image-2000x150
image-1backend

Şərqin elm və mədəniyyət beşiyi Naxçıvan

image-728x90

(Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə)

   Qədim Şərqi elm və mədəniyyət beşiyi adlandıranlar yanılmırlar. Görkəmli şərqşünas alim R.Vinter yazır ki, “Şərq, yəni bütün Ön Asiya, uzun müddət original sayılmış, Avropa isə onun üzünü köçürmüş şagirddir. …Demək olar ki, Avropa mədəniyyətinin hər bir yüksələn pilləsi Şərqdəki böyük ixtiranın izidir”.

image-img_0057

Bu mənada Naxçıvan istər təbiətinə, istər coğrafi mövqeyinə, istər relyefinə, istərsə də sosial göstəricilərinə görə daim diqqət mərkəzində olan bir diyardır. Bu qədim diyarın Araz çayının sahilində bərqərar olması, 200-dən çox yeraltı şəfa sularına (Badamlı, Sirab, Darıdağ, Vayxır, Nəhəcir və s.) malik olması, zəngin biosferi, rekord səviyyədə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi texnologiyası, islam dəyərlərinə dərin hörməti, elmə, təhsilə, mədəniyyətə olan sevgisi ilə daim fərqlənən bir məkana çevrilməsi xüsusi qeyd olunmalıdır.

image-img_0039

Muxtar respublikanın təbiəti, tarixi, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı sistemli şəkildə tədqiqat obyektinə çevrilib. Muxtar respublikaya həsr olunmuş kompleks məqalələr; elm və sənət adamlarının həyat və yaradıcılığı, diyarın bütün inzibati rayonları, fiziki-coğrafi obyektləri, şəhər və kəndləri, geoloji quruluşu, yeraltı və yerüstü təbii sərvətləri haqqında xeyli məqalələr internet səhifələrində, beynəlxalq qəzet və jurnallarda işıqlandırılır.

Babalarımızın ağır zəhmət bahasına qurduğu, gələnin-görənin “Nəqşi cahan” adlandırdıqları bu gözəl şəhərin, ancaq zaman-zaman daşı-daş üstündə qalmayıb. “Lakin dövran keçib, xarabazara döndərilmiş Naxçıvan xarabalıqlar

image-img_0060

içindən dönə-dönə baş qaldırıb, yenidən dirçələrək, əvvəlki görkəmini qaytarıb. Hətta əvvəlkindən də gözəl olub. Yad gözlərin ona zillənmiş kəc baxışları isə dünən olduğu kimi bu gün də üstündən çəkilməyib”.

VII əsrin ortalarında ərəblərin Azərbaycana gəlməsi ilə özünün əlverişli geosiyasi və strateji mövqeyinə görə ərəb ordusunun dayaq məntəqələrindən biri olan Naxçıvan sonrakı dövrlərdə siyasi-iqtisadi-mədəni mərkəz kimi əhəmiyyətini

artırmış, yüz illərdən bəri fəaliyyət göstərən Böyük İpək Yolunun şaxələri vasitəsilə о vaxtkı dünyanın məşhur ölkə və şəhərləri ilə əlaqə saxlamış, Azərbaycan atabəyləri dövründə isə “Nəqşi cahana”  çevrilərək regionun bənzərsiz şəhəri olmuşdur. Doğrudan da, qədim dövrlərdən Şərqi Qərblə, Şimalı Cənubla birləşdirmiş, ucsuz-bucaqsız yolların qovşağında yerləşən, Azərbaycanın ayrılmaz tərkib hissəsi

olan, mədəniyyətlərin, sivilizasiyaların yüksək zirvəyə çatdığı Naxçıvan diyarının Şərqin qapısı sayılması təsadüfi deyil. Vaxtilə Məhəmməd Naxçıvani, Həmdullah Qəzvini, Katib Çələbi, Övliya Çələbi kimi tarixçi və coğrafiyaçı səyyahlar Naxçıvanı “Nəqşi-cahan” (“dünyanın bəzəyi”) adlandırmışlar.

