(MM-in Mədəniyyət Komitəsinin sədri Q.Paşayevanın yazısını təqdim edirik)
Bədurə Əfqanlı (1912-2002), incəsənətin bütün sahələrinə yüksək dəyər verilən, sözün, sənətin qədri bilinən bir ailədə dünyaya göz açmışdı. Dövrünün tanınmış ziyalılarından olan atası Məlik Nəcəf oğlu Ağamalov sənət haqqında söhbətləri ilə övladlarında ədəbiyyata, mədəniyyətə, incəsənətə güclü maraq yaratmış, böyük qızı Səyyarəni heykəltəraşlığa, Bədurəni isə rəssamlığa həvəsləndirmişdi. Azərbaycan rəssamlıq sənətində bir çox ilklər Bədurə Əfqanlının adı ilə bağlıdır. Bədurə Əfqanlı Bakı Rəssamlıq Məktəbində (indiki Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecində) təhsil alan ilk azərbaycanlı qadınlarımızdan biri və ilk azərbaycanlı qadın teatr rəssamı olmuşdur. Onun ötən yüzilliyin əvvəllərində tərtibat-dekorasiya və geyim sənətinin inkişafında, formalaşmasında böyük xidmətləri yalnız sənətsevərlər tərəfindən də, dövlət səviyyəsində də yüksək dəyərləndirilmişdir. Bədurə Məlik qızı Əfqanlı (Ağamalova) 25 oktyabr 1912-ci ildə Bakıda Ağamalovlar ailəsində dünyaya göz açıb.
Doğulub böyüdüyü ailədə doğma şəhərin gözəlliklərinə qarşı heyranlıq, ülvi vətən sevgisi kiçik yaşlı Bədurənin də duyğularına hakim kəsilib. Yayda Novxanıdakı bağ evinə köçən ailə bir də məktəbdə dərslər başlayanda şəhərə qayıdırdı. Həmin günlərdə balaca Bədurənin gözlərində dünya başdan-başa gözəlliyə bürünür, Xəzərin köpüklü ağ ləpələrinin döyəclədiyi sahillərdən, qumların tez-tez dəyişən naxışlarından, saçlarını qarışdıran, darayan, sığallayan, tez-tez səmtini dəyişən Bakı küləklərindən xüsusi zövq alırdı. O, gilavarı, xəzrisi ilə dondan-dona düşən Novxanı təbiətinə, gah sakit-sakit ləpələnən, gah da kükrəyib özünü sahildəki qayalara, daşlara çırpan dalğalara, rəngdən-rəngə düşən Xəzərə heyran-heyran baxırdı. Novxanını təkcə gözəl təbiət lövhələri ilə yaddaşına köçürmürdü o. O kənddə keçirilən dini mərasimlər, milli bayramlar, el şənlikləri, toylar onun xatirəsində silinməz izlər qoyur, mənsub olduğu xalqın özünəməxsus adət-ənənələrinə vurğunluq hissi yaradırdı. Elə ki, yay tətili başa çatır, orta məktəblərdə dərslər başlayırdı, onlar şəhərə dönürdü. Bədurə bütün yay boyunca gördüklərini, dönə-dönə müşahidə etdiklərini kağız üzərində rənglərlə canlandırmağa çalışırdı. Bir gün çəkdiyi rəsmlər məktəb yoldaşlarının, müəlliminin də diqqətini cəlb etdi. Müəllimi ona “istedadlısan” deyib şəkil çəkməyə davam etməsini məsləhət görəndə Bədurə daha böyük ümidlə rəssamlığa maraq göstərdi.
Məktəb yaşlarından başlayan həmin maraq onu qarşıda gözləyən uzun və əsrarəngiz sənət yoluna gətirib çıxardı. Öncə (o vaxtkı) Bakı Pedaqoji Texnikumuna daxil olsa da, rəssamlığa olan sevgisi onu Bakı Rəssamlıq Məktəbində təhsil almağa, rəngkarlığın bütün sirlərinə peşəkarca yiyələnməyə vadar etdi. Beləliklə, o, qrafika şöbəsində təhsil almağa başladı. Teatr rəssamı olmaq qərarına gələn Bədurə Əfqanlının gələcək sənət taleyi isə bütünlükdə teatrla bağlı oldu. Hələ diplom işi mövzusu kimi işlədiyi “V.Şekspirin “Otello” faciəsi” işi onu teatr sahəsində daha böyük uğurlara ruhlandırdı. İlk tərtibat verdiyi səhnə əsəri Rza Əfqanlının (Bədurə Əfqanlının həyat yoldaşı) quruluşçu rejissoru olduğu “Qaçaq Kərəm” tamaşası idi. Onlar uzun illər birgə çalışdı, bir çox tamaşalara uğurlu səhnə həyatı verdi. Sevgilərindən güc alan sənət, amal, məslək dostluğu bir-birindən rəngarəng və dəyərli işlərin ərsəyə gəlməsinə ilham verdi. Həyat və sənət yoldaşlarının birgə hazırladıqları tamaşalardan “Şeyx Sənan” faciəsi, “Aşıq Qərib” operası, “1905-ci ildə”, “Sevil” pyesləri unudulmaz sənət uğurları kimi yaddaşlarda həkk olundu. Hər iki sənətkar bir müddət Türkmənistanda, Aşqabad Dram Teatrında çalışsa da, doğma vətən, el-oba sevgisi onları yenidən Bakıya qaytardı. Sənət və həyat yoldaşları olan Rza və Bədurə Əfqanlılar Bakı şəhərində milli incəsənətimizin inkişafına xidmətlərini böyük əzmlə davam etdirdilər… Bədurə Əfqanlı 1938-ci ildə Azərbaycan Dövlət Dram Teatrına (indiki Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı) dəvət aldığı vaxtdan 1960-cı ilədək burada böyük şövqlə tərtibatçı və geyim üzrə rəssam kimi çalışdı. Həmçinin Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının (indiki S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının) bir sıra tamaşalarına geyim eskizləri çəkir. O, öz sənətinə vurğunluğun və sənət məsuliyyətinin yaratdığı tələbkarlıqla daim özünü inkişaf etdirir, işinə yeni çalarlar əlavə edərək teatr rəssamlığımızı zənginləşdirirdi. Bədii tərtibat verdiyi əsəri diqqətlə oxuyan, əhatə etdiyi dövrün tarixini, mədəniyyətini, aparıcı özəlliklərini, geyim tərzini dəqiqliklə araşdıran Bədurə Əfqanlı işinə həssaqlıqla yanaşırdı. Məhz buna görə də onun verdiyi tərtibat sadəliyi, ciddiliyi və əsərin mövzusu ilə həmahəngliyi baxımından dolğun təəssürat yaradırdı. Teatr rəssamlığında Bədurə Əfqanlının dəst-xətti özündən sonra neçə-neçə məsləkdaşı üçün cığır açdı, sənət məktəbi oldu. Onun teatr əsərlərinə hazırladığı dekorasiyalar, eskizlər tamaşaların son dərəcə uğurlu alınmasında önəmli rol oynadı. Bu cəhətdən Cəfər Cabbarlının pyeslərinin uğurlu səhnə təcəssümü özəlliklə səciyyəvi və yaddaqalandır. Həmkarları və sənət tənqidçiləri onun zahiri effektləri, geyimləri seçmə məharətinə, təqdim olunan əsərin məzmununu təbii surətdə açmaq özəlliyinə heyranlığını bildirirdi.
1959-cu ildə Moskvada keçirilən Azərbaycan Mədəniyyəti və İncəsənəti ongünlüyündə rejissor Adil İsgəndərovla birlikdə hazırladığı “Fərhad və Şirin” tamaşasının Vaxtanqov Teatrında uğurla nümayiş olunmasında bu özəlliyin də böyük rolu vardı. Bədurə Əfqanlı təkcə teatrda deyil, kinostudiyada da fəaliyyət göstərir, müxtəlif ekran əsərlərinə geyim eskizləri çəkirdi. “Azərbaycanfilm” kinostudiyasında geyim üzrə rəssam işlədiyi 1960-cı ildən başlayaraq kino sahəsində yaradıcılığını davam etdirən Bədurə Əfqanlı burada da böyük uğurlara imza atdı. Kino rassamlığında ilk işinə “Koroğlu” filmi ilə başlayan rəssam sonralar “Leyli və Məcnun”, “Böyük dayaq”, “Dəli Kür”, “Dədə Qorqud”, “O qızı tapın”, “Məhəbbət dastanı” və başqa ünlü kinofilmlərin geyim eskizlərinin müəllifi oldu. Azərbaycanımızın ən ünlü kinofilmlərinin rəssamı kimi tanınan Bədurə Əfqanlı Soltan Dadaşov, Adil İsgəndərov, Lətif Səfərov, Həsən Seyidbəyli kimi böyük sənətkarlarla işlədi, onların əməkdaşlığından sənətimiz, mədəniyyətimiz ciddi töhfələr qazanmış oldu. Bədurə Əfqanlı təkcə istedada güvənməyi yanlış hesab edirdi, onun üçün istedad qədər işöncəsi dərin araşdırma, diqqətli müşahidə və fədakarcasına zəhmət də sənət uğurunun başlıca amili idi. O, istər teatrda, istərsə kinoda bədii tərtibat verdiyi əsəri diqqətlə oxuyur, həmin dövrün tarixini, mədəni həyatını, geyim tərzini araşdırır, bu haqda zəngin bilgilər toplayır, sonra isə öz işi üzərində yorulmadan, böyük şövqlə çalışırdı. İşləməkdən zövq alan rəssam həm də rəqs ansamblı, bədii özfəaliyyət kollektivləri üçün geyim eskizləri çəkirdi. Korifey sənətkar Rəşid Behbudovun başçılıq etdiyi Dövlət Mahnı Teatrının kollektivi də uzun illər konsertlərə Bədurə Əfqanlının məsləhət bildiyi geyimlərlə çıxmışdır. Onun Azərbaycan milli geyimlərinin özünəxas gözəlliyini sənətin müxtəlif sahələrində təcalla etdirən və bir çox xalqlara sevdirən yaradıcılığı diqqətləri yüksək səviyyədə cəlb edib, böyük sənət mərkəzlərinin iş təklifi ilə nəticələnib. Təsadüfi deyil ki, respublikamızın əksər bölgələrinə xas geyimlərin, habelə Quzey Qafqazda fəaliyyət göstərən müxtəlif rəqs ansambllarının geyim eskizlərini o çəkib. Azərbaycanın mahnı və rəqs ansambllarının qastrollarda qazandığı uğurlarda onların Bədurə Əfqanlının tikdiyi milli ornamentli geyimlərinin də rolu vardı. Azərbaycan gəlincikləri üçün milli eskizləri də məhz o verib. Bədurə Əfqanlının ilk fərdi sərgisi Moskvada – “Mosfilm”də uğurla keçib. Son sərgisi isə vəfatından 5 il öncə Bakıda keçirilib. Sənətkarın əsərlərinin çoxu Azərbaycan Dövlət Teatr Muzeyində və A.A.Baxruşin adına Rusiya Mərkəzi Teatr Muzeyində saxlanmaqdadır. Azərbaycan teatrı və kinosu öz rənglər dünyasının sehri, mistikası üçün Xalq rəssamı Bədurə Əfqanlıya çox şey borcludur. Onun fəaliyyətindən danışarkən böyük istedadı ilə yanaşı, əməksevərliyini, hər zaman axtarışda olmasını, ən incə məqamlara belə diqqət göstərməsini, peşəkarlığını xüsusi qeyd edirlər. Görkəmli rejissorlar, dramaturqlar məhz bu cəhətdən həmişə onunla işləməyə can atıblar. Çünki Bədurə Əfqanlı sənəti ilə tamaşaçını əfsunlaya, rənglər aləminin sehrinə qərq edə bilirdi.
Azərbaycan Respublikasının Xalq rəssamı Bədurə Əfqanlı Azərbaycan ədəbiyyatının klassikləri Mirzə Fətəli Axundov, Nəcəf bəy Vəzirov, eləcə də, XX yüzil ədəbiyyatımızın görkəmli nümayəndələrindən Mehdi Hüseyn, İlyas Əfəndiyev, Cabbar Məcnunbəyov, Məmmədhüseyn Təhmasib və keçmiş SSRİ-nin tanınmış yazıçılarından Maksim Qorki, Boris Lavrenev, Vadim Sobko və başqalarının əsərlərinin səhnə təcəssümü üçün bədii tərtibat eskizləri işləyib. Onun tamaşalara verdiyi hər yeni bədii tərtibat quruluşçu rəssam kimi dramaturqun təlqin etdiyi ideyanın özünəməxsus şəkildə açılmasına kömək edib. Eyni zamanda onun teatr rəssamı kimi yüksək peşəkarlıq zövqünün inkişafında da rol oynayıb. Bədurə Əfqanlı həmçinin teatr kostyumlarının hazırlanmasında ən tanınmış mütəxəssis kimi şöhrət qazanmışdı. İncə tapıntıları, zəngin çalarlı əlavələri ilə milli qadın geyimlərinə cazibəli yeniliklər gətirməsi rəssamın işlərinin emosionallığı, zərifliyi, lirizm aşılayan şuxluğu, poetik təravətini şərtləndirib. O, həmçinin sadə, ancaq dərin məzmunlu kompozisiya qurmaqda, səhnə tərtibatındakı bütün detalları tamaşanın obrazı ilə bağlamaqda xüsusi bacarıq və səriştə sahibi olub. Teatr tamaşaları, film və müxtəlif orkestrlərin uğurlu alınmasında ssenarist, rejissor, bəstəkar, aktyor işi ilə yanaşı, tərtibatçı rəssam işinin də, əlbəttə, böyük önəmi vardır. Teatr tamaşasının, konsertin, bədii, sənədli filmin və b. yaradıcılıq işlərinin təsirli alınmasında, yaddaşlarda iz qoyan bir təəssürat yaratmasında bədii tərtibatın – rəssam işinin yeri əvəzsizdir. Bəzən ən sadə detalın, adi dekorasiya vasitəsi sandığımız bir lampanın, rəngli bir görüntünün, geyim elemntinin, silahın belə tamaşada önəmli anlamı olur. Bütün vasitələr tamaşanın, filmin, konsertin uğurla başa çatmasına, əsil sənət örnəyi kimi düşüncələrə, dünyagörüşə təsir göstərməsinə xidmət edir. Milli teatrımızın yarandığı ilk gündən dekorasiya məsələsinə diqqətlə yanaşılsa da, bu sahədə peşəkarlığa olan ehtiyacı məhz yanaürəkli, öz işinə dərin sevgi və peşəkarlıqla yanaşan teatr rəssamları ödəyib.
XX yüzilin əvvəllərində Azərbaycan teatr sənətinin inkişafında bir sıra istedadlı fırça ustaları öz əməyini əsirgəməsə də, bu sənətin ciddi inkişafına təkan verən rəssam məhz Bədurə Əfqanlı olub. Azərbaycanda teatr-dekorasiya sənətinin inkişafında, özəlliklər qazanmasında bu Xalq rəssamının məhsuldar, gərgin əməyi danılmazdır. Sənətsevərlərimiz, Bədurə xanım Əfqanlını ilk teatr rəssamı olan azərbaycanlı qadın kimi qədirşünaslıqla xatırlayır. Bədurə Əfqanlının sənəti ilə vətəninə, millətinə xidmətləri dövlət tərəfindən layiqincə qiymətləndirilib. Rəssamlıq sənətində qazandığı uğurlara görə ona “Əməkdar incəsənət xadimi” (1949) və uzun illər səmərəli xidmətlərinə, dərin ideyalı sənət əsərləri yaratdığına, Azərbaycan təsviri sənətinin inkişafında, kadrların hazırlanmasında böyük xidmətlərinə görə “Xalq rəssamı” (1974) fəxri adları verilib. Görkəmli sənətkar keçmiş SSRİ-nin nüfuzlu ordenlərindən olan “Şərəf nişanı” ordeni ilə təltif edilib. İlk azərbaycanlı qadın teatr rəssamımız Bədurə Əfqanlı 2002-ci il mayın 7-də dünyasını dəyişib. O, sənətinə bağlı, sənəti ilə xoşbəxt ola bilən bir sənətkar idi. Buna görə də bütün həyatı boyu sənətlə bağlı arzuları bir-birini əvəz etdi və ömrünün sonunadək yaşayıb-yaratmaq eşqi bitib-tükənmədi. Milli geyimlərimizə həsr olunmuş albomu xəstə halıyla aylarla çalışıb hazırladı amma onu maddi sıxıntılar ucbatından çap etdirə bilmədi. Qarabağ bölgəmizin geyimləri barədə çəkdiyi 50 eskizi də tamamlamaq istəyirdi… ömür vəfa etmədi… Yaratdığı əsərlərin onu nə zamansa yenə xatırladacağını, açdığı cığırın yeni nəsilləri bu sənətdə xariqələr yaratmağa aparacağını düşünürdü. Zaman isbatladı ki, rəssam bu düşüncəsində əsla yanılmayıb. Özündən sonra gələn nəsillərə zəngin bir irs qoyub gedən Bədurə Əfqanlının yaratdığı eskizlər, bədii tərtibat verdiyi əsərlər teatr və kino rəssamları üçün bu gün də misilsiz bir örnək, məktəb olaraq qalmaqdadır. Onun teatr, kino rənglərinə bağlı ömrü bu günün və gələcəyin tərtibatçı rəssamlarının yolunda parlaq bir mayak kimi işıq saçır.
RUHU ŞAD OLSUN!