MM-in Mədəniyyət Komitəsinin sədri Q.Paşayevanın yazısını təqdim edirik
Şərqdə muğam dəstgahını ifa edən ilk qadın xanəndə, Azərbaycanın Xalq artisti, Azərbaycan Dövlət Filarmoniyasının solisti Sara Qədimovanın (1922-2005) lirik-koloratur soprano səsi vardı. O, yaradıcı xanəndə idi, yalnız hazır musiqi əsərlərini ifa etməklə qalmır, bəzən özü də musiqi bəstələyirdi. İfa etdiyi bəzi təsniflərin musiqisini bəstələmiş, bu bəstələr musiqi biliciləri, sənətşünaslar tərəfindən yüksək dəyərləndirilmişdi. Müğənninin ifasında “Qarabağ şikəstəsi” isə Azərbaycan musiqi tarixində özünəməxsus yer tutur.
Onun opera sənətimizə verdiyi töhfələr isə yaradıcılığının xüsusi bir istiqaməti kimi yadda qalmış, sənətkarı şöhrətləndirmişdir. Azərbaycan Dövlət Opera və Balet Teatrında aparıcı partiyalarda çıxış edən Sara Qədimovanın canlandırdığı Leyli və Əsli obrazları bu gün də sevgiylə xatırlanır. İkinci Dünya müharibəsi illərində dahi Üzeyir bəy Hacıbəylinin və Səməd Vurğunun yaratdığı, Sara Qədimovanın cəbhədə azərbaycanlı əsgərlər qarşısında oxuduğu, qəhrəman Azərbaycan qadınını tərənnüm edən “Şəfqət bacısı” mahnısı müğənniyə xüsusi məşhurluq gətirmişdi. Çox tez bir zamanda xalq arasında tanınan, şöhrət qazanan Sara xanımın elə bir konserti olmazdı ki, orada böyük sənətkar, Xalq şairimz Səməd Vurğun iştirak etməsin. O, Sara xanımın sənətinə heyran idi, özəlliklə müğənninin ifasında “Segah” muğamını dönə-dönə dinləməkdən doymazdı.
Sara Qədimova təkcə doğma ana dilinin şirin ləhcəsində oxumurdu, o bir çox xalqın dilində mahnılar ifa edirdi. Əcnəbi dillərdə 25 mahnı ifa edib lentə yazdıran sənətkarın həmin ifaları dərhal bəyənilmiş, az bir vaxtda dillər əzbərinə çevrilmişdi. 1960-cı ildə Misirdə qastrol səfərində olduğu zaman Sara xanım ünlü ərəb müğənnisi Fehruz xanımla və dünyaşöhrətli bəstəkar-müğənni Fərid Əl-Ətraşla tanış olmuş, hər iki sənətkar Sara Qədimovanın ifasını yüksək qiymətləndirmişdi.
O, ürəkləri riqqətə gətirən, sənəti ilə insanın ən dərin duyğularına təsir edən, ruhunu qanadlandıran xanəndə idi. Görkəmli xanəndənin ifası həm onu dinləyənlərin zövqünü oxşayır, həm də həyat haqqında dərin düşüncələrə qərq edirdi.
Qədim xalq sənətimiz olan muğam onun ifasında bir başqa mahiyyət qazanırdı, xanəndənin səsinin bəmində dincələnlər zilində göylərə ucalırdı. Ustad sənətkar uzun əsrlərdən yol alıb gələn Azərbaycan muğamına yeni bir ruh, təzə bir ahəng bəxş edirdi. Musiqişünaslar onun ifasının özünəməxsusluğunu yüksək dəyərləndirərək Sara xanımı “nadir istedad sahibi” adlandırırdı. Bu nadir istedad isə doğma şəhərin dəlisov küləklərinin sədasını çox uzaqlara apardığı Bakı muğam məktəbi və xalqımıza böyük musiqiçilər bəxş edən Qarabağ muğam məktəbinin yetirməsi idi.
Sara Bəbiş qızı Qədimova 1922-ci il mayın 31-də Bakıda anadan olmuşdu. Amma uşaqlıq illəri Qarabağda, Ağdamın Gülablı kəndində keçmişdi. Bu kənd zəngin musiqi ənənəsinə malik olub, böyük sənətkarları ilə ün qazanmışdı. Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski kimi şöhrətli sənətkarlar tez-tez Gülablıya gələr, yerli xanəndələrlə məclislər qurar, musiqidən söhbət açardı. Atası ilə bu məclislərdə iştirak edən Sara xanım həmin görkəmli sənətkarları hələ kiçik yaşlarında görüb-tanımışdı. Həmin tanışlıqlar onun körpə yaddaşında dərin iz buraxmışdı.
