““3+3” formatında regional əməkdaşlıq Vətən müharibəsindən dərhal sonra Türkiyə və Azərbaycan prezidentlərinin birgə təşəbbüsü əsasında irəli sürülüb. Belə bir əməkdaşlıq formatı post-müharibə dövründə bölgədə sabitliyin və təhlükəsizliyin təmin edilməsi və qarşılıqlı etimad mühitinin yaradılması baxımından kifayət qədər səmərəli və faydalı bir başlanğıc ola bilərdi. Lakin o zaman Ermənistan, Gürcüstan və İran bu təşəbbüsə lazımi dəstəyi vermədilər. Keçən 3 il ərzində bölgəmizdə baş verən hadisələr də bir daha göstərdi ki, sülhə və əməkdaşlığa alternativ yoxdur”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.
Onun sözlərinə görə, xüsusilə də separatçılar tərəfindən Qarabağda yaradılmış və 30 ildən çox qeyri-qanuni fəaliyyət göstərmiş qondarma qurumun ləğv olunması yenə də Cənubi Qafqazda yeni reallıqlar yaradıb: “Bugünkü reallıqda regional dövlətlərinin xarici təsirlər olmadan bir-biri ilə birbaşa əməkdaşlığı üçün daha əlverişli şərait yaranıb. Odur ki, bölgə dövlətləri arasında qarşılıqlı münasibətlərin “3+3” formatında inkişaf etdirilməsi yenidən gündəmə gəlib. Belə bir əməkdaşlıq bütün bölgə dövlətlərinin maraqlarına uyğundur və bölgənin gələcəyi üçün çox əhəmiyyətlidir. Belə ki, bölgə dövlətləri bu formatda əməkdaşlıq etməyə razılaşarsa belə bir əməkdaşlıq formatı bölgədən kənar güc mərkəzlərinin Cənubi Qafqaza təsir və təzyiq imkanlarını kifayət qədər məhdudlaşdıra bilər. Hələlik Ermənistandan başqa digər 5 dövlətin belə bir formatda əməkdaşlığa maraq göstərdiyi müşahidə olunur”.
Deputat sözlərinə davam edərək bildirib ki, Ermənistan mətbuatında XİN rəhbərinin də bu yaxınlarda baş tutacaq altı tərəfli görüşdə iştirak edəcəyi barədə məlumatlar var: “Bununla yanaşı, görünən odur ki, Ermənistan siyasi rəhbərliyi hələ də öz ölkəsinin inkişaf perspektivlərini xarici güclərin bölgəyə cəlb edilməsində görür. Ermənistan rəhbərliyi sülh haqqında çox danışsa da ölkələr arasında qarşılıqlı etimadı gücləndirə biləcək “3+3” formatında əməkdaşlıqla bağlı aydın və birmənalı mövqe göstərmir. Bu məsələdə Ermənistanın qeyri-konstruktiv yanaşması təəssüf doğurur”.