Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim
Neçə on illərin o üzündə qalmış hadisələri xatırlamaq, onların mahiyyətinə uyğun ovqatları yenidən yaşamaq asan deyil. O hadisələrdə qəhər də var, ağrı-acı da, qəhəri unutduran qürur da. Qüruru yaşanılmış xatirələrin işığı bilmişik. O qürurda Zəngilanın keçmişi, o keçmişdə Zəngilanda yaşayanların, işləyənlərin, Zəngilan üçün günləri ay, ayları il edənlərin xatirələri var. O xatirələr illərdən sonra tarixin dünənlərinə sədaqət kimi yada düşür; tarixin dünənləri sabahların baslanğıcıdır. Bu duyğuları zamanında Zəngilanda mən də yaşamışam. Tanıdığım, sevdiyim insanların əhatəsində. Onların sırasında həkim İsgəndər İsgəndərov da (tanıyanlar ona loğman deyərdi) vardı…
İsgəndər Almas oğlu İsgəndərov 1930-cu il fevralın 6-da Zəngilanın Məlikli kəndində anadan olmuşdu. Ailənin ikinci övladı idi. Ailənin dörd övladı ata öyüdü ilə duru ömür yolçusuydu. Əmisi Ziyad da, Atlıxan da alitəhsilli idilər. İşıq misallı dünyagörüşləri camaatın könlünü telləndirirdi. Hamı bu işığın təşnəsiydi. Almas da. Almas istəyirdi ki, uşaqları da Ziyad kimi, Atlıxan kimi təhsilli olsun. Bu niyyət ömürlərin cığırdaşına dönmüşdü…
İsgəndər 1949-cu ildə Zəngilan kənd orta məktəbini bitirdi. Həkim olmaq istəyirdi. Bu istəyini ata-anası da, əmiləri də bəyənmişdi. Ona hamısı xeyir-dua vermişdi. Ata-ana İsgəndərin bu istəyi ilə qürurlanmışdı da: “Oğlum doxdur olacaq!..”
İsgəndər sənədlərini Azərbaycan Tibb İnstitutunun (indiki Tibb Universitetinin) müalicə-profilaktika fakültəsinə verdi. Qəbul olundu. Bu, gənc İsgəndərin uğuru idi. Uşaqlığından zəhmətə alışmışdı. Oxumaq da zəhmətdi. Oxudu, öyrəndi. İnstitutu 1953-cü ildə bitirdi. Şuşalı tələbə yoldaşı Tahirə də institutun məzunu olmuşdu. Baxış baxışın, kəlmə kəlmənin mehrinə düsmüsdü. Bu, bir sevgi imiş. Evləniblər. O vaxtlarda sovet hökuməti bu institutun məzunlarını da müxtəlif respublikalara göndərirdi. İsgəndərin də, həyat yoldaşı Tahirənin də təyinatını Tacikistana veriblər…
Vətəndən uzaqda aylar ilə dönür, zaman sovuşmur ki, sovuşmur. İsgəndər Tacikistana sığışa bilmirdi, Zəngilan adlı Böyük dünyası vardı, ürəyi onu Böyük dünyasının mehinə, şehinə, qövsi-qüzehinə çəkirdi. Müharibədən çıxmış ölkədə, əyalətdə, əyalətin bir rayonunda həkim çatısmırdı. Tacikistanda iki il işlədilər. Camaat gənc azərbaycanlı həkimləri sevirdi. İsinişdikləri, sağlamlıqlarını etibar etdikləri təbibləri hamı özünə sirdaş bilirdi, dərddaş bilirdi. Zəngilan rayonunun rəhbərliyi “Öz kadrlarımız ola-ola xəstəliklərlə baş-başa qalmışıq. Səhiyyə Nazirliyinə müraciət etməliyik…” Azərbaycanın Səhiyyə Nazirliyi Zəngilan rayon rəhbərliyinin məktubunu nəzərə alıbmış; İsgəndər də, Tahirə də kadr olaraq Azərbaycana göndərildi…
1955-ci ildə Zəngilan səhəri iki həkimin gəlişi ilə açdı…
O illərdə İsgəndər həkim müraciət edənlərin hamısını diqqətlə müayinə edirdi. Aparatlar, cihazlar yoxuydu. Çarə həkimin intiusiyasına, bir də təcrübəsinə, zamanında öyrəndiklərinə qalırdı. “Mənim kabinetimdən heç kim bədgüman qayıtmayacaq…”, – İsgəndər həkim bu amalla işləyirdi. Gecəsi də gündüzü kimiydi İsgəndər həkimin. Az müddətdə Zəngilan həkimliyi insanlığını, insanlığı həkimliyini tamamlayan gənc həkimi tanıdı, tanıdı və sevdi. “Haqq əmək itirməz” deyiblər. Həmin il neçə-neçə ömrü ölümün əlindən alan İsgəndər İsgəndərov Zəngilan rayon xəstəxanasının baş həkimin müalicə işləri üzrə müvini təyin olundu. Bundan sonra təkcə həkim kimi deyil, rayonda müalicə sisteminin təşkili də onun üzərinə düşürdü…
Rayonda ixtisaslı həkim, tibb personalı çatışmadığına görə İsgəndər həkim rayon xəstəxanasının baş həkimi SoltanVəliyevlə birlikdə təkcə rayon mərkəzində deyil, kəndlərdə də səhiyyənin inkişafına qayğı göstərirdi. Yolsuz yollarla dağ kəndlərinə də piyada gedir, əhali arasında profilaktik işlər aparır, xəstələri müəyyənləşdirir, onların müalicəsini təşkil edirdilər. Onlar bu və ya digər kənddə tibb məntəqələrinin yaradılmasına da, həkim və tibb bacısı kadrları ilə təmin edilməsinə də nail olurdular.
İstedad bütün sahələrdə qadirliyi ilə səciyyəvi olur. İsgəndər İsgəndərov həm də bacarıqlı səhiyyə təşkilatçısı idi. 1965-1966-cı illərdə Zəngilan şəhərində bir illik tibb məktəbi yaradılanda azsaylı həmkarları ilə birlikdə rayonun orta ixtisaslı tibb kadrlarının hazırlanmasında sonralar tarixləşən böyük xidmətləri olub.
Tibbi personala həmişə həssas və qayğıkeş münasibət göstərərdi. Tələbkar idi. “Həmkarlarına tələbkar olmaq üçün ilk növbədə özünə tələbkar olmalısan”, – İsgəndər həkim belə deyərdi. Böyük praktik təcrübəsi olmasına baxmayaraq, daim mütaliə edər, tibb elminin yeniliklərini öz fəaliyyətində tətbiq edərdi, həkimlərin Hippokrat andına sədaqətini insanlığa sədaqət adlandırardı. Tibb sahəsində tətbiq edilən yeni müalicə üsulları, farmokoloji ixtiralar, müalicə prosesinə tətbiq edilən yeni dərmanlar, tibbi texnika Zəngilanda ilk dəfə onun təşəbbüsü, iradəsi, qabiliyyəti sayəsində gətirdilmişdi. Onu Zəngilanda, yaxın rayonlarda bir loğman kimi tanıyırdılar.
“Xəstə ilə səmimi kəlmələşməyən həkim yaxşı həkim deyil. Xəstə həkimə inanmırsa, müalicənin xeyri olamayacaq…”, – bunlar da İsgəndər həkimin kəlamlarındandır.
1992-ci ilin oktyabrında Biləcəri Çağırış Məntəqəsindən ilk çağırışçılardan bir qrupunu qəbul edərək Zəngilanda yerləşən hərbi hissəyə gətirmişdik. İki həftədən sonra məruzə edildi ki, onlardan yeddi nəfəri alayın tibb məntəqəsində soyuqdəymədən müalicə olunsalar da, heç bir səmərəsi olmayıb. Xəstələrə baş çəkdim. Onlarla ayrı-ayrılıqda görüşdüm, söhbətləşdim. Öyrəndim ki, onların burda, tibb məntəqəsində müalicəsinin xeyri olmayacaq. Onlara ixtitisaslı tibbi müalicə tələb olunurdu. Təcili İsgəndər həkimlə görüşdük. Xəstələri Zəngilan rayon mərkəzi xəstəxanasında yerləşdirilməsini, analizlər götürülməsini və təcrid edilmiş bölmədə yeləsdirilməsini təşkil etdi. Həmin dövrdə ciddi dərman çatışmazlığı var idi. İsgəndər həkim baş həkim Eldar Babayevlə birlikdə dərmanların Füzulidən öz şəxsi vəsaitləri hesabına alınıb gətirilməsinə nail oldular. Üç həftə ərzində əsgərlərimizin sağlamlığı tam bərpa olundu…
El arasında bir ifadədə işlədilir: Filankəs böyüklə böyükdü, uşaqla uşaq. Yəni insansevər adamdır, yəni insan adamdır. Bu, həmişə ürəyi böyüklüyün ifadəsi olub. İsgəndər həkim də böyük ürək yiyəsi idi. Böyüklərin kiçik qardaşı idi, kiçiklərin böyük qardaşı. Bu xarakter onun vətəndaslıq sənədi idi sanki. Hamı sevirdi onu, o, hamının sevimlisi idi. Qayğıkeş, diqqətcil həkim mənim də xətrimi əziz tuturdu. Aramızda xeyli yaş fərqi olsa da, müəyyən məsələləri müzakirə edəndə, xalqla, el-oba ilə bağlı məsələlərdən söz düşəndə səmimiyyətlə dərdləşərdik…
Dayımın həyat yoldaşı rayon xəstəxanasında yatırdı. Onun müalicəsi üçün İsgəndər həkimə müraciət etdim. Gülümsündü, “Həkim kimi borcumdur, əlavə olaraq dostumun qohumudur”. Birlikdə palataya gəldik. Müayinə uzun çəkmədi. Allahverdi həkim xəstənin xəstəliyi ilə əlaqəli zəruri bildiklərini də dedi. İsgəndər həkimin qaşları çatıldı: Dayının yoldaşının xəstəliyi ciddi deyil, onu gözəl dağ havası olan kənddən bura niyə gətiribsiniz. Aparın, Canbarda hər şey öz axarına düşəcək. Profilaktik müalicə üçün bir-iki dərman yazdı. Onun göstərişi ilə dərmanları da xəstəxananın aptekindən verdilər. Ağır xəstə olduğunu düşünən, buna görə fikir çəkən qohumum sağalacağına ümidlə Canbara qayıtdı…
“İbn Sinanın loğmanlığı dünyanı min ildi heyrətləndirir. Bu heyrət təbabətin inkişafında böyük təkan oldu. Bu gün təbabət hansı səviyyədə inkişaf etmiş olsa da, İbn Sina və İbn Sinalıq heç zaman unudulmayacaq. Mən istəyirəm ki, gənclərimiz bu sahəyə maraq göstərsinlər, xalqımızın sağlamlığı keşiyində dayansınlar. Axı onlar istedadlıdırlar…”, – İsgəndər həkim könüldaşlarına belə deyərdi. Bu da onun həkimliyə sədaqətinin ifadəsi kimi qəbul edilirdi…
Hansı həkimin xəstəsi olmasından asılı olmayaraq, hamısına eyni məsləhət verilərdi: Hökmən İsgəndər həkimə göstərin, onunla məsləhətləşin, – deyərdilər. Ona qonşu rayonlardan da müraciət edənlər olurdu. İnam kimi, etibar kimi…
Hər oxuyan Molla Pənah olmur, tibb institutunu bitirən hər məzun da yaxşı həkim olmağı bacarmır. Yaxşı həkim olmaq üçün tibb institutunun məzunu həm də yaxşı xarakterə malik olmalıdır. Nədir yaxşı xarakter? – İsgəndər həkimi yaxından tanıyanlar deyirlər ki, o, xəstə ilə səmimi kəlmələşirdi, xəstəni inandıra bilirdi, təkcə həkimə deyil, həm də həkimin təyin etdiyi müalicəyə inandırırdı. Dəfələrlə çarəsiz xəstə kimi ona müraciət edənlər sağalacağına dönməz inamla qayıdıb. İsgəndər həkim buna şükranlıq deyərdi…
Həkimlik peşəsini bütün varlığı ilə sevirdi. Bu peşəni sevənləri də, bu peşəni seçənləri də sevirdi. O, bu nəcib peşənin sirlərini, zəngin təcrübəsini gənc həkimlərlə bölüşməkdən iftixar hissi duyar və zövq alardı. “Vacib bildiklərini inandığın gənc həkimə söhbətlər zamanı da öyrətmək mümkündür. Sən inanmalısan ki, gənc həkim öyrənmək istəyir…” Onlardan qayğısını, dəstəyini əsirgəməzdi. Tofiq Bağırov, Rəhman Quliyev, Qaçay Hüseynov, Tofiq Babayev, Teyyub Orucov, Eldar Babayev, Allahverdi Quliyev, Sucəddin Quliyev, Səhiyyəddin Həsənov, Tariyel Salmanov, Sərdar İsmixanov və digərləri alitəhsilli həkim idi. Onlar da İsgəndər həkimin təcrübəsindən yararlanaraq peşəkar olublar.
Zəngilanı çox sevirdi. Düşmən Zəngilana həmlələr, hücumlar edəndə imkan tapanda döyüşənlərin yanına gələrdi. Bu gəliş döyüşçülərin döyüş əzmini, qələbə ruhunu yüksəldərdi. Döyüsçülərdən biri zarafatla demişdi ki, İsgəndər həkimi görəndə adam yaralanmaqdan çəkinmir, qorxmur, dərdi verən Allah dərmanını göndəribsə, nədən narahat olmalıyam. Gülüşüblər. Bu təbəssümlər də döyüş əzminə dönüb…
Zəngilan işğal edildi. Bütün zəngilanlılar kimi İsgəndər həkim də yaşadığı illərin aylarının ən ağır gününü yaşadı. Onda xəstəydi. Onda özünə kömək lazım idi. Payızın sazağında özünü Arazın sahilinə yetirmişdi ki, ehtiyacı olanlara tibbi yardım eləsin. “Həkim Simurğ misallı olmalıdı, ehtiyacı olanın hoyuna yetməlidi”, – İsgəndər həkim həkimlik peşəsinin yazılmamış qanununu belə ifadə edirdi. 1993-cü ilin soyuq payız günü Arazın ləpədöyənində neçə xəstəyə çarə oldu İsgəndər həkim, neçə zəngilanlıya şəfa verdi…
Rayonun ictimai-siyası həyatında da fəal iştirak edirdi. Rayon partiya komitəsinin bir sıra konfranslarında plenum üzvü, rayon və şəhər sovetinin deputatı seçilmişdi.
Zəngilan rayonunda 38 illik səmərəli fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdi. “Səhiyyə əlaçısı” döş nişanına layiq görülmüşdü. “Şərəf nişanı” ordeni, “Rəşadətli əməyə görə” Lenin yubiley medalı ilə təltif edilmişdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Qırmızı Aypara Cəmiyyətinin fəxri fərmanları ilə mükafatlandırılmışdı. Əmək veteranı idi. İsgəndər həkim üçün ən böyük mükafat doğulub, boya-başa çatdığı, müalicə edib həyata qaytardığı Zəngilan elinin ona olan hüsn-rəğbəti, bitib-tükənməyən məhəbbəti idi.
Şərəfli ömür yolu keçmiş, uzun illər insanların sağlamlığı keşiyində ləyaqətlə dayanmış, pesəkar həkim, dəyərli ziyalı, unudulmaz insan İsgəndər İsgəndərov 1994-cü il yanvarın 6-da dünyasını dəyişdi. Onun xoş xatirələri ömrünün davamıdır…