Ağstafa rayon Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə RİH başçısı Seymur Orucov, rayon prokuroru Anar Cəfərov, digər yerli hüquq-mühafizə strukturlarının rəhbər şəxsləri və əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Mərkəzin önündə müasir müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Qeyd olunub ki, dövlət müstəqilliyinin bərpasından və 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra prokurorluq orqanlarının da fəaliyyətində yeni dövr başlanıb. Ümummilli Liderin 1998-ci il iyulun 17-də imzaladığı müvafiq Sərəncama əsasən hər il oktyabrın 1-i Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Hazırda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə prokurorluq əməkdaşları peşə bayramlarını qalib ölkənin vətəndaşları kimi Zəfər əhvali-ruhiyyəsi ilə qeyd edirlər. 44 günlük Vətən müharibəsində prokurorluq orqanları da üzərlərinə düşən vəzifələri layiqincə və şərəflə yerinə yetiriblər. Prokurorluq əməkdaşları qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı kəsərli mübarizə aparılması, vətəndaşların hüquqlarının etibarlı müdafiəsi işində yorulmadan çalışırlar.
Ağstafa rayon Prokurorluğunun fəaliyyətlərində fərqlənən əməkdaşları Ağstafa Rayon İcra Hakimiyyətinin müvafiq Fəxri Fərmanları ilə təltif ediliblər.