara nail oldu. Prezidentin yeritdiyi uğurlu xarici və daxili siyasətin nəticəsidir ki, bu gün qürurla, fəxrlə ordumuzun, dövlətimizin gücündən,nəinki biz, hətta dünya danışır və Azərbaycan ordusunun döyüş, uğur yolu dünya hərb sahəsində öyrənilir.

Beləliklə, bu gün 30 ildən artıq işğalda olan torpaqlarımızda əsil həyat yaşanır. Bu gün o ərazilərimizdə təmtəraqlı şəkildə bayramlarımız qeyd edilir, Novruz tonqalları qürurla alovlandırılır. Qarabağ torpaqlarına, təbiətinə əsil oyanış, həyat gəlib.

Azad olmuş torpaqlarımızda məhz Prezident İlham Əliyevin Novruz tonqalını qalaması özü bir rəmzi məna daşıyır, xüsusilə də Xankəndidə bayram tonqalının alovlandırılması zamanı  dediyi fikir xüsusi məna daşıyır: “Bu tonqalın yandırılması son təmizlənmə işlərin görülməsidir”. Bəli, artıq o torpaqlarda yalnız azərbaycan ordusun ayaq izləri ola bilər.

Onu da Qeyd edim ki, bir vaxtlar Ermənilərin Azərbaycanlılara qarşı təxribatlar törətdiyi meydana Prezident tərəfindən “Zəfər meydanı” adı verilməsi böyük məna kəsb edir. Bu Azərbaycanın yenilməzliyinin, ədalətin bərqərar olmasının qürurla anacağımız göstəricisidir.

Gülər Baxışova

Pedaqogika üzrə fəlsəfə doktoru

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90