image-2000x150
image-e431fae7bb4015da4dbb82e1cf38bc29backend

Separatçılara konkret vaxt vermək zamanı çatdı! – Moskva görüşündən sonra…

image-728x90

Rusiyanın vaxtaşırı “atı arabanın arxasına” bağlamaqla güddüyü hədəf; ordumuz tezliklə qəti addımı atacaq; türkiyəli general: “Bakı bu halda sülh sənədini imzalamaya bilər…”
Mayın 25-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri – İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan səviyyəsində üçlü formatda daha bir görüş reallaşdı. Lakin danışıqlarda müəyyən irəliləyişin (bir həftə sonra baş nazir müavinləri kommunikasiyalarla bağlı görüşəcək) qeydə alınmasına və nikbin təxminlərə rəğmən, görüş sülh müqaviləsini yaxınlaşdırmaq üçün həlledici ola bilmədi, hətta ortaq bəyanat belə qəbul edilmədi.

İstisna deyil ki, Putinin Ermənistanın xeyrinə hansısa təklifi və ya təşəbbüsü Azərbaycan tərəfinin prinsipial mövqeyi nəticəsində boşa çıxıb və otaq bəyanat qəbul edilməyib. Məsələn, Pasinyanla görüşdə Rusiya lideri bildirdi ki, “Laçın dəhlizi ilə bağlı Moskvanın mövqeyi dəyişməz qalır”. Yəni Rusiya faktiki Azərbaycanın öz sərhədində – Laçının girişində nəzarət postu qoymasına qarşı çıxdı. Hərçənd Kreml başçısı onu da dedi ki, “Qarabağla bağlı vəziyyət nizamlanmaya doğru gedir”. Həqiqətən belədirsə, o zaman nədən bu dəfə hansısa ortaq sənəd və ya bəyanat qəbul edilmədi?

Əslində, bu gözlənilmirdi də. Bir səbəb rəsmi İrəvanın sözü ilə əməlinin hələ də üst-üstə düşməməsidirsə, digər az önəm kəsb etməyən səbəb Rusiyanın tərəflər arasında ziddiyyətləri yoluna qoymaqdan daha çox, konflikti idarə eləmək istəyi və kollektiv Qərbi sülh prosesindən kənarda saxlamaq cəhdləri ilə bağlıdır. Odur ki, Moskva vaxtaşırı “atı arabanın arxasına” bağlamaqla, danışıqları imitasiya eləməklə ABŞ və Avropa Birliyini prosesdən uzaqlaşdırmağa səy edir.

Hərçənd Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov hesab edir ki, 44 günlük müharibəni V. Putin dayandırıbsa, sülh sənədi də Moskvada olacaq. Onun qənaətincə, Azərbaycan-Ermənistan münasibətlərin nizamlanmasında irəliləyişi yalnız Rusiya meydanında gözləmək olar.

“Düzdür, sülh müqaviləsi hələ hazır deyil. ”Siyasi rəqslər”ə görə bəziləri avropalıları və amerikalıları prosesə cəlb edir. Qərb ölkələri qətiyyən heç nəyə qərar vermir. Əgər nəsə edirlərsə, bu, ancaq öz maraqlarına uyğun olaraq Cənubi Qafqazı parçalamaq və Moskvaya problem yaratmaqdır. Hər şey Moskvada həll olunur. Hamımız vaxtilə eyni ailədə olduğumuzu və eyni dildə danışdığımızı xatırlayırıq. Ölkələrin liderləri bir-birinə hörmətlə yanaşırlar. Və bu, etibar deməkdir. Bəzi məsələlərdə liderlər irəliləyəcək, bəzilərində isə razılaşmayacaqlar. Amma gec-tez bu münaqişə dayandırılmalı idi və indi sülhə nail olmaq lazımdır”, – o əlavə edib.

Putin isə srağagün Avrasiya Ali İqtisadi Şurasının geniştərkibli iclasında çıxışında bildirib ki, dəhliz, yol terminləri əsas deyil, əsas vacib olan Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyünə dair razılığın olmasıdır, qalan məsələlər ikinci dərəcəlidir. “Bütün MDB ölkələri Birlik ərazisindəki münaqişələrin, o cümlədən Ermənistan və Azərbaycan arasında münaqişənin bitməsində maraqlıdır”, – Rusiya prezidenti qeyd edib.

Elə isə tərəfləri barışdırmağa Moskvaya nə mane olur? Yaxud Kalaşnikovun söylədiyi kimi, doğrudanmı sülh sazişi məsələsində nöqtəni Moskva qoyacaq? O zaman üç ildir niyə bunu eləmir, ortaya ciddi sənəd çıxarmır, əksinə, Qarabağda erməni silahlı quldur dəstələrini, separatçıları himayə edir? Bəlkə Ərdoğanın təkrarən prezident seçilməsini gözləyir? Ümumiyyətlə, Ukraynada işğalçı müharibə aparan bir dövlətdən beynəlxalq hüquqa söykənən ədalətli sülh təklifi gözləmək olarmı?

Əsas sual budur. Azərbaycanın isə təbii ki, sonsuzadək gözləmək limiti yoxdur. Söhbət ilk növbədə bu günədək Qarabağdan çıxarılmayan qanunsuz silahlı dəstələrdən gedir.

*****

“10 noyabr bəyanatının imzalanmasının üzərindən artıq 30 ay keçib. Bəyanatın 4-cü maddəsinə görə, Rusiya sülhməramlıları erməni silahlılarının çıxarılması ilə paralel şəkildə Qarabağda yerləşdirilməli idi. Lakin bəhs etdiyimiz maddə ilə təsbit olunan öhdəlik yerinə yetirilmədi. Baş verənlər rus sülhməramlıların gözünün qabağında olur, onlar terrorçu ünsürlərin fəaliyyətinə göz yumurlar”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Axar.az-a Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

General rus sülhməramlıların bilərəkdən etdiyi bu hörmətsizliyi qəbul etməyin mümkünsüzlüyünü vurğulayıb: “Bölgədə erməni terrorçuların təxribatlarının qarşısını almaq və onları Azərbaycan torpaqlarından son nəfərinədək çıxarmaq birbaşa Rusiyanın öz üzərinə götürdüyü rəsmi öhdəlikdir, rus sülhməramlılar da müvəqqəti məsuliyyət bölgələrində bunu mütləq yerinə yetirməlidirlər. Buna görə də bütün baş verən qanunsuzluqlara göz yummalarını və onları himayə etmələrini qətiyyən qəbul etmək mümkün deyil”.

Yücel Karauz təxribatların arxasında sülhü istəməyən və əngəlləməyə çalışan qüvvələrin olduğunu bildirib: “Digər tərəfdən hazırda sülhün əldə olunması ilə bağlı danışıqlar aktiv fazaya girib, uğurlar da var. Belə bir məqamda Ermənistanın daxilində və xaricindəki müəyyən qüvvələrə nökərçilik edənlər öz ağalarının buyruqlarını yerinə yetirmək, sülhü əngəlləmək üçün təxribatlar törədirlər. Fikrimcə, Azərbaycan torpaqlarındakı terrorçu ünsürlərin son nəfərinədək ərazini tərk etməsi və müharibə cinayəti törədənlərin beynəlxalq məhkəmələrdə hüquqi məsuliyyətə cəlb olunması məsələləri də danışıqların predmetidir. Bir az səbir etməliyik”, – deyə hərbi analitik vurğulayıb.

Onun sözlərinə görə, terrorçu ünsürlərin ölkə ərazisindən çıxarılması ilə bağlı konkret tarix verilməlidir: “Əks halda rəsmi Bakı sülh müqaviləsini imzalamayacaq. Bölgədə sülh və sabitliyin bərqərar olmasını istəməyən dövlətlər və qüvvələr var. Bu il içərisində erməni terrorçu qrupları ilə bağlı ciddi addımların atılacağını düşünürəm”.

*****

Azərbaycanın separatçılarla zarafat etmədiyini, vəziyyətin ciddiliyini anlayan erməni təhlilçilər də az deyil.

“Hazırda yaranan vəziyyətdə biz qərar verməliyik. Ya Türkiyə və Azərbaycanla yeni müharibə etməliyik və bundan irəli gələn, bütün proqnozlaşdırıla bilən nəticələri gözə almalıyıq, ya da Ermənistanın müstəqilliyini qoruyaraq sülh yolu ilə getməliyik”.

Bunu Ermənistan parlamentinin hakim fraksiyadan olan üzvü Gevorq Papoyan deyib.

“Biz müharibə və avantürizm, yaxud sülh arasında seçim etməliyik. Biz dinc gündəm yolu ilə getməliyik, başqa alternativ yoxdur. Gündəmdə başqa variant da mövcud deyil”, – deyə Papoyan qeyd edib.

Öz növbəsində Ermənistan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun elmi direktoru, akademik Gevorq Poqosyan hesab edir ki, Ermənistan cəmiyyətində Qarabağa münasibət artıq dəyişib: “1988-ci ildə Ermənistan sakinlərinin Dağlıq Qarabağ və qarabağlılar haqqında təsəvvürləri fərqli idi. Son onilliklər ərzində onlar dəyişikliklərə məruz qalıb”.

Poqosyana görə, son 20 ildə insanların “Dağlıq Qarabağ” və qarabağlılar haqqında təsəvvürlərində bəzi transformasiyalar baş verib.

Sözsüz ki, bu müsbət tendensiya getdikcə güclənəcək, Ermənistan və onun cəmiyyəti Azərbaycanla onun şərtləri əsasında anlaşmaqdan başqa yolun qalmadığını birdəfəlik anlayacaq. Keşkə vaxtında anlayalar…“Yeni Müsavat”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90