Milli Məclisin deputatlarının seçicilərlə hər görüşü, müəyyən mənada hesabat xarakteri daşıyır ki, bu da seçici – deputat münasibətlərini daha da səmimiləşdirir. Sentyabrın 5-də Milli Məclisin deputatı Səbinə Xasayeva ilə Xocasən yeni yaşayış məhəlləsində səyyar qabul da bu xarakterli oldu. Səyyar görüşdə 30-a qədər şəhid ailəsi və qazi iştirak etdi.
Rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayev, Aparatın və MKTB-nin məsul şəxsləri, bələdiyyənin və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin rəhbərləri iştirakı ilə keçirilən bu qəbul qarşılıqlı inama, etimada əsaslandı.
Rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayev ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan, onların məişət şəraitinin yüksəldilməsi istiqamətində görülən işlər barədə vətəndaşlara məlumat verdi. İcra başçsının müavini ölkə prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün bu cür səyyar qəbul-görüşlərin önəmli olduğunu bildirdi.
Milli Məclisin deputatı Səbinə Xasayeva 12 şəhid və qazi ailəsini dinlədi. Belə dinləmələrdə konkret məsələlər qaldırılır ki, bunların da əksəriyyəti ümumi problemləri əhatə edir. Bu qəbulda seçicilər yaşayış məhəlləsində abadliq işlərinin aparılmasına, sakinlərin və uşaqların asudə vaxtlarının səmərəli keçirmələri üçün istirahət parkının salınmasına, yaşayış mənzillərinin sənədləşdirilməsinə, xeyir-şər yerinin tikintisinə, tibb məntəqəsi, aptek açılmasına, polis məntəqəsinin fəaliyyət göstərməsinə, bir neçə il öncə tikintisi tam başa çatmış uşaq bağçasının açılmasına, “Beynəlxalq bank”ın və “Kapitalbank”ın terminallarının qoyulmasına, ictimai nəqliyyat üçün qapalı dayanacağın qurulmasına, 155 nömrəli marşrut xəttinin fəaliyyətinin yaxşılaşdırılmasına, 20 yanvar metro stansiyasından yaşayış massivinə yeni marşrut açılmasına, yaşayış binalarının zirzəmilərinə su axınının qarşısının alınmasına, zirzəmilərin və binaların ətraflarının dezinfeksiya olunmasına, yaşayış ərazisindən sahibsiz heyvanların yığışdırılmasına, bəzi yerlərdə dağılmış asfalt örtüyünün bərpasına, yolların işıqlandırılmasına, telefon xəttinin çəkilməsinə, nəqliyyat vasitələrinin maksimum hərəkət sürətinin məhdudlaşdırılması, bədbəxt hadisələrin qarşısının alınması üçün yol işarələrinin, radarların, maneə zolaqlarının quraşdırılmasına və digər problemlərin aradan qaldırılmasına köməklik göstərilməsini xahiş ediblər.
Vətəndaşları narahat edən problemlər dinlənildikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatlara müraciətlər edildi.
Milli Məclisin deputatı Səbinə Xasayeva qəbulda iştirak edənləri əmin etdi ki, şəhid ailələrinə, qazilərə diqqət və qayğısı həm deputat kimi, həm də vətəndaş kimi bundan sonra daha da artacaq, dövlətin bu istiqamətdə siyasətinin bundan sonra da sədaqətli icraçısı olacaqdır…
Qəbulda iştirak edənlər göstərilən diqqətə, səmimiyətə görə minnətdarlıqlarını bildirdilər, qaldırılan məsələlərin tezliklə həll olunacağına əminliklərini bildirdilər…