Moskvada Rusiya generalı və şəxsi köməkçisi partlayışda həlak olub.
Ulusal.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Rusiya telegram kanalları məlumat yayılıb.
“Baza”nın məlumatına görə, partlayış Moskvada, Nizheqorodski rayonu ərazisində baş verib. Bildirilir ki, partlayışın təsirindən yaxınlıqdakı mənzillərin pəncərələri sınıb. Hadisə yerinə əməliyyat xidmətləri cəlb edilib. Partlayış nəticəsində iki nəfər həlak olub.
Bir saat sonra sosial şəbəkələrdə ölən şəxslərin kimliyi barədə məlumat yayılıb. “Baza” telegram kanalının məlumatına görə, partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin general-leytenantı və onun köməkçisi həlak olub, generalın adı açıqlanmayıb.
Hadisə ilə bağlı hələ ki, rəsmi açıqlama verilməyib. SHOT telegram kanalı da partlayış nəticəsində iki hərbçinin öldüyünü bildirib. Bildirilir ki, partlayıcı qurğu elektrik skuterinin tutacağına bağlanıb və uzaqdan işə salınıb.
SHOT kanalının məlumatına görə, partlayış o qədər güclü olub ki, yaxınlıqdakı binada birinci və üçüncü mərtəbələr arasında pəncərələr sınıb, üç avtomobil zədələnib.