image-rt-reklam
image-images-1backend

27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl

image-728x90

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış 2020-ci ilin Vətən müharibəsi illərlə həsrət qaldığımız torpaqların azad olunması ilə nəticələndi. Bu zəfərin ən mühüm mərhələlərindən biri isə məhz elə Cəbrayıl rayonunun azad edilməsi oldu. 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Cəbrayıl rayonu 27 il düşmən tapdağı altında qaldı. Həmin müddət ərzində rayonun 1 şəhəri, 4 qəsəbəsi və 97 kəndi viran edilmiş, əhalisi doğma yurdlarından didərgin salınmışdı.
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində Azərbaycan Ordusu qəhrəmanlıq və böyük fədakarlıq nümayiş etdirərək Cəbrayıl uğrunda döyüşlərə atıldı. Qısa müddətdə Böyük Mərcanlı, Nüzgar və digər kəndlər işğaldan azad edildi. Döyüşlərin davamında isə Şıxalıağalı, Sarıcallı, Məzrə, Doşulu və onlarla yaşayış məntəqəsi geri qaytarıldı. Oktyabrın 18-də isə əsrlərin yaddaşı olan Xudafərin körpüsündə Azərbaycan bayrağı dalğalandırıldı. Prezident İlham Əliyevin “Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!” sözləri Cəbrayıl zəfərinin rəmzinə çevrildi.
Nəhayət, müzəffər Ordumuzun qətiyyətli əməliyyatları nəticəsində Cəbrayıl şəhəri və 80-dən çox kənd işğaldan azad olundu. Bununla da Azərbaycan-İran sərhədinə dövlət nəzarəti bərpa edilmiş oldu. Bu uğur yalnız hərbi qələbə deyil, həm də Azərbaycanın suverenliyinin və tarixi ədalətin bərpası idi.
Müharibədən sonra dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Cəbrayıla səfər edərək işğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağını ucaltmış, yeni quruculuq və bərpa mərhələsinin əsasını qoymuşdular. Qısa müddətdə “Cəbrayılın azad olunmasına görə” medalı təsis edilərək, bu şanlı döyüşlərdə iştirak edən minlərlə hərbi qulluqçu təltif edildi.
Cəbrayılın azadlığı təkcə hərbi qələbə deyil, həmçinin xalqımızın birliyinin, əzminin və haqq yolunda mübarizəsinin simvoludur. 27 illik həsrətin sona çatması həm də gələcək nəsillərə böyük bir mirasdır-heç bir qüvvə Azərbaycan xalqının iradəsini sındıra bilməz. Bu gün azad edilmiş Cəbrayıl torpaqları yeni həyatla dirçəlir və zəfər tariximizin əbədi yadigarı kimi yaddaşlarda yaşayır.
Rəvanə Kərimova, Nəsimi Rayon Gənci

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90