image-2000x150
image-ffa1a6b7fe52c91642ec6c53b76a8581backend

Terror ideologiyasının dövlət səviyyəsində rəsmiləşməsi – “Nemezis”ə abidə…

image-728x90

Erməni terror təşkilatının Azərbaycan və Türkiyəyə qarşı cinayətləri barədə şok məlumatlar; ermənişünas alim: “Bu terrorçu dövlətlə yumşaq danışmağın mənası yoxdur”

Aprelin 25-də İrəvanda “Nemezis” terror əməliyyatına həsr olunmuş abidənin açılması ermənilərin əsl mahiyyətinə bir daha işıq salmış oldu. Bu yerdə yada salaq ki, martın 26-da Türkiyə və Ermənistan milli komandaları arasında İrəvanda keçirilən oyun zamanı erməni azarkeşlər “Nemezis” yazılmış pankart açmışdılar.

Məlumdur ki, “Nemezis əməliyyatı” – ASALA erməni terror təşkilatının Osmanlı İmperiyası və Azərbaycan Xalq Cümhuriyyəti rəsmilərinə qarşı planlaşdırılan terror hücumlarının adıdır. Əməliyyat öz adını yunan intiqam ilahəsi Nemezidanın adından götürüb. Guya ermənilər bununla saxta “soyqırım”a cavab veriblər. “Nemezis əməliyyatı”nın gedişatı müddətində bir sıra cinayətlər törədilib və Azərbaycanın və Türkiyənin görkəmli şəxsləri qətlə yetirilib. Qətlə yetirilənlər arasında ADR-in keçmiş baş naziri Fətəli xan Xoyski olub. Belə ki, Cümhuriyytimizin süqutunun ikinci ayında, 1920-ci ilin 19 iyununda Tiflisdə Azərbaycan Demokratik Respublikasının keçmiş baş naziri Fətəli xan Xoyski qətlə yetirilib, keçmiş ədliyyə naziri Xəlil bəy Xasməmmədov isə yaralanıb. Eyni tarixdə Tiflisdə Azərbaycan parlamentinin keçmiş sədr müavini Həsən bəy Ağayev də qətlə yetirilib. Daşnaklar Azərbaycan Xalq Cümhuriyyətinin qurucularını digər ölkələrdə, o cümlədən Türkiyədə belə təqib ediblər. 19 iyul 1921-ci il tarixdə İstanbulda Azərbaycanın keçmiş daxili işlər naziri Behbud xan Cavanşir də öldürülüb. 15 mart 1921-ci ildə Berlin şəhərində Osmanlı imperiyasının keçmiş daxili işlər naziri və sədr-əzəm olmuş Tələt Paşa, Osmanlı imperiyasının keçmiş sədr-əzəmi Səid Hilmi Paşa, keçmiş hərbi dəniz qüvvələri naziri Camal paşa, keçmiş Trabzon valisi Camal Əzim və “Təşkilati Məxsusə”nin yaradıcısı Bahəddin Şakir və bir sıra digər dövlət əhəmiyyətli şəxslər də qətlə yetirilib. “Nemezis” əməliyyatının gedişi zamanı hətta bu əməliyyatla bağlı məlumat sızdıran ermənilər belə xalq düşməni elan olunaraq təqib edilib və ən ağır şəkildə cəzalandırılıblar.

Azərbaycan XİN: İrəvanda “Nemezis” terror əməliyyatına həsr olunmuş abidənin açılmasını qətiyyətlə pisləyirik Pravda.az

Azərbaycan Xarici İşlər Nazirliyi bu abidənin Ermənistanın aidiyyəti dövlət qurumlarının icazəsi və təsdiqi ilə hazırlanması, habelə açılış mərasimində hakim partiyanın üzvü olan Ermənistan merinin müavini və digər rəsmilərin də iştirak etməsini rəsmi İrəvanın terrorçuluq siyasətinin təşviq olunması və tarix boyu həyata keçirdiyi terror əməllərinin təbliğatı kimi qiymətləndirib. Rəsmi Ankara da terrorçuluğun təbliğini kəskin pisləyib.

Qəribəsi budur ki, bütün bu anormal addımlar Türkiyə ilə münasibətlərin guya normallaşma xətti götürüldüyü, hətta sərhəd qapısının təmirinə 72 min dollar vəsaitin ayrıldığı barədə Ermənistan hökumətinin mövqeyi ilə paralel davam etdirilir. Amma İrəvandakı beynəlxalq idman yarışında Azərbaycan bayrağının yandırılması, həmçinin Türkiyə bayrağına həqarət edilməsi, eyni zamanda saxta “soyqırım” yürüşündə ölkələrimizin bayraqlarına od vurulması rəsmi İrəvanın revanşistlərin əlində girov olduğu qənaətini yaradır.

Yeri gəlmişkən, dövlətimizin başçısı İlham Əliyev mötəbər tədbirlərdə Ermənistanın yürütdüyü terror siyasətini, işğalçı dövlətin rəmzinə çevrilən faşist təxəyyüllü Nijdeyə abidə qoyulmasını və digər faktları dəfələrlə dünyanın diqqətinə çatdırmağa çalışıb. Göründüyü kimi, Ermənistan terrorçuluğun təbliğini dövlət siyasətinə çevirib, son addımları da buna sübutdur. Lakin təəccüblüsü budur ki, beynəlxalq ekspertlər, dünyanın aparıcı mərkəzləri Ermənistan dövlətinin terroru ideologiyaşdırmasına  reaksiya vermir… Dünya terrora qarşıdır, Rusiyanı terrorçu elan edib Qərb, amma Njdeni, terror təşkilatını müdafiə və təbliğ edən Ermənistanı görməzdən gəlirlər…

63 yaşlı Qafar Çaxmaqlı: “Həmişə hər şeyi sıfırdan başlamışam” - MÜSAHİBƏ

Qafar Çaxmaqlı 

Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı “Yeni Müsavat”a açıqlamasında təsdiqlədi ki, İrəvanda “Nemezis” terror təşkilatına abidənin qoyulması Ermənistan dövlətinin terrorçu mahiyyətini ortaya qoyan növbəti faktdır: “Bundan öncə də Zəngəzurda cinayətlər törətmiş və tutularaq 25 il həbs cəzasına məhkum edilmiş Qaregin Njdeyə heykəl qoyulması etirazlara səbəb olmuşdu. Njde alman faşistləri ilə əməkdaşlıq etmiş və SSRİ-yə qarşı erməni alman faşistlərinin tərkibində vuruşmuş legionun qurucularından biri idi. Bu faşistə heykəl qoyulması Rusiyanın da təpkilərinə səbəb olmuşdu. 1921-ci ildə Osmanlı dövlətinin daxili işlər naziri Tələt Paşanı öldürən Soğomon Teyleryana da bu ölkədə heykəl qoyulub. Kim biz türklərə qarşı vuruşmuşsa, terror etmişsə, bu ölkədə qəhrəman hesab olunur. Terrorçuların qəhrəmanlaşdırılması Ermənistan dövlətinin ideologiyasıdır. Təsadüfi deyil  ki, Njdenin Tsexakronizm adlı faşist təlimi Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın başçılıq etdiyi Respublikaçılar Partiyasının rəsmi ideologiyasıdır. Daşnaksütyun Partiyasının qərar verdiyi və həyata keçirdiyi terror tədbirlərinin adıdır. Terrorçubaşı Şahan Natalinin təşəbbüsü ilə 1919-cu ilin oktyabrında Erməni İnqilabçı Federasiyası – “Daşnaksütyun”  partiyasının İrəvanda keçirdiyi IX qurultayında bu adda terror təşkilatı yaradılıb və türklərdən intiqam almağa başlamaq haqqında qərar verilib. Bəhanə də o idi ki, guya Bakıda 1918-ci ildə erməni əhalisinin qətlini təşkil etmiş şəxslər və 1915-ci ildə erməniləri Osmanlı ərazisində “soyqırıma məruz qoyanlar” olub. Onlar dünyanın harasında olur-olsun öldürülməli idilər”. Araşdırmaçı alim qeyd etdi ki, qətlə yetiriləcək şəxslərin arasında, həm Osmanlı imperiyasının, həm də Azərbaycan Demokratik Respublikasının keçmiş rəhbərləri var idi: “Əməliyyatlara  Şərqi Anadolu torpaqlarında bir zamanlar suçsuz insanlara divan tutmuş terrorçu Armen Qaro (Garegin Basdırmaçıyan)  rəhbərlik edəcəkdi. Qətl qərargahları kimi İstanbulda fəaliyyət göstərən “Çakatamart” (Ön cəbhə) və Bostonda çıxan “Droşak” (Bayraq) qəzetlərinin redaksiyalarından istifadə olunacaqdır. “Nemezis”in siyahısına Türkiyənin və Azərbaycanın 650 nəfər dövlət xadiminin və ziyalısının adları salınmışdı. Onların içərisindən 41 nəfər “əsas günahkarlar” seçilmişdi”.

Q.Çaxmaqlı onu da qeyd etdi ki, “Nemesis” ermənilərin yaratdığı ilk terrorçu təşkilat deyildi: “Hələ 1890-cı ildə  Şərqi Anadoluda ermənilərin silahlı müqavimət təşkilatları təşkil edilmişdi. Onlara “Fidayinler” – “fədai” sözündəndir – deyirdilər. Partiya üzvlərini  birləşdirən  bu terrorçu dəstələr “müstəqil Ermənistan”ı qurmağı əsas hədəf olaraq götürmüşdü və Osmanlı fəal  siyasi xadimlərinə sui-qəsdlər düzənləməklə məşğul idilər, yerli əhaliyə isə çox böyük faciələr yaşatmışdılar. Hələ 30 iyul 1914-cü ildə Ərzurumda keçirilən partiya konfransında qərara alınmışdı ki, terror əməliyyatları ilə hökumətə basqılar edilsin. Ermənilər 1915-ci ildə İstanbulda EİF-in “Qırmızı bazar” terror qrupunu da qurmuşdular.  Yeri gəlmişkən, deyək ki, 1915-in  24 aprelində bu terror qrupun üzvlərinin hazırladığı terror planının hökumət tərəfindən qarşısı alınmışdı, bu işdə əli olan 234 erməni komitəçilər həbs edilmişdi. Ermənilərin 24 aprel gününü sözdə “erməni soyqırımı” günü olaraq qəbul etmələri də bu hadisə ilə əlaqədardır. İstanbul erməni icma liderləri bunda, daxili işlər naziri Talat Paşanı  günahkar bilmişdilər, həmin qrupun üzvləri  24 apreldə Ankara yaxınlığındakı cəzaçəkmə həbs düşərgəsinə köçürülmüşdü. Böyük Britaniyaya bağlı Maltaya çox sayda erməni fəalı  sürgün edilmişdi. 1919-cu ildə, ermənilərin ölümündə suçlu hesab olunanların məsələsinə hərbi məhkəmədə baxılmış, bu suçların dövlətə qarşı cinayət olduğu təsdiqlənmişdi”. Professor bildirdi ki, İrəvanda, 1919-cu ildə erməni dövlətinin də fəal yardımı ilə İttihat və Tərəqqi Partiyası və Azərbaycan Demokratik Cümhuriyyəti rəhbərlərini fiziki cəhətdən məhv etmək qərarı verilərkən ermənilər bunun terror hərəkəti olduğunu yaxşı bilirdilər: “1919-cu ildə Ermənistan İnqilabi Federasiyası – Daşnaksütyun IX Baş Assambleyasında qəbul edilmiş qətnamədə 650 nəfərin öldürülməsi qərarı verilmişdi, onların 41-i “əsas cinayətkarlar” idi.  Bu sui-qəsdləri həyata keçirəcək terror təşkilatına da “Nemesis” adı verilmişdi. Bu əməliyyatın fəaliyyət rəhbərliyinin Ermənistan ayağı – rəhbəri Armen Garo-Garegin Basdırmaçıyan idi – və  bunun üçün yaradılmış Xüsusi Fondun maddi dəstəyi isə diaspora ayağı – direktoru Şahan Satchaklyan – Natali – yaradılmışdı. Qərardan bir il sonra qətllərə start verildi. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədr müavini Həsən bəy Ağayev 1920-ci ildə Tiflis şəhərində qətlə yetirildi. 19 iyun 1920-ci ildə  yenə də Tiflis şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin keçmiş baş naziri Fətəli xan Xoyski öldürüldü, keçmiş ədliyyə naziri Xəlil bəy Xasməmmədov isə yaralandı. Qətli erməni terrorçu Aram Yerkanyan törətmişdi, onunla birgə digər erməni Misak Girakosyan da olub. 15 mart 1921-ci ildə Berlin şəhərində Osmanlı imperiyasının keçmiş daxili işlər naziri və sədr-əzəm olmuş Tələt Paşa qətlə yetirilmişdi. Tələt Paşanın adı terrorçuların qara siyahısında birinci gəlirdi. Tələt Paşanın qatili Soqomon Teyleryan yaxalansa da, sonradan Berlin məhkəməsi tərəfindən bəraət aldı”. Q.Çaxmaqlı qeyd etdi ki, hazırda Ermənistanda bu terrorçuya heykəl qoyulub. Terrorçuların fəaliyyəti digər ölkələrdə də davam edib. 5 dekabr 1921-ci ildə Roma şəhərində Osmanlı imperiyasının keçmiş sədr-əzəmi Səid Hilmi Paşa qətlə yetirilib. Qətli törədən Arşavir Şirakyanı həbs etmək mümkün olmur və o, İstanbula (?-red.) qaçır. Bu qətlin təşkilatçıları arasında Ermənistanın Romadakı keçmiş səfiri Mikael Vartanyanın da əli olduğu sübut olunur. 17 aprel 1922-ci ildə yenə Berlin şəhərində keçmiş Trabzon valisi Camal Əzmi və “Təşkilati-Məxsusa”nın yaradıcısı, tibb professoru Bahəddin Şakir ailəvi gəzinti zamanı qətlə yetirilir. Həmçinin  B.Şakirin cangüdəni də öldürülür. Qətli Arşavir Şirakyan və Aram Yerkanyan törədirlər. 19 iyul 1921-ci ildə İstanbul şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin keçmiş daxili işlər naziri Behbud xan Cavanşir şəhərin “Pera Palas” mehmanxanasının qarşısında qətlə yetirilir. Qatil Misak Torlakyanın işinə Britaniya hərbi tribunalı baxır, tribunal onu qətli törətməkdə günahkar bilir, lakin əlavə edir ki, Torlakyan qətli törədərkən “affekt” vəziyyətində olduğundan törətdiyi cinayətə görə məsuliyyət daşıya bilməz. Heyrətamiz qərardan sonra terrorçunu Yunanıstana ekstradisiya edirlər. Qətlin digər iştirakçıları Edvard Fundukyan və  Harutyun Harutyunyants da sərbəst buraxılır. Araşdırmaçı alim digər faktları da təqdim etdi: “4 avqust 1922-ci ildə Osmanlı imperiyasının hərbi naziri, Azərbaycana Qafqaz İslam Ordusunu göndərən və xalqımızı məhv olmaqdan xilas etmiş Ənvər Paşa Əfqanıstan yaxınlığında bolşeviklərin tərkibində vuruşan daşnak  Yakov Melkumov  adlı erməni tərəfindən qətlə yetirilir. 25 iyul 1922-ci ildə Tiflis şəhərində “Daşnaksütyun” erməni terror təşkilatının yaratdığı ixtisaslaşdırılmış “Qisas” birləşməsindən olan erməni terrorçular Osmanlı imperiyasının keçmiş hərbi dəniz qüvvələri naziri, Osmanlı ordusunun Suriyadakı 4-cü ordusunun baş komandanı Camal Paşanı və köməkçisini qətlə yetirirlər. Qətli Petros Ter-Poqosyan və Artaşes Gevorkyan törədirlər. Qətlin hazırlanmasında həmçinin Zare Melik Şahnazaryan və Stepan Tsağikyan iştirak edir…” Ekspert terrorçu tayfa ilə yumşaq danışmağı faydasız sayır: “Budur “Nemezis” terror təşkilatının sadaladığımız və sadalamadığımız cinayətləri. “Nemezis” bannerini   Ermənistan-Türkiyə matçında stadionda nümayiş etdirmək, sonra isə bu terror təşkilatına abidə qoymaq terrorçuluğun açıq təbliğatıdır . Və bütün bunların indiki situasiyada baş verməsi də o deməkdir ki, bu terrorçu dövlətlə yumşaq danışmağın mənası yoxdur”.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90