image-rt-reklam
image-1backend

Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək Qarabağ Bəyannaməsi

image-728x90

Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir.  Bu fikri Prezident İlham Əliyev iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışında deyib. Dövlətimizin başçısı bildirib: “Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır”. Dövlətimizin başçısı, həmçinin vurğulayıb ki, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmiş və göstərməkdə davam edir.
Prezident İlham Əliyev Şuşada imzalanan  Qarabağ Bəyannaməsinin, qəbul edilən qərarların Türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcəyini əminliklə vurğulayıb. Qeyd edək ki, Azərbaycan və Türkiyənin rəsmi müttəfiqliyinin əsasını qoyan Şuşa Bəyannaməsi də 2021-ci ildə məhz Şuşada imzalanıb.
Keçən il sentyabrın 20-də Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra Şuşanın 2021-cilə “Azərbaycanın mədəniyyət paytaxtı”, TÜRKSOY tərəfindən 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, ICESCO tərəfindən isə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edildiyini, Şuşada keçirilən bu Zirvə görüşünün rəmzi məna daşıdığını vurğulayan Prezident İlham Əliyev Qarabağın tacı sayılan Şuşa şəhərinin həmişə Azərbaycanın və regionun mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olduğunu, amma müəyyən müddət erməni işğalında inlədiyini  bir daha xatırladıb: “2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsindən sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olmuş və beləliklə, İkinci Qarabağ müharibəsi başa çatmışdır. Hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd edilir”. Dövlətimizin başçısı bu istiqamətdə türkdilli ölkələrin mənəvi dəstəyinin olduğunu da bildirib.
Hazırda Qarabağ və Şərqi Zəngəzurda “Böyük Qayıdış” Proqramının uğurla icra olunduğuna diqqət çəkən Prezident İlham Əliyev bu abadlıq-quruculuq işlərinə türkdilli ölkələrin də töhfə verdiyini vurğulayıb. Türkiyə Prezidentinin Şuşaya, Füzuliyə, Zəngilana və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentlərinin Şuşaya və Füzuliyə, Qırğızıstan Prezidentinin Füzuliyə və Ağdama səfərlər etdiklərini xatırladan dövlətimizin başçısı, həmçinin  qardaşlığımızın rəmzi olan məktəb və yaradıcılıq mərkəzinə və eləcə də tikiləcək məktəblərə görə qardaş ölkələrin dövlət və hökumət başçılarına bir daha təşəkkürünü çatdırıb.
Dövlətimizin başçısı bir məqama da toxunub: “Türk Dövlətləri Təşkilatının cari büdcəsi və strukturu bizim birlikdə nəzərdə tutduğumuz hədəflərin reallaşdırılması üçün yetərli deyil. Buna görə, Azərbaycan bu günlərdə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürmüşdür”. Prezident İlham Əliyev Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsinin qarşımızda duran prioritet məsələlərdən biri olduğunu da qeyd edib. Dövlətimizin başçısı, həmçinin Orta Dəhlizin ayrılmaz bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükaşırma qabiliyyəti Azərbaycanın əlavə sərmayəsi nəticəsində 1 milyondan 5 milyon tona çatdırıldığını, Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycanın Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərdiyini də diqqətə çatdırıb.
Çıxışının sonunda  bu il Azərbaycanda keçiriləcək  COP29-dan söz açan dövlətimizin başçısı bu tədbirin Bakıda keçirilməsini beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın bariz nümunəsi kimi dəyərləndirib: “Azərbaycan Qoşulmama Hərəkatında 4 il sədrliyi dövründə əldə etdiyi təcrübədən istifadə edərək inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında həmrəyliyin gücləndirilməsi, konsensusa nail olunması üçün səylərini əsirgəməyəcək”.
Qeyd edək ki, Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsinin imzalanması mərasimi ilə başa çatıb.

Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90