Qaradağ rayonunun Korgöz qəsəbəsində şəhid Məmmədquliyev Ağabəy Zaur oğlunun anım tədbiri keçirilib.
Tədbirdə YAP Qaradağ rayon tşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatı Səbinə Xasayeva, şəhidin ailə üzvləri və qəsəbə sakinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları Şəhidin məzarı üzərinə tər çiçək dəstələri düzərək ruhuna dualar oxudular.
Şəhid Məmmədquliyev Ağabəy Zaur oğlu 2001-ci ilin 15 iyun tarixində Qaradağ rayonunun Korgöz qəsəbəsində doğulub.
O, Bakı şəhər 197 nömrəli tam orta məktəbdə təhsil almışdır. Ağabəy Məmmədquliyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Hərbi xidmətinin son günlərini Mingəçevirdə yerləşən “N” saylı hərbi hissədə xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Ağabəy Məmmədquliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan Vətən müharibəsinə qatılaraq, Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
O, 28 sentyabr 2020-ci ildə Tərtər rayonunun Talış kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Ağabəy Məmmədquliyev ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Şəhidin ailə üzvləri ilə görüşən YAP Qaradağ rayon təşkilatının sədri və Milli Məclisin deputatı onların problemləri ilə maraqlanıblar. Şəhidin ailə üzvləri və yaxınları onlara göstərilən qayğı və diqqətə görə dövlətimizin başçısı Prezident İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıq bildiriblər.
ALLAH RƏHMƏT ELƏSİN!