Azərbaycan xalqı minilliklər boyu zəngin və şərəfli tarixə, mədəni irsə sahib olmuşdur. Bu tarixin, bu dəyərlərin qorunub yaşadılması və gələcək nəsillərə ötürülməsi isə yalnız dil vasitəsilə mümkün olur. Məhz buna görə də Azərbaycan dili – milli varlığımızın sütunu, xalqımızın özünü ifadə etdiyi müqəddəs vasitə kimi böyük əhəmiyyətə malikdir.
Azərbaycan Respublikasında hər il 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu gün ulu öndər Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmanla təsis edilmiş, onun dilə və milli dəyərlərə verdiyi önəmin təcəssümüdür. Bu tarix eyni zamanda, müasir Azərbaycan dövlətçiliyində ana dilimizin ali məqamda olduğunu simvolizə edir.
Azərbaycan dili bizim üçün sadəcə ünsiyyət vasitəsi deyil – milli ruhun, düşüncənin, dünyagörüşünün ifadəsidir. Bu dil şairlərimizin misralarında, aşıqlarımızın sazında, nənələrimizin laylasında yaşayır. Bu dil bizi bir millət kimi birləşdirir, tariximizə bağlayır və gələcəyə doğru aparır.
Sovet dönəmində qarşılaşdığımız çətinliklərə baxmayaraq, xalqımız öz ana dilinə sahib çıxmağı bacardı. 1978-ci ildə Azərbaycan dili SSRİ daxilində ilk dəfə olaraq Azərbaycan SSR Konstitusiyasında rəsmi status aldı. 1995-ci ildə qəbul olunan müstəqil dövlətimizin Konstitusiyasında isə Azərbaycan dili dövlət dili kimi təsbit olundu. 2001-ci ildə isə Heydər Əliyevin təşəbbüsü ilə latın qrafikasına keçid baş tutdu və dilin inkişafında yeni mərhələ başlandı.
Azərbaycan dili bu gün təkcə Azərbaycanın deyil, onun hüdudlarından kənarda yaşayan milyonlarla azərbaycanlının kimliyinin əsas rəmzidir. Özbəkistan Respublikasında yaşayan azərbaycanlı icması olaraq biz bu dəyərləri qorumağı özümüzə borc bilirik..
Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi olaraq, ana dilimizin qorunması və inkişafı məqsədilə təlim kursları, uşaq dərnəkləri, ədəbi və mədəni tədbirlər, poeziya axşamları və kitab təqdimatları təşkil edirik. Məqsədimiz gənc nəslə bu dəyərləri ötürmək, onların dilimizi sevərək və düzgün şəkildə mənimsəməsini təmin etməkdir.
Özbəkistan hökuməti tərəfindən göstərilən dəstək və yaradılan şərait nəticəsində biz milli-mədəni fəaliyyətimizi azad şəkildə həyata keçiririk. Bu baxımdan, Azərbaycan dili həm də iki dost ölkə – Özbəkistan və Azərbaycanın mədəni körpüsünə çevrilmişdir.
Müasir dövrdə Azərbaycan dili beynəlxalq arenada da öz yerini genişləndirməkdədir. Azərbaycan diaspor təşkilatları, o cümlədən Özbəkistandakı mədəniyyət mərkəzimiz bu dilin təbliğində aktiv iştirak edir. Dövlətimizin apardığı dil siyasəti sayəsində bu gün Azərbaycan dili BMT, TÜRKPA, ICESCO kimi beynəlxalq təşkilatlarda təmsil olunur.
Azərbaycan dili – tariximizin aynası, gələcəyimizin təməlidir. Bu dilin qorunması və inkişaf etdirilməsi hər bir azərbaycanlının vəzifəsidir.
Biz, Özbəkistan Respublikasında yaşayan azərbaycanlılar olaraq, bu müqəddəs amal uğrunda fəaliyyətimizi davam etdirəcəyik.
Dilimiz yaşadıqca – biz də yaşayırıq.
Yaşasın Azərbaycan dili!
Yaşasın milli kimliyimiz!
Mobil Məmmədov
Özbəkistan Respublikası
Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin İdarə Heyətinin sədri