Naxçıvanın tarixi eradan əvvələ söykəndiyi kimi, elm və mədəniyyət tarixi də çox-çox qədimlərə gedib çatır. İntibah dövrünün elm, təhsil və maarifi əsasən XI əsrdən formalaşmağa başlasa da, XII əsrdə Naxçıvanın mədəni həyatındakı ümumi yüksəliş, ədəbiyyatın və fəlsəfi fikrin inkişafı humanizm ideyalarınınyayılmasına rəvac vermişdir. Elm-sənət məbədi sayılan Naxçıvan təkcə ölkəmizə deyil, onun hüdudlarından kənara da – Yaxın və Orta Şərqə, Avropaya ictimai və siyasi xadim, filosof, həkim, sərkərdə, alim və mütəfəkkir, şair, yazıçı, tarixçi, memar, rəssam, musiqiçi, aktyor və digər adamlarının həyat və fəaliyyətindən,yaradıcılığından bəhs edən çoxsaylı dühalar bəxş etmişdir. Həddad əl-Nəşəvi (kitabdar), Əbu Əbdüllah ən-Müfərric əl-Nəşəvi (dini hüquqçu), Əhməd ibn Hacəf

Nəşəvi (filosof), “təbiblərin sultanı” adı ilə məşhur olan Əkmələddin Naxçıvani (təbib), Həsən ibn Ömər Naxçıvani (filosof), Kəmaləddin Naxçıvani (həkim, ilahiyyatçı), Nəsirəddin Tusi (ensiklopedik alim), Nəcməddin Naxçıvani (filosof), İzzəddin Naxçıvani (alim və ədib), İbn Sacəvi, Məhəmməd Hinduşah Naxçıvani (dilçi və tarixçi), Fəxrəddin Naxçıvani (fəqih və hüquqşünas), Baba Nemətullah Naxçıvani (filosof), Fəzlullah Nəimi (filosof, hürufizm təriqətinin yaradıcısı) və b. bütün Şərq və Avropa dünyasının elm xəzinəsini idrak və təfəkkürləri ilə zənginləşdirən şəxsiyyətlər olmuşlar. Təlim-tərbiyə, məktəb-mədrəsə, öyüd-nəsihət yuxarıda qeyd etdiyimiz kimi, hələ orta əsrlərdən mövcud olsa da, uzun müddət milli maarifçilik ideologiyası

səviyyəsinə qalxa bilməmişdir. XIX əsrin sonu – XX əsrin əvvəllərindən etibarən qədim elm və mədəniyyət beşiyi Naxçıvanda maarifçilik hərəkatı özünü göstərməyə başladı. Çünki dövr, zaman yeni milli dünyəvi məktəblərin yaradılmasını tələb edirdi. Bu mənada görkəmli pedaqoq, maarifçi-şair Məhəmməd Tağı Sidqi əvəzolunmaz vətənpərvər nəsilə ustadlıq edərək (Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Hüseyn Cavid, Əziz Şərif, Rza Təhmasib, RzaquluNəcəfov, Əli Səbri Qasımov, Bəhruz Kəngərli, Məmməd Əli Sidqi və b.)

Naxçıvanda maarifçi mühiti həm də ədəbi-pedaqoji hərəkat səviyyəsinə qaldırdı. Azərbaycanın xalq yazıçısı Mirzə İbrahimovun təbirincə desək, “Günəş yurdu” adlanan Naxçıvanda alim və pedaqoqlar elmin inkişafında getdikcə daha artıq işlər görməyə başladılar. Ölkəşünaslıq, pedaqogika və psixologiya, dilşünaslıq, tarix və digər elm sahələri üzrə müasir məzmunlu yeni əsərlər yaradıldı, elmdə dəqiqlik prinsipləri get-gedə dərinləşdi. Məktəb və pedaqoji fikir tarixinin qabaqcıl xadimləri (Məhəmmədağa Şahtaxtlı, Məhəmməd Tağı Sidqi, Qurbanəli Şərifzadə, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Hüseyn Cavid və b.) vasitəsilə mütərəqqi ictimai və pedaqoji ideyalar Azərbaycana və onun hüdudlarından kənara nüfuz etdi. Ömrünün 50 ildən çoxunu mətbuat, məktəb, maarif və əlifba məsələlərinə həsr etmiş MəhəmmədağaŞahtaxtlıdan bəhs edən görkəmli fransız alimi Lüsyen Büva Şahtaxtlını öz ölkəsinin “yaxın dostu, müsəlman dünyasının bütün ümidlərini doğruldacaq bir şəxs” adlandırırdı. Çünki M.Şahtaxtlı cəmiyyətin inkişafında təhsilin, elmin mühüm əhəmiyyəti olduğunu konseptual şəkildə işləyən şəxsiyyətlərdən olmuşdur.

