Mənə elə gəlir ki, tənha bir ay kimiyəm,
Bəzən sakit, bəzən də coşan bir çay kimiyəm,
Elə bil, oxun atıb, gizlənən yay kimiyəm,
Daha açılmır mənə nə xoş bir gün, nə səhər,
Kimsəyə vurulmadım sənə vurulan qədər.
Bəzən bulud oluram, bəzən də yağan yağış,
Bəzən gözlərim gülür, bəzən sərt olur baxış,
Dil susur, amma gözlər sanki deyir gül, danış,
Qurumur axan yaşlar, hey boğur məni qəhər,
Mən heç kimi sevmədim səni sevdiyim qədər.
Ərimədim şam kimi, bəzən özüm çaş oldum,
Çiçək kimi açmadım, dönüb torpaq, daş oldum,
Qurunun oduna da ancaq yanan yaş oldum,
Uzaq dura bilmədi məndən nə qəm, nə kədər,
Mən heç kimə yanmadım sənə yandığım qədər.
Bax illəri beləcə vururam başa sənsiz,
Nə yazım bir yaz oldu, nə də ki, qışım sənsiz,
Buna yaşamaq demə, yaşamıram mən sənsiz,
Ölmədim, ancaq ki bil ömrüm getdi boş, hədər,
Sevəcəyəm mən səni, inan ölənə qədər.
………………………..
Niyə tələsirsiz ötüb keçməyə?
Bir az asta olun, bir az da yavaş.
Qoymayın, ay illər, qoymayın vaxtsız,
Nə saçlar ağara, nə də ötə yaş.
Ötməyin illərim, ötməyin belə,
Arzular yarımçıq, açmayıb çiçək.
Ağaran saçlara baxıb da yoxsa,
Yaman “vəfasızsan, ay ömür”,deyək?
Hara tələsirsiz illərim, hara?
Yorubmu sizləri yoxsa bu həyat?
Gəl sevgi yaşayaq, bax ondan sonra,
Sevgiyə bürünər bütün kainat.
Belə tez ötməyə siz tələsməyin,
İçimdə həm təlaş, həm də qorxu var.
Çıxaraq həyatın bir az dadını,
Bu gün var olanın, sabah “yox”u var.
Ağarır saçların telləri bir- bir,
Biz yola saldıqca illəri bir-bir,
Bir gün ömür özü bizləri bir-bir,
Onsuz da “salacaq yola” illərim!
…………….
Sənə necə deyim gözüm işığı,
Gözümün nurunu aparıb getdin.
Dərdimin əlacı necə deyim ki?
Sızlayan yaramı qoparıb getdin.
“Mənim bir dünyamsan,”necə deyim ki?
Dünyamı ikiyə sən bölüb getdin.
Sənə “ocağımsan”,necə deyim ki?
Yanan çırağımı söndürüb getdin.
Bəzən düşünürdüm “ürəyim”-deyəm,
Ömrüm-günüm, bir də “diləyim”- deyəm.
İstədim qəlbimi “gəl isit”-deyəm,
Damarda qanımı dondurub getdin.
Çalışdım gizlədim eşqi içimdə,
Sızlatdın eşqimi, eşdin içimdə,
Qəlbimi qaynayan teştin içində,
Gözüm görə-görə yandırıb getdin.
Deyəsən, itirdim artıq dözümü,
Eşit söylədiyim bu son sözümü,
Mən tapa bilmirəm sənsiz özümü,
Çünki məni məndən sən alıb getdin.
…………..
Elə düşünmə ki, sənsiz asandır,
Apardın özünlə xoşbəxtliyimi.
O gündən başladı inan, əzizim,
Mənə yaşamaq da sənsizliyimi.
Gündüz xəyalımda, gecə röyamda,
Qarşımda durursan gözüm yumanda.
Qəlbləri sızladan simlər kamanda,
Hey salır yadıma sənsizliyimi.
Gözlərim axtarır hər yerdə səni,
Axtarır göylərdə, yerlərdə səni.
Gəzdiyim bağların gülü, çəməni,
Ətri xatırladır sənsizliyimi.
Çətindir bülbülə gülsüz yaşamaq,
Ürəyə sevgisiz, eşqsiz yaşamaq.
Mənə də çətindir sənsiz yaşamaq,
Amma yaşayıram sənsizliyimi.
Görürsən? Ürək də heç olmur rahat,
Qaytar geriyə sən xoşbəxtliyimi.
İstərəm bir anda dəyişsin həyat,
Unudum səninlə sənsizliyimi.
……………
Məni hər kəs ilə eyni tutma sən,
Özümü sevgimlə öyən qadınam.
Tək sözündə deyil, bil ki, hər zaman,
Gözündə sevgimi görən qadınam.
Məni hər kəs ilə eyni tutma sən,
Gözü də, könlü də tox bir qadınam.
Bir təkcə sevgiyə möhtacam, bil ki,
“Dünyanın malına yox” bir qadınam.
Məni hər kəs ilə eyni tutma sən,
Sənə ana, bacı olan qadınam.
Sevgin, məhəbbətin hər şeydən uca,
Səni başım üstə tutan qadınam.
Məni hər kəs ilə eyni tutma sən,
Səninlə sevgimi bölən qadınam.
Bir ömür boyunca sənlə yaşayıb,
Sevinib, səninlə gülən qadınam.
Tina Səmədqızı