image-rt-reklam
image-1backend

2007-ci ildə Düşənbədə baş verənlər: Tacikistan oradadır, bəs Azərbaycan yığması haradadır?

image-728x90

2007-ci ilin avqustun 22-də millimiz səfərdə Tacikistanla yoldaşlıq oyunu keçirirdi. Düşənbədə baş tutmuş oyunu canlı izləyən jurnalistlərdən biri idim. Səhv xatırlamıramsa, AFFA-nın baş katibi postuna yenicə təyin olunmuş Elxan Məmmədov milli ilə ilk dəfə səfərə çıxırdı.

Yaxşı xatırlayıram, Tacikistan Futbol Federasiyası o zaman AFFA-dan oyun üçün toplar istəmişdi. “Bizim toplar yaramır” demişdilər. Hətta o zaman çalışdığım ANS TV üçün hazırladığım reportajda da bu məqama toxunub, AFFA rəsmisindən bu haqda soruşmuşdum.

Həqiqətən taciklərin topları köhnə (uşaq vaxtı “Neftçi topu” dediyimiz ağ-qara toplar) toplar idi. Matç məhz bizim apardığımız toplarla oynandı… Oyundan sonra isə topları onlara hədiyyə etdilər.

Şahin Diniyevin baş məşqçisi olduğu millimiz matçda çox əziyyət çəkdi. Taciklərin o zaman ən yaxşı oyunçusu Özbəkistan çempionatında çıxış edən 31 yaşlı Akmal Xolmatov idi. Çətinliklə də olsa, Samir Əliyevin fərdi ustalığı sayəsində 3-2 hesablı qələbə qazandıq. Niyə xatırladım?!

Həmin Tacikistan millisi Asiya kubokunun final mərhələsində çıxış edir. Özü də tarixlərində ilk dəfə qrup ikinciliyini təmin ediblər və pley-offa vəsiqə qazanıblar…

2007-ci ildə top tapa bilməyən Tacikistan Asiya Kubokunun final mərhələsindədir, bəs Azərbaycan yığması haradadır?

Gündüz Abbaszadə

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90