22 iyul 1875-ci il – Azərbaycan tarixinə “Həqiqətə doğru ilk addım” kimi yazılan bu gün, milli mətbuatımızın rəsmi doğum günü sayılır. Həmin gün böyük maarifçi və jurnalist Həsən bəy Zərdabinin təşəbbüsü ilə Bakıda ilk Azərbaycan dilli qəzet – “Əkinçi” nəşr olundu. Bu, sadəcə bir qəzetin nəşri deyildi, bu, bir xalqın mədəni, intellektual və ictimai dirçəlişinin ilk işarəsi idi.
Zərdabi bu qəzeti yaratmaqla mətbuatı cəmiyyətin maariflənməsi, dilin və düşüncənin inkişafı, xalqla ziyalı arasında körpü yaratmaq vasitəsi kimi təqdim etdi. O, “Əkinçi”də yazırdı: “Mətbuat xalqa xidmət etməlidir.” Bu, Azərbaycan jurnalistikasının əbədi şüarına çevrildi.
Azərbaycan mətbuatı son 150 ildə bir sıra çətin və ziddiyyətli mərhələlərdən keçib.
Zərdabi jurnalistikanın sadəcə bir peşə yox, bir missiya olduğunu göstərdi. O, yazılarında kəndlilərin hüquqlarından, təhsilin əhəmiyyətindən, elmə və texnologiyaya açıq münasibətin vacibliyindən danışırdı. Bu, XIX əsrdə deyil, elə XXI əsrdə də aktual olan məsələlərdir.
Zərdabinin jurnalistika ideologiyası – Həqiqətə və Ədalətə xidmət – bu gün də əsl jurnalist peşəsinin bünövrəsidir.
150 illik yolun başlanğıcında “Əkinçi” dayanırsa, bu yolun hər mərhələsində jurnalistlər, yazarlar, düşüncə adamları – qaranlığı aydınlatmaq üçün öz işıqlarını yandıranlar dayanır. Onlar qələmləri ilə həqiqəti qoruyur, cəmiyyətin vicdanına çevrilirlər.
Bu gün də bu işıq sönmür. Çünki onu daşıyanlar var – Zərdabi düşüncəsinə sadiq jurnalistlər, vətənə xidmət edən ziyalılar, həqiqəti müdafiə edən söz adamları.
150 illik yubiley münasibətilə Azərbaycan jurnalistikasına xidmət edən bütün qələm sahiblərini ürəkdən təbrik edirik!
Arzuman Muradlı
Politoloq