image-rt-reklam
image-1backend

Üç nəsil sənətkar ailəsi yetişdirən böyük aktrisa: O, hansı məşhurun nənəsidir?

image-728x90

Səhnədə dinamikası, tərəf müqabilini hiss etməsi və ən əsası oynadığı obrazın daxili aləmini açmaq bacarığı onu tamaşaçılarla bərabər sənət yoldaşlarının da sevimlisi etmişdi. Bu isə çox az sənətkara qismət olan bir xoşbəxtlikdir.

Ulusal.az xəbər verir ki, bu gün Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının ilk peşəkar aktrisalarından biri, səhnədə 200-ə yaxın bənzərsiz obrazlar canlandıran Əməkdar artist Xədicə Qazıyevanın anım günüdür.

Xədicə Qazıyeva 1909-cu il fevralın 15-də Rusiyanın Kazan şəhərində dünyaya gəlib. Əslən Bakıdan olan həyat yoldaşı ilə ailə qurduqdan sonra Azərbaycana köçüb.

Aktrisa 1920-ci illərdə Naxçıvana ezam olunan hərbçi həyat yoldaşı ilə muxtar respublikaya gedəndə teatrda onun kimi qadın aktrisalara ehtiyac var idi. Teatrda işləmək niyyətini açıqlayanda onu tərəddüd etmədən sənət ocağının yaradıcı kollektivinə daxil etdilər. Gənc Xədicənin peşəkarlığı, bacarığı, sənətinə olan sevgisini ona ilk günlərdən uğur gətirməyə başladı. Burda bir səbəb də teatrda qadın aktrisaların çox az olması idi. Muxtariyyətin yarandığı ilk illərdə Bakıdan qadın aktrisalar Naxçıvan teatrına dəvət olunurdu. Amma onlar da bir neçə tamaşa oynayandan sonra yenidən geri qayıdırdılar. Nəticədə isə peşəkar qadın aktrisalar sarıdan teatrda ciddi boşluq hiss olunurdu. Məhz həmin vaxtlarda Xədicə xanımın Naxçıvana gəlişi teatr ictimaiyyətini sevindirdi. İstedadı ilə seçilən aktrisanın Naxçıvan teatrında ilk rolu “Qaçaq Kərəm” pyesində Sirab obrazı olub. Daha sonra bir-birinin ardınca özünəməxsus, bənzərsiz obrazlara həyat verdi sənət ocağında. Öz dövründə hər sənətkara nəsib olmayan uğuru, sevgini elə sağlığında qazana bildi istedadlı aktrisa.

Xədicə Qazıyeva Naxçıvan teatrının 100 illiyi ilə bağlı 1987-ci ildə keçirilən tədbirdə öz xatirələrini tamaşaçılarla bölüşəndə təsirli çıxışı ilə yadda qalıb: “Mən ömrümün 50 ildən çoxunu bura bağlamışam, yəni 1927-ci ildən bu teatrda işləmişəm. Onda teatrımızın vəziyyəti çox pis idi. Heç teatr binası da yox idi. Klub deyirdilər. Aktyorlar əziyyət çəkirdi. Heç kəs bizə kömək etmək istəmirdi. Səhnəmizdə Azərbaycan qızlarının olmaması isə daha ağrılı idi. Yaxşı yadımdadır, 1928-ci ildə iki qadın bizə aktrisa kimi işləməyə gəldi. Məhbubə Məmmədova və Telli Əkbərova. Onların teatra gəlişi isə qadın aktrisaların və ümumi truppanın işinə xeyli kömək etdi. Mərhum Səməd Mövləvi 8 Mart-Beynəlxalq Qadınlar Bayramı münasibətilə Cəfər Cabbarlının “Sevil” dramını hazırlamışdı. Tamaşaya baxan qadınlar Sevilin çadrasını Balaşın üzünə çırpdığı məqamda kütləvi şəkildə ayağa qalxıb çadralarını səhnəyə tulladılar. Tamaşadan sonra ərlərindən qorxan bəzi qadınlar gəlib çadralarını apardılar. Amma yenə də xeyli sayda çadra qaldı və onları biz teatrın qarderobuna verdik. Bu, bizə çox ürək-dirək verdi, sevindirdi. O zaman teatrın vəziyyəti çox çətin idi. Hər yerə piyada gedib-gəlirdik. Uzaq kəndlərə isə atlara, öküzlərə qoşulmuş arabalarda gedirdik. Yadıma düşəndə nə qədər əziyyət çəkmişik, nalayiq sözlər eşitmişik, bədənim əsir, əsəbləşirəm. Amma bugünkü Naxçıvan teatrını görəndə cavanlaşıram. Bu gün teatrda işləmirəm, 80 yaşım var, amma əvəzində qızımı-Sofyanı səhnəyə vermişəm…”

1964-cü ildə Əməkdar artist fəxri adına layiq görülən Xədicə Qazıyeva teatrın səhnəsində təkcə maraqlı obrazlar yaratmadı, onun yaradıcılığının təsiri ilə bu sənət məbədində bütöv bir aktrisalar nəsli yetişdi. Səhnədə dinamikası, tərəf müqabilini hiss etməsi və ən əsası oynadığı obrazın daxili aləmini açmaq bacarığı onu tamaşaçılarla bərabər sənət yoldaşlarının da sevimlisi etdi. Xədicə xanım sənətə o qədər vurğun idi ki, onun bu sevgisi ailəsinə də təsirsiz ötüşmədi. Xədicə xanımın qızı Sofya da aktrisa olmaq qərarına gələndə bu anasını heyrətləndirmədi. Çünki o, qızının istedadına yaxşı bələd idi. Naxçıvan teatrının səhnəsində 100-dən artıq rol oynayan Sofya Hüseynova sənətdə qazandığı uğurlarla bunu bir daha sübut etdi. Xədicə Qazıyevanın iki nəvəsi-Sofya Hüseynovanın övladları Xalq artistləri Rəfael Dadaşov və Rövşən Hüseynov da nənələrinin sənət yolunu davam etdiriblər. Bu gün Naxçıvanda çox az ailə var ki, üç nəsil bir sənətin davamçılarını yetişdirsin. Xədicə Qazıyeva bu ailənin sənət ənənəsinin banisi kimi tarixdə qaldı.

Xədicə Qazıyeva 1991-ci ildə Naxçıvan şəhərində vəfat edib.publika.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90