Sara xanımın əslən Ağdamın Gülablı kəndindən olan atası, tarzən Qurban Pirimovun yaxın qohumu idi. O, gənc yaşlarından Bakıda yaşamış və əslən şəhərli olan xanımla ailə qurmuşdu. Sara xanım muğam və mahnıların sözlərini hələ uşaqkən məhz anasından öyrənmişdi; amma təəssüf ki, onun qayğısız, xoşbəxt günləri uzun sürməyib. Dörd bacı və iki qardaşın böyüdüyü ailədə öncə ana, iki il sonra isə ata dünyasını dəyişib. Həmin vaxt ailənin ilk övladı Saranın cəmi on altı yaşı vardı. Həyatının yazında bu ağır itkilərdən möhkəm sarsılan gənc qız, valideynlərinə yas tutmağa belə macal tapmayıb. Çünki ondan yaşca kiçik olan qardaş-bacılarına o himayədarlıq etməli, güclü olmalı idi. Sara xanım həyatın ona çox erkən yaşlarında verdiyi bu ağır yükün məsuliyyətini bütün varlığı ilə hiss edirdi.
Sara xanım fədakar bacı, gözəl həyat yoldaşı, şəfqətli ana, mükəmməl qadın idi. O, 22 yaşında Tibb Texnikumunda (indiki 1 saylı Bakı Tibb Kollecində) oxuyarkən özündən 24 yaş böyük Qədir İslamzadə ilə ailə qurmuşdu. Bu evlilikdən dünyaya gələn iki övladını ləyaqətlə böyütmüş, onların təhsili, tərbiyəsi, cəmiyyətdə layiqli yer tutmaları üçün böyük əmək sərf etmişdi. Oğulları – görkəmli müğənni Akif İslamzadə və Azərbaycan Tibb Universitetinin Biokimya kafedrasında müəllim işləyən Faiq İslamzadə analarının bütün ümidlərini doğrultmuş, Azərbaycan elmi və incəsənətində böyük xidmətləri ilə fərqlənmişlər.
Sara Qədimova əmək fəaliyyətinə 1941-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi başlamışdı. O, böyük istedadı sayəsində qısa müddət içində müğənni kimi tanınmış, dinləyicilərin sevgisini qazanmışdı. Artıq vurğuladığımız kimi, “Şəfqət bacısı” mahnısının Sara xanımın ün qazanmasında özəl yeri vardı. Onun sənətkar kimi yetişməsində hələ uşaq yaşlarından dinlədiyi, sənətinin sehrinə düşdüyü Hüseynqulu Sarabski, Xan Şuşinski, Seyid Şuşinski kimi qüdrətli ustadların böyük təsiri olmuşdu. Sələflərinin layiqli davamçısı kimi ömrünün sonunadək klassik ifaçılıq gələnəklərinə sadiq qalan Sara Qədimova sənətdə öz dəst-xəttini yaratmışdı.
Oxuduğu “Bayatı-Şiraz”, “Şur”, “Şahnaz”, “Qatar”, “Mahur-hindi”, “Xaric segah” muğamları, müxtəlif Azərbaycan xalq mahnıları ifaçılıq sənəti tariximizə qızıl hərflərlə yazılıb. Müğənninin öz ifasında xalq musiqimizin bütün incəliklərindən məharətlə istifadə etməsi onun milli musiqinin sirlərinə nə qədər dərindən bələd olduğunu təsdiqləyir. Sara Qədimova bənzərsiz ifa üslubu ilə milli musiqi xəzinəmizi zənginləşdirmişdir. Azərbaycan xanəndəlik məktəbinin layiqli nümayəndəsi kimi milli incəsənət tarixində silinməz iz qoyan sənətkarın altmış ildən artıq bir dövrü əhatə edən yaradıcılığı mədəniyyətimizin qızıl səhifəsidir.
Sara Qədimova milli musiqimizi, incəsənətimizi 22 ölkədə təmsil etmiş, tanıtmışdı. Onun ifasını bir çox ölkələrdə yüksək səviyyədə qiymətləndirərək mükafatlandırmışdılar. Sara xanım İran, İndoneziya, Efiopiya və Özbəkistanın dövlət mükafatlarına layiq görülmüşdü. Ərəbcə oxuduğu “Xəyalımın nuru”, “Yamayilə”, “Leyla”, “Sili”, farsca səsləndirdiyi “Rəftəm ki, rəftəm”, “Peşiman şodəm”, “Bahori mən”, İndoneziya dilində ifa etdiyi “Vurğunam”, tacikcə həyat verdiyi “Məhəbbət” mahnısı bu gün də yaddaşlardan silinməyib.
Sara Qədimovanın milli mədəniyyətimizə, incəsənətimizə töhfələri Azərbaycan dövləti tərəfindən həmişə yüksək qiymətləndirilmiş, müğənni mötəbər fəxri ad və təltiflərə layiq görülmüşdür. O, 1963-cü ildə “Xalq artisti” fəxri adı almış, keçmiş SSRİ-nin “Şərəf nişanı”, müstəqil Azərbaycanın “Şöhrət” ordeni ilə təltif edilmiş, Prezident təqaüdçüsü olmuşdur.
Ustad sənətkar, əvəzsiz sənət müəllimi Seyid Şuşinski “heç bir qadın müğənni muğamları, xüsusilə “Qatar” muğamını Sara xanım kimi füsunkarcasına oxuya bilmir. Onun səsi muğamlarımıza yatımlıdır. Füzuli və Şirvaninin qəzəlləri Saranın səsinə çox yapışır” deyərək, hələ gənc yaşlarında Sara Qədimovanın istedadını, zəhmətini yüksək qiymətləndirmişdi. Azərbaycan incəsənəti tarixində “Şur” və “Mahur hindi”ni dəsgah halında bütövlükdə lentə yazdıran ilk qadın xanəndə Sara Qədimova olmuşdur. Sara xanımın Azərbaycan musiqi tarixində mövqeyini müəyyənləşdirmək üçün təkcə bu fakt yetərlidir. O, uzun illər konsertlərinin çoxunda mikrofonsuz oxudu, Tanrı vergisi olan səsinin bütün imkanlarından ustalıqla və bütün təbiiliyi ilə istifadə edərək, böyük sənət yaratdı. Sənətşünasların möhkəm bir qənaətini – qadın xanəndələrin “Qatar”, “Şahnaz” və “Segah”dan başqa heç bir muğam oxuya bilməməsi barədə fikrini özünün ifa etdiyi muğamlarla alt-üst etdi.
Sara xanımın “Qızıl fond”da saxlanan nadir lent yazılarından olan, 1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyünün bağlanışında Xan Şuşinski və Şövkət Ələkbərova ilə birgə oxuduğu “Qarabağ şikəstəsi”ni bu gün də həyəcansız dinləmək olmur. Bu ifaya qulaq asanda ixtiyarsız olaraq düşünürsən ki, böyük sənət zaman həddini aşıb bütün dönəmlərin sevimlisi ola bilir!
O, şeir vurğunu, poeziya bilicisi idi, beş yüzdən çox qəzəli əzbər deyirdi. Müğənninin fenomenal yaddaşı vardı. Böyük Xan Şuşinski başda olmaqla, bir çox ustad xanəndə Sara xanımın bu qədər qəzəli necə əzbərlədiyinə təəccüb və heyrətlərini gizlətmirdi. Bülbüldən sonra istər bəmdə, istərsə zildə – sözləri çox açıq, aydın deyən ikinci, qadınlar arasında isə birinci müğənni o olmuşdu. Muğamlarımızın, mahnılarımızın ilkinliyini qoruyub saxlamaq onun sənət amalı idi. Xalqın yaddaşına, əməyinə sonsuz sayğı ilə yanaşan görkəmli müğənni, tarixin sınağından çıxan sənət əsərlərinə əlavələr etməyi qəbahət bilirdi: “Əgər xalq bu mahnını yaradıb, öz möhürünü vurubsa, ona ikinci bir əlavənin edilməsinə ehtiyac qalmır”.
Misir Ərəb Respublikasının və qardaş Türkiyənin keçmiş dövlət başçıları – Camal Əbdül Nasir və Süleyman Dəmirəl Sara xanımın sənətini yüksək qiymətləndirmişdi. Ustad xanəndəni ilk dəfə, Azərbaycana 1967-ci ildə baş tutan birinci səfəri zamanı dinləyən Süleyman Dəmirəl, 29 il sonra, 1996-cı ildə – artıq Müstəqil Azərbaycana dövlət səfərindəykən onu şəxsi qonağı kimi ölkəsinə dəvət etmişdi.
