Bu gün Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsinə maraq göstərən Afrika ölkələrindən biri Qvineya-Bisaudur. Bu ölkə ilə diplomatik münasibətlər 1992-ci il avqustun 27-də qurulub. Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sissoku Embalo ötən ilin noyabrında COP29-da iştirak etmək üçün Azərbaycanda səfərdə olub və Prezident İlham Əliyev ilə görüşüb. Görüş zamanı iqtisadi, neft-qaz, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlıq, tibb və mühəndislik sahələrində kadr hazırlığı, polis akademiyaları arasında əməkdaşlıq kimi məsələlər müzakirə olunub. Bundan başqa, ötən il dekabrın 2−4-də Qvineya-Bisaunun xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Pinto Pereyra ölkəmizə səfəri zamanı Azərbaycan Prezidenti tərəfindən qəbul edilib. Səfər çərçivəsində o, Xarici İşlər, Daxili İşlər, Səhiyyə, Təhsil, Müdafiə, Energetika nazirliklərində, “ASAN xidmət”də və SOCAR-da görüşlər keçirib. Görüşlərdə dövlət başçılarının tapşırıqlarına uyğun olaraq müvafiq sahələrdə, xüsusilə tibb, enerji, müdafiə sənayesi istiqamətlərində əməkdaşlıq, həmçinin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığa dair məsələlər müzakirə olunub. Səfər zamanı iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizmi təsis olunub. Azərbaycan ilə Qvineya-Bisau arasında əlaqələr əsasən BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində davam etdirilir. Qvineya-Bisau Respublikası İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvüdür. İƏT çərçivəsində Azərbaycanla bağlı qəbul edilən qətnamələrə Qvineya-Bisau dəstək göstərib. Xatırladaq ki, Azərbaycan koronovirus pandemiyası ilə qlobal mübarizə çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə Qvineya-Bisauya 2020-ci ildə 100 min ABŞ dolları həcmində yardım göstərib.
Azərbaycan ilə Afrika dövlətləri arasında əlaqələrin dinamik inkişafı isə ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövrünə təsadüf edib. Belə ki, 2019-cu ilin oktyabrında Azərbaycanın Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə görüşünə uğurla ev sahibliyi etməsi tədbirdə təmsil olunan Afrika qitəsi ölkələri ilə ikitərəfli münasibətlərdə yeni səhifə açıb. Həmin Zirvə görüşü, eyni zamanda, qitənin bir çox ölkələri ilə ali səviyyədə təmaslar və görüşlərin keçirilməsi üçün əlverişli şərait yaratdı. Qoşulmama Hərəkatının əsas məqsəd və prinsipləri BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, eləcə də əsas insan hüquq və azadlıqlarına hörmət etməklə tövsif olunur. Bundan başqa, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, bütün irqlərin və xalqların bərabərliyini tanımaq, digər dövlətlərin daxili işlərinə qarışmaqdan çəkinmək, BMT Nizamnaməsi çərçivəsində hər bir dövlətin özünü fərdi və ya kollektiv şəkildə müdafiə etməsi hüququna hörmət etmək də bu beynəlxalq qurumun əsas məqsədləri sırasında yer alır. Qoşulmama Hərəkatı böyük dövlətlərin hər hansı xüsusi maraqlarına xidmət etmək üçün kollektiv müdafiə tədbirlərinin istifadəsindən çəkinmək, digər dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı yönəlmiş hər hansı bir fəaliyyətdən, eləcə də güc tətbiq etməkdən və güc tətbiq etməklə hədələməkdən imtina etmək, BMT Nizamnaməsinə uyğun olaraq bütün beynəlxalq mübahisələri sülh yolu ilə həll etmək, qarşılıqlı maraq və əməkdaşlığı təşviq etmək, ədalətə və beynəlxalq öhdəliklərə hörmətlə yanaşmaq kimi prinsipləri özünün əsas meyarları hesab edir.
Ötən ilin noyabrında Bakının ev sahibliyi etdiyi COP29-da ali səviyyədə təmsil olunan Afrika ölkələrinin dövlət başçıları ilə keçirilmiş görüşlər, həmçinin son illər ərzində Misir, Əlcəzair, Konqo və Somali kimi ölkələr ilə ali səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi və Keniya ilə əlaqələrin genişləndirilməsi Azərbaycanın Afrika siyasətinin inkişaf perspektivlərinin “yol xəritəsi”ni, hərtərəfli əməkdaşlıