image-2000x150
image-media-cavansir-ajwuz0ly6b9fqhoe3svi-620x460backend

28 May tarixi bütün Türk İslam dünyası üçün əlamətdar bir tarixi gündür

image-728x90
28 May tarixi təkcə bizim üçün yox, bütün Türk İslam dünyası üçün əlamətdar bir tarixi gündür. Şərq dünyasında ilk dəfə “İnsanlara hürriyyət, Millətlərə istiqlal!” idealına əsaslanan demokratik respublikanın qurulması Azərbaycan xalqının dünyanın ictimai- siyasi tarixinə yazdığı çox parlaq bir səhifədir.
Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasından sonra xarici güclərin dəstəyi ilə Azərbaycanda hakimiyyət orqanlarını zəbt etmiş ermənilər qovuldu, Bakı bolşevik-daşnak hərbi birləşmələrindən azad edildi və 1- ci dünya müharibəsindən sonrakı olduqca mürəkkəb və ziddiyyətli bir dövrdə Azərbaycan Xalq Cümhuriyyəti öz fəaliyyətinə başladı. Qısa bir müddətdə dövlət quruculuğu və dövlət müstəqilliyinin beynəlxalq miqyasda tanıdılması istiqamətində çoxşaxəli geniş fəaliyyət aparıldı və çox mühüm addımlar atıldı. Dünyanın o zamankı güc mərkəzləri ilə intensiv danışıqlar aparmaqla yanaşı Azərbaycan Xalq Cümhuriyyəti milli ordunun yaradılması ilə məşğul olur, milli bank və milli pul vahidi təsis olunur, Şərq tarixində ilk dəfə qadınlara kişilərlə bərabər səs hüququ verilir, elmin, mədəniyyətin inkişafı üçün ilkin addımlar atıldı. Çar Rusiyasından miras qalmış qayda və qanunlar dünyada mövcud olan ən mütərəqqi qanunlarla əvəz olunur, cəmiyyətin demokratikləşməsi , söz, fikir və mətbuat azadlığının təmin olunması üçün dərin siyasi islahatlar həyata keçirildi. Xalqın həyatında baş verən bütün bu yeniliklər erməni- daşnak terrorçularının və rus- bolşevik hərbi qüvvələrinin ardı-arası kəsilməyən hücumları şəraitində baş verirdi.
1920- ci ilin aprelində Rusiyanın XI Qırmızı Ordusunun Azərbaycana hücumu və yeni müstəqil dövlətin tam işğalı Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğuna son qoydu. Lakin müstəqillik idealı insanların şüurunda və qəlblərində özünə möhkəm yer tutmuşdu. 1991- ci ildə öz müstəqilliyini bərpa edən Azərbaycan xalqı Xalq Cümhuriyyətinin varisi kimi onun başladığı işləri davam etdirdi. Lakin bu dəfə də Rusiyanın təlimatı ilə hərəkətə keçən erməni daşnakları növbəti dəfə xalqımızın azadlıq və müstəqillik arzularının gerçəkləşməsinə mane olmaq üçün rus hərbçilərinin dəstəyi ilə torpaqlarımızın 20%- ni işğal etdilər. Milli dövlətimizi ikinci dəfə iflas olmaqdan xilas etmək üçün xalq özünün ən böyük siyasət adamına – Heydər Əliyevə müraciət etdi. Dünya siyasətinin ən mahir ustadlarından biri kimi tanınan Heydər Əliyev xalqın təkidli xahişi ilə hakimiyyətə qayıtdı və tarixin onun alnına yazdığı ən böyük mübarizəyə – dövlət müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi uğrunda mübarizəyə başladı. Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə dövlətin beynəlxalq nüfuzu möhkəmləndirildi, milli dövlət qurucuğu sahəsində böyük uğurlar qazanıldı. Daha sonrakı illərdə Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən İlham Əliyev ölkənin sürətli iqtisadi inkişafına nail oldu, dövrün ən müasir ordusunu yaratdı, xalqı ümummilli məqsədlər uğrunda monolit həmrəyliyə səfərbər etdi. 2020- ci ildə erməni işğalçıları darmadağın edilərək torpaqlarımızdan qovuldu.
Bu gün Azərbaycan Xalq Cümhuriyyəti мüasir Azərbaycan Respublikasının timsalında yaşayır, inkişaf edir. Tarixdə ilk türk respublikasının qurucusu M.Ə.Rəsulzadənin “ Bir kərə yüksələn bayraq bir daha enməz” çağırışı bu günkü Azərbaycan Respublikasının nümunəsində öz həyatiliyini qoruyub saxladı və dövrümüzün dahi siyasətçisi Heydər Əliyev tərəfindən çağdaş və güclü Azərbaycanın əsası qoyuldu. Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xatirəsi xalqımız tərəfindən əziz tutulur və daim ehtiramla yad edilir.
Cavanşir Feyziyev
Millət vəkili
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90