Gəncə Dövlət Universitetinin (GDU) professor-müəllim heyəti Prezident İlham Əliyevə, Dövlət Təhlükəsizlik xidmətinin rəisi Əli Nağıyevə və Gəncənin icra başçısı Niyazı Bayramova müraciət edib. Müraciətin bir surəti də Jamaz.info-ya daxil olub.

GDU-nun professor-müəllim heyəti yazır ki, 2013-cü ildən müxtəlif  təşkilatlara, KİV-ə şikayətlər  ünvanlayırlar. Lakin  onların müraciətinə heç bir reüaksiya verilmir. “Çünki, rektor Yusif Yusibovun qardaşı  Cavanşir  Yusibov  Maliyyə Nazirliyinin aparat rəhbəridir.  Ona görə də Yusif Yusibovun bu cinayətlərini, universitetdəki  maliyyə  maxinasiyalarını, yeyintiləri  Cavanşir Yusibov dostları olan Azər Bayramov, Ceyhun Bayramov və Mikayıl Cabbarovun köməkliyi ilə ört-basdır edir”, – GDU-nun professor-müəllim heyəti yazır.

Şikayətçilər düşünür ki, anti-korrupsiya çərçivəsində DTX-nin keçirdiyi əməliyyatları dəstəkləyir və belə bir əməliyyatın GDU-da da keçirilməsini arzulayırlar: “Əgər  DTX  burada,  qanuni  şəkildə  maliyyə  sistemində  yoxlamalar  aparsa,  buranın  böyük  bir korrupsiya bataqlığı olduğu üzə çıxar. Bu  universitetdə  rektor heç bir elmi dərəcəsi olmayan, erməni əsilli şəxslərə  yüksək maaşlar verir. Tədris prosesi bütün çiyinlərində dayanan professor-müəllim  heyətinin maaşı respublikada ən aşağı səviyyədədir. Prezidentin  göstərişi  ilə minimum əmək haqqı 300 manat müəyyən edilsə də, tədris  köməkçi  heyətinin maaşı 240-270 manat həddindədir. Ali təhsilli laborantlar   xadimə  ilə  eyni maaş alır. Vəzifələrə təyinatlar hamısı rüşvətlə həyata  keçirilir. Rüşvət  isə  prorektor  Şahin  Xurşudovun əli illə yığılır. İmtahanlar  testlə  keçirilsə  də,  imtahana düşən 25 sual bunker sualı kimi salınır, bu suallar isə tələbələrə keçilməyən mövzudan salınır. Rektor  dəfələrlə deyib ki, “imtahana elə  suallar salın ki, tələbələr  kəsilsin. Nəyə  görə, biz  tələbələrə  təqaüd  verməliyik? Tələbələrə  verilən  təqaüdə   universitetin  büdcəsindən xeyli pul gedir.  Tələbələri kəsin, qoy bu pulları təqaüdə verməyək.  Həm  də tələbələr kəsilsə,  onda kredit pulu da ödəyəcəklər”.  İmtahanları  da həmin erməni  əsilli  Vasif  Həsənovun  əli  ilə  keçirir”.

Müraciət müəlliflərinin sözlərinə görə, GDU-da  8 xidməti   maşın  var.  Rektorun özünün xidməti maşını olsa da, avtomobil  həvəskarı  olduğundan  son model  idman stilli  bahalı “Cip” alıb: “Bir gün birindən,  başqa  gün  o birindən istifadə edir. Heç magistr təhsili belə olmayan, universitetin  nəzdində  olan,  özünü  maliyyələşdirmə  prinsipi ilə işləməli olsa da, universitetin büdcəsinin hesabına maliyyələşdirilən İdman klubunun sədrinə də xidməti maşın ayırıb.  Universitet əməkdaşlarının narazılığından sonra  qeyri-qanuni  maliyyələşdirməyə qanuni don geyindirmək üçün,  ona əlavə olaraq bir ştat da mühafizə xidməti vəzifəsini yaradaraq həvalə etmişdir. Xidməti  maşınların hamısı saz vəziyyətdədir,  amma təmir adı ilə sənədləşdirib yalandan pul silirlər”.

GDU-nun professor-müəllim heyəti rektorun tender əməliyyatlarından da bəhs edib: “Bu  günlərdə  guya universitet tender elan edib, bu tenderin qalibi isə “Leqal FN” MMC olub. Məqsəd nəqliyyat vasitələrinin əsaslı təmiridir. Bu niyyətlə GDU şirkətə 26 239.8 manat köçürəcək.

Amma maraqlıdır ki, universitetin balansında hamısı saz vəziyyətdə olmaqla həddindən artıq  xidməti  avtomobillər var, bu avtomobillər müxtəlif vəzifə  sahiblərini  evindən  işə  və əksinə aparmaq üçündür, rektorun köməkçisinin belə xidməti maşını var.

Müəllimlərin maaşı artırılmır, universitetin laboratoriyalarına avadanlıq alınmır, kitabxanada  müasir ədəbiyyatlar yoxdur. Belə şəraitdə  xidməti maşınların  təmirinə  26 mindən  çox pulun  ayrılması, yalandan  kosmetik təmirlərə  yüz  minlərlə  pulun  sərf  olunması  nə  dərəcədə  düzgündür?(Əslində bu təmirlər də dekanlardan pul yığılaraq həyata keçirilir).

Universitetin tələbə yataqxanasını kosmetik təmir etdilər, bu məqsədlə ayrılmış 8 milyon manat pulun heç 3 milyonu ora sərf olunmayıb.

İndi  saz   vəziyyətdə  olan xidməti  maşınlardan  ötrü  az qala  bir maşının qiyməti qədər təmir xərcləri nəzərdə tutulub. Bu da öz növbəsində keçirilən tenderin  formallığını gözlər  önünə sərir və  maxinasiya şübhələrini artırır.

İndi Gəncə Dövlət Universitetinin 5 saylı korpusunun 2 mərtəbəli tədris binasının təmiri üçün guya  tender keçirilib. Bu tenderin qalibi isə qeyri-rəsmi şəkildə Yusif Yusibovun qardaşı Çingiz Yusifovun idarə etdiyi  “19 Saylı Tikinti Təmir İdarəsi” MMC olub. Universitet balaca ikimərtəbəli bir korpusun təmiri üçün  2 milyon 157 min 123.41 manat ödəyəcək. Bəli, bir manatlıq bir avadanlığı  20-30 manata sənədləşdirib universiteti talan edirlər. Gəncədəki orta məktəblərdə olan təchizat, avadanlıq  GDU-dan dəfələrlə yüksəkdir.

Universitetin əməkdaşlarından Heydər Kərimov, Eyyub Mirzəyev, Qulu Qurbanov, Mahizər Hacıyeva və s. kimi müəllimlər xəstəlik səbəbi ilə işə gəlmir, bir  neçəsi  yataq  xəstəsidir, amma  buna  baxmayaraq  onlara tam ştat maaş verilir”.

Müraciət müəllifləri sonda ölkə başçısından GDU-da baş verənlərlər bağlı tədbir görülməsinə göstəriş verməsini xahiş ediblər.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.