Redaktoru olduğu “Şərqi-Rus” qəzetinin məqsədini Məhəmmədağa Şahtaxtlı belə izah edirdi: “Məsləkimizi hər kəs bilir: Məmləkətimizin mədəniyyətinə xidmət etməkdir”. Başqa bir yazısında isə gənclərə müraciətində yazırdı: “Elmin dalınca gedin. Elm insanı irəli aparır”.

image-img_0121

Azərbaycanda milli maarifçiliyin formalaşma və inkişafında Məhəmmədağa Şahtaxtlının (1848-1931), Məhəmməd Tağı Sidqinin (1854-1903), Qurbanəli Şərifzadənin (1854-1917), Cəlil Məmmədquluzadənin (1869-1932), Məmməd Səid Ordubadinin (1872-1950), Əliqulu Qəmküsarın (1880-1919), Hüseyn Cavidin (1882-1941) və başqalarının özünəməxsus xidmətləri olmuş, təhsilin prinsipləri, tərbiyə üsulları, əxlaq, vətənpərvərlik, mənəviyyat, bədii zövq və s. kimi zəruri məsələlərdən bəhs etmişlər. Onların qarşısına qoyduğu əsas məqsəd xalqı maarifləndirmək, və «bəsirət sahibi etmək» ideyası idi. Öz zəmanəsinin və bu günki dövrün böyük pedaqoqu sayılan Məhəmməd Tağı Sidqi ruhani təhsil almasına baxmayaraq xalqın maariflənməsi üçün əzmlə çalışmışdır. Məhəmməd Tağı Sidqinin mühüm xidmətlərindən biri də məktəblər üçün müvafiq dərsliklər tərtib etməsi olmuşdur. Müxtəlif yerlərdən gətirdiyi dərsliklərlə kifayətlənməyən Sidqi, özü müxtəlif fənlər üzrə dərsliklər nəşr etmişdir. Onun arxivində saxlanılan “Nümuneyi-əxlaq”, “Coğrafiya xüsusunda məlumati-mücmələ”, “Əssərfül-ümmül-elm və Nəhvi-Ərəb” (Ərəb dilinin sərfi-nəhfi), “Tənviri Əfkar və təfhimi-insaniyyət”, “Töhfeyi-Bənat, yainkiqızlara hədiyyə”, Qiraəti-fənniyə”, “Hifzi-səhhə” kimi dərslikləri Sidqinin bir müəllim kimi Qərb mədəniyyətinə də təsirindən xəbər verir. “Elm və mərifətsiz insan meyvəsiz ağaca bənzər” – deyən Məhəmməd Tağı Sidqi xalqın maariflənməsi işində əvəzsiz işlər görmüşdür. Fransız sosialisti Jan Jores yazır ki, “Keçmişin mehrabına müraciət edərkən – onun külünü yox, odunu götürün”. Bu mənada tarixi eradan əvvələ söykənən Naxçıvanın görkəmli maarifçiləri elmi, təsili, milli maarifçiliyi bir mayak kiminəsildən-nəslə yadigar qoyub getmişlər. Cəmiyyətin tərəqqisi, elmin, mədəniyyətin inkişafının qüdrətli vasitəsi rolunu oynayan elm və təhsil ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da hərtərəfli qayğı ilə əhatə olunub.

Kamal Camalov

Pedaqogika elmləri doktoru, professor

Azərbaycan Respublikasının Əməkdar müəllimi

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90