Sənan Hüseynov – ADNSU III kurs tələbəsi, Nyu-York Elmlər Akademiyasının üzvü
Bakı və İslamabad münasibətləri qarşılıqlı dəstək, səmimiyyət və hörmət üzərində qurmuş iki qardaş dövlətdir. Bu gün tərəflər bütün sahələrdə – siyasi, iqtisadi, enerji, hərbi, humanitar, mədəni sahələrdə əlaqələri gücləndirirlər. Münasibətlərin mühüm xüsusiyyəti Pakistanın da Türkiyə kimi həmişə ədalətin tərəfində olması, Azərbaycanın haqq işini daim dəstəkləməsidir. Prezident İlham Əliyevin Pakistana iki günlük rəsmi səfərinin bu strateji münasibətlərdə yeni mərhələnin əsasını qoymaqla, hər iki ölkənin iqtisadi inkişafına mühüm töhfə verəcəyi sirr deyil.
Hökmən vurğulanmalıdır ki, Prezident İlham Əliyevin Pakistan səfəri ikitərəfli münasibətləri dəyişdirəcək dönüş nöqtəsi kimi tarixə düşdü. Pakistanın Baş nazirinin təbirincə desək, bu səfər qardaşlıq əlaqələrində həlledici məqam və iki ölkə arasında yüksək səviyyəli əməkdaşlığın yeni dövrünün xəbərçisi oldu. Bundan başqa imzalanmış sənədlərin Bakı ilə İslamabad arasında möhkəm dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafı üçün yeni perspektivlər açacağı şübhəsizdir. Qeyd olunduğu kimi əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar var və tərəflər ciddi şəkildə qarşılıqlı fəaliyyətin artırılmasına daha da təkan verəcək.
Bakı ilə İslamabad arasında əlaqələr Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli formatı çərçivəsində də inkişaf edir. Bu format rəsmi olaraq 2017-ci ilin noyabrında Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin Bakıda ilk üçtərəfli görüşü zamanı işə salınıb. 44 günlük müharibə zamanı üçtərəfli format güc sınağından uğurla keçərək özünü həqiqi dostların ittifaqı kimi təsdiqləyib. Dünya miqyasında ədalətli mövqeyinin müdafiəsi kontekstində Azərbaycan üçün Türkiyə və Pakistanın mənəvi-siyasi dəstəyi böyük əhəmiyyət kəsb edib. Bu dəstək müharibədən sonrakı dövrdə də davam edir. Xüsusilə Türkiyə və Pakistan işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və burada genişmiqyaslı bərpa işlərinin aparılması üçün Azərbaycana lazımi köməklik göstərir. Bir sözlə, Bakı ilə İslamabad arasında müttəfiqlik əlaqələrinin qurulması, ikitərəfli səmimi qardaşlıq və dostluq əlaqələrinin genişləndirilməsi hər iki ölkənin həyati maraqlarına cavab verir.
Sosial-iqtisadi sahədə də inkişaf üçün ciddi potensial var. Artıq iki ölkə hökumətləri ticarət, investisiya, sənaye, enerji, nəqliyyat və nəqliyyat dəhlizlərinin praktiki məsələləri ilə məşğuldurlar. Prezident İlham Əliyevin əminliklə qeyd kimi bütün planlar həyata keçiriləcək. Bunlara ikitərəfli ticarətin və birgə investisiyaların genişləndirilməsi daxildir. Qarşılıqlı faydalı layihələrə ilkin investisiyaların 2 milyard dollar təşkil edəcəyi gözlənilir.
Pakistan tərəfi Azərbaycan şirkətlərinin ölkəyə sərmayə qoymasında çox maraqlıdır. Hazırda Azərbaycanda sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində çox sayda Pakistan şirkəti qeydiyyatdan keçib. Eyni zamanda, Pakistan şirkətləri də azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərində iştirak etmək üçün müraciət ediblər. Azərbaycan Pakistanla ticari-iqtisadi əlaqələrin genişləndirilməsini vacib hesab edir.
Xülasə, Prezident İlham Əliyevin Pakistan səfəri Azərbaycan diplomatiya tarixində xüsusi iz buraxmaqla yanaşı, həm də iqtisadi, geosiyasi baxımından müstəsna rol oynadı. Səfərin mahiyyəti və imzalanan sənədlər nüvə dövləti olaraq qlobal arenada xüsusi çəkisi olan Pakistan kimi ölkə ilə Azərbaycanın strateji müttəfiqliyini daha yüksək səviyyəyə qaldırdı. Eyni zamanda, bu səfər Prezident İlham Əliyevin dünyada sülhə, barışa, bölgədə inkişafa yönəlik mükəmməl xarici siyasətinin zirvə nöqtəsi kimi yadda qaldı. Şəksiz ki, İslamabadda baş tutan görüş Azərbaycanın optimal siyasətinin bariz nümunəsidir.