Sara xanımın Süleyman Dəmirəllə 1967-ci ildə tanışlığı Süleyman Dəmirəlin Türkiyənin baş naziri kimi Azərbaycana səfəri ilə bağlı idi. Səfərin axırıncı gün Süleyman Dəmirəlin şərəfinə verilən ziyafətdə Sara Qədimova, Xan Şuşinski, Şövkət Ələkbərova və Əbülfət Əliyev öz gözəl mahnıları ilə çıxış etmişdilər. Sara xanımın oxuduğu “Qatar” muğamı, Türk bəstəsi olan “Yalan dünya” və əvvəlində Abbas Səhhətin “Vətən” şeirini segah üstündə dilləndirdiyi “Qara tellər” xalq mahnısı Süleyman Dəmirəl tərəfindən çox bəyənilmişdi. 1995-ci ildə Azərbaycana Türkiyə Prezidenti olaraq səfər edən Süleyman Dəmirəl, həmin ziyafəti və Sara xanımın ifasını rəğbətlə xatırlayırdı. Beləliklə, o, 1996-cı ildə Sara Qədimovanı şəxsi qonağı kimi Türkiyəyə dəvət etmişdi.
Sara xanımı bir çox ölkədə sevirdilər. 1942 və 1944-cü illərdə İranda qastrolda olan, 1944-cü ildə üç ay Arazın o tayında yaşayan Sara xanım Xan Şuşinski ilə birlikdə İran şahı Məhəmməd Rza Pəhləvi tərəfindən Şimrandakı Şah iqamətgahına dəvət olunmuşdu. İki böyük xanəndənin duet kimi oxuduğu “Qarabağ şikəstəsi” və “Get, Ay batandan sonra ğəl, ay oğlan” xalq mahnısı şah tərəfindən çox bəyənilmişdi. Şah Sara xanımın səsinə və gözəlliyinə məftun olmuş, onu bir pəriyə bənzətmiş, (o vaxtkı) Sovet səfirindən Sara xanım və sənəti haqqında bilgi almışdı.
O, xarakter cizgiləri ilə sənət dostlarının sevimlisi idi. Əliaçıq, səxavətli, son tikəsini belə paylaşmağı bacaran, qastrollar zamanı bişirdiyi dadlı yeməklərə hamını qonaq edən, səliqə-sahmanı, təşkilatçılıq bacarığıı ilə fərqlənən Sara xanım həm də çox qayğıkeş və diqqətli insan olub. Sara Qədimova bütün bunlarla yanaşı, çox ciddi və zabitəli qadın kimi tanınırdı, onun yanında hamı davranışına, danışığına fikir verərdi. Xan Şuşinski Sara xanımın bu xarakter özəlliyinə işarə edərək, zarafatla deyərdi: “Moskvada Stalin, Bakıda Mircəfər Bağırov, filarmoniyada Sara xanım. – Dad onların əlindən”!
Yalan, qeybət, paxıllıq, kin-küdurət kimi bütün bədxahlıqlardan uzaq olan Sara xanım, zarafatcıl və gülərüzlü idi. Səhnədə muğam və mahnıları da gülə-gülə oxuduğu lent yazıları vardı. O, yiyələndiyi hər bir işdə birincilik qazana, qalib ola bilirdi. Mahir nərd oyunçusu olan Sara Qədimovaya nərddə qalib gəlmək hər kişinin hünəri deyildi.
Azərbaycan musiqisinin şöhrətini dünyaya yayan Xalq artisti Sara Qədimova 83 illik mənalı ömür yaşadı. O, 12 may 2005-ci ildə, uzun sürən xəstəlikdən sonra vəfat etdi. Yaşadığı binanın qarşısına vurulan baralyef buradan keçənləri bir anlıq ayaq saxlamağa vadar edir. Nəğmələri, bənzərsiz səsi hələ də qulaqlarımızda səslənən, böyük sənəti ilə könüllərdə yaşayan Sara xanımı hamı sevgi və ehtiramla xatırlayır. Səsiylə könüllərə məlhəm olan, öz nəğməkar ömrünü ömürlərə qatıb əbədiləşən bu ölməz sənətkarın adını bugünki və gələcək nəsillər öz yaddaşında yaşadacaqdır…