image-2000x150
image-media-heyder-spkif4b1jnm60lat5329-620x460backend

Siyasət meydanının şahı: Dünya liderləri Heydər Əliyev belə xatırlayırdılar  

image-728x90

Dünya miqyasında tanınan, artıq əfsanələşmiş tarixi şəxsiyyətlər, müdrik insanlar çox olub. Onların da bir çoxu əsrlər, minilliklər bundan əvvəl yaşadıqları üçün bu gün bilmək olmur ki, həmin şəxsiyyətlər həqiqətənmi bu qabiliyyətlərin sahibi olmuşlar, yoxsa insanların arzularının, ideallarının “məhsulu” kimi xəyali qəhrəman qismində, bəzək-düzəklə təqdim edilirlər. Heydər Əliyev isə bizim müasirimiz olmuşdur, onun dahiliyi, əlçatmazlığı hələ özünün sağlığında dünyanın böyük siyasətçiləri, dövlət xadimləri, müdrik insanları tərəfindən etiraf olunmuşdur. Onlardan bəzilərini, yeri gəlmişkən, yada salaq: YUNESKO-nun sabiq direktoru Federiko Mayor ümummilli liderimizi bir dəfə belə təqdim etdi: “Heydər Əliyev bütün dünyanın etiraf etdiyi görkəmli liderdir”. Zəmanəmizin tanınmış dövlət xadimlərindən olan Eduard Şevardnadze isə bu fikri bir qədər də qüvvətləndirmişdir: “XX əsr liderlər əsridir. Əsrin lideri isə Heydər Əliyevdir”.

Yetmişinci illərin axırlarına yaxın onu Siyasi Büro üzvlüyünə namizəd, səksəninci illərin əvvəllərində isə Siyasi Büronun üzvü seçərək, nəhəng SSRİ hökuməti sədrinin birinci müavini vəzifəsinə təyin edib Kremlə apardılar. O illərdə Qərbi Avropa dövlətlərinin siyasi dairələrində Heydər Əliyevin vəzifə pillələri ilə belə yüksək sürətlə irəliləməsi əsas müzakirə mövzularından idi. Milliyyətcə azərbaycanlı olan bir müsəlmanın əsasən şovinist əhval-ruhiyyəli xristianların toplaşdığı Kremldə böyük səlahiyyət və söz sahibinə çevrilməsi çoxları üçün anlaşılan deyildi. Qərbdə bunu birmənalı qarşılamadılar. Heydər Əliyev kimi bacarıqlı və enerjili bir kadrın SSRİ rəhbərliyinə gətirilməsi “qocalar və pensiyaçılar yığnağı” olan Siyasi Büronun fəallığının artması faktı diqqətdən yayınmır, Sovet İttifaqını düşmən hesab edənlərin buna təəssüflənməkdən başqa çarəsi qalmırdı. Hətta, Avropada belə söz-söhbət də gəzirdi ki, SSRİ-ni Heydər Əliyev idarə edir, təkbaşına Siyasi Büronun qalan bütün üzvləri qədər iş görür. Heydər Əliyevin rəhbərliyi altında SSRİ nümayəndə heyətinin xaricə – Hindistana, Meksikaya, Almaniyaya, İtaliyaya, Misirə, Vyetnama, Suriyaya və başqa ölkələrə uğurlu səfərlərini, SSRİ-də keçirilən ən mötəbər tədbirlərin onun sədrliyi ilə aparılmasını görmək bütün türklər və müsəlmanlar üçün nə qədər də xoş, fərəhləndirici idi.  O dövrdə Avropada Heydər Əliyevi SSRİ-nin növbəti rəhbəri kimi görür və ehtiyat edirdilər ki, o, çökməkdə olan imperiyanı öz ağlı, müstəsna qabiliyyəti sayəsində yenidən dirçəldəcək və dünyanın ən güclü dövlətinə çevirəcəkdir.

Lakin sonrakı hadisələr, daha doğrusu, Mixail Qorbaçov kimi bir xain və kütbeyinin rəhbər seçilməsi nəticəsində vəziyyət dəyişdi. Heydər Əliyevin yanında hər cəhətdən miskinliyini və cılızlığını hiss edən Qorbaçov, necə olursa-olsun, onu Siyasi Bürodan və Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən uzaqlaşdırmağı qarşısına məqsəd qoydu və buna nail oldu. Heydər Əliyev 1987-ci ilin oktyabrında Mixail Qorbaçovun yeritdiyi səhv xəttə, onun antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verdi və əslində, mövcud rejimə qarşı müxalif mövqeyə keçdi. SSRİ rəhbərliyi Heydər Əliyevin gücünə bələd olduğu üçün onu ev dustağı kimi nəzarətdə saxladı. Sovet qoşunlarının 1990-cı il yanvarın 20-də Bakıda törətdiyi qanlı qırğının ertəsi günü Heydər Əliyev təqiblərə və səhhətinin ağır olmasına baxmayaraq, özünün və ailə üzvlərinin həyatını təhlükə qarşısında qoyaraq, Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi və orada, jurnalistlər qarşısında Kremlin bu cinayətkar addımını pisləyən kəskin bəyanatla çıxış etdi.  Qarabağ münaqişəsinin yaranmasında Kremlin ikiüzlü mövqe tutmasını ifşa etdi. Qanlı Sovet rejiminin vaxtında belə risk etmək hər kişinin işi deyildi. Heydər Əliyev dəfələrlə əməli ilə sübut edib ki, doğma xalqının taleyi onun üçün öz həyatından da irəlidir. Bu mənada uzun illər SSRİ Plan Komitəsinə rəhbərlik etmiş Nikolay Baybakov “mən Azərbaycanı və Azərbaycan xalqını Heydər Əliyev qədər sevən ikinci adam tanımıram” – deyərkən necə də haqlıdır.

Kremlin çirkin Qarabağ siyasəti nəticəsində Azərbaycan torpaqları işğal edilirdi. Azərbaycan torpaqlarının işğalı davam edirdi. Hər gün, ən azı, bir kənd əldən gedirdi. Ölkə daxilində sabitlik sıfıra bərabər idi. İnsanların rifah halından danışmaq belə mümkün deyildi.

Hamı Heydər Əliyevin dahi siyasətçi olduğunu qəbul edirdi. Heydər Əliyevlə görüşən siyasətçilər təkcə onunla danışmır və ya söhbətinə qulaq asmırlar, üstəlik ondan mütləq nəyi isə öyrənirlər. Hər kəs ondan nəyisə öyrənir – siyasi davranış, diplomatik etiket incəliklərini, tərəf-müqabilini sonadək dinləmək mədəniyyətini və s. Avropalı ekspertin Şərq müdriklərindən olan Heydər Əliyev barədə (hərçənd Azərbaycan eyni zamanda həm də sırf Avropadır) dediklərini Rusiya Federasiyasının sabiq Prezidenti Vladimir Putin onunla görüşəndən sonra demişdi ki, mən bu görüşdən çox şey öyrəndim və hiss etdim ki, Azərbaycan Prezidenti ilə görüşə həqiqətən ehtiyac var idi. Yəqin ki, hörmətli oxucu diqqət yetirdi, Vladimir Putin Heydər Əliyevdən öyrəndiyini, Azərbaycan Prezidenti ilə görüşə ehtiyac duyduğunu etiraf edir. Heydər Əliyevin heç kəslə müqayisə edilməz güclü məntiqi var idi. Öz fikirlərini elə köklü surətdə əsaslandırıb deyirdi ki, qarşı tərəf tamamilə arqumentsiz qalırdı. Avropa Şurasının rəsmiləri Azərbaycandakı hansısa məsələnin həlli barədə danışıqlar zamanı Heydər Əliyevə konkret tövsiyə vermək istəmişdilər. O zaman ulu öndərimiz vəziyyətdən çox incə bir yumorla çıxmışdı: “Siz xəstə yanına gələn həkim kimi resept yazmaq istəyirsiniz. Ancaq siyasi məsələlər reseptlə həll olunmur”.  Yəni Heydər Əliyev ona başa salmışdı ki, məsələ sən deyən kimi yox, mən deyən kimi həll olunacaq. Ancaq təkcə bu fakt deyildi. Bütün beynəlxalq tədbirlərdən əvvəl, yaxud fasilələrdə kuluar söhbətlərində siyasətçilər Heydər Əliyevə göz qoyur, onun hansısa zarafat və ya jest edəcəyini gözləyirdilər. Hamı onun böyüklüyünü qəbul edir, ona baxıb “düzlənirdi”.

Tarixdə belə keyfiyyətlər ancaq seçilmiş insanlara xasdır. Hamıya qarşı diqqətli olmaq, ən xırda məsələyə belə əhəmiyyət vermək kimi alicənablıq hissləri ona çox böyük nüfuz və etimad qazandırmışdı. Məhz həmin nüfuz və etimad nəticəsində o, Azərbaycanı bəlalardan xilas etdi. Bəzi siyasətçilər yazırlar ki, Heydər Əliyev Azərbaycan dövlətçiliyini uçurumun bir addımlığından xilas etdi. Əslində, o, Azərbaycan dövlətini quyunun dibindən çıxardıb. Çünki Azərbaycanı artıq itələyib quyunun dibinə salmışdılar. Allahın qisməti, xalqın istəyi və o zamankı Azərbaycan rəhbərlərinin çağırışı ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev Azərbaycan dövlətini quyunun dibindən çıxarmaq və möhkəmləndirmək üçün beş il sərasər çox ağır zəhmətlər çəkdi. Sonrakı illərdə isə inkişaf yoluna çıxmış Azərbaycanın tərəqqisi başlandı. Azərbaycan 10 ildə 20-30 illik inkişaf yolu keçdi ki, bütün bunların kökundə Heydər Əliyevin qətiyyəti, siyasi iradəsi, diplomatik məharəti dururdu. Heydər Əliyev “Əsrin müqaviləsi”nin imzalanmasına, bundan sonra 20-dən çox neft sazişinin ərsəyə gəlməsinə, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin əfsanədən reallığa çevrilməsinə nail olmaqla bütün dünyanın diqqətini Azərbaycana cəlb edə bilmişdi. Bu isə o deməkdir ki, artıq Azərbaycanın problemləri təkcə bu ölkəninki deyil, hamının problemidir. Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 100-cü  ildönümünü qeyd etdiyimiz bu günlərdə mənim qəlbimdən rahatlıq gətirən bir neçə hiss keçir. Ən böyük rahatlıq gətirən, məmnunluq doğuran odur ki, o dahi insanın qurduğu dövlət böyük inkişaf yolundadır. Sonra o məsələdən arxayınıq ki, cənab Prezident İlham Əliyev Heydər Əliyevin siyasi kursunu məhz ümummilli liderin adına və əməllərinə layiq davam etdirir. 30 ildir işğal altında olan Qarabağ işğaldan azad edildi. 44 günlük zəfər Azərbaycan ordusunun , onun komandanı İlham Əliyevin hansı zəkaya sahib olduğunu bir daha göstərdi. Ulu öndər Heydər Əliyevin qoyduğu siyasi xətti uğurla davam etdirən İlham Əliyev indi Azərbaycanı bütün Avropanın enerju təminatçısına çevirib.Bu Azərbaycanın işıqlı gələcəyə uğurla addımladığının bariz nümünəsidir.

Arzuman Muradlı

Politoloq

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90