“Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi hələ imzalanmağa hazır deyil, yekun layihə yoxdur, lakin xarici işlər nazirlərinin yanvarda gözlənilən görüşündə yekun müqavilənin mətninin razılaşdırılmasına ümid var”.
Bunu Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan Ermənistan İctimai Televiziya kanalına müsahibəsində bildirib.
Marukyan 32 erməni hərbçisinin qaytarılmasını Ermənistanla Azərbaycan arasında etimad mühitinin möhkəmləndirilməsi istiqamətində müsbət addım adlandırıb və ümidvar olduğunu bildirib ki, hətta bu cür “böyük olmayan addımlarla” belə, sülh razılaşması əldə oluna bilər.
Marukyan həmçinin qeyd edib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda qeyd olunan şərtlər artıq etibarlı deyil və işləmir.
O, daha bir məsələyə diqqət yetirməyin önəmli olduğunu vurğulayıb. Belə ki, Marukyanın fikrincə, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının bu və ya digər ölkədə keçirilməsi, heç də həmin ölkənin gələcək sülh müqaviləsinin qarantı olacağı anlamını daşımır: “Səhv təəssürat yaranıb ki, danışıqlar ABŞ-da, Brüsseldə və ya Moskvada gedirsə, deməli, onlar qarantdır. Lakin bu, belə deyil. Zəmanət mexanizmi sənədləşdirilməli, tərəflər arasında mübahisə yaranarsa, müqavilədə bunun həllilə bağlı bütün şərtlər göstərilməlidir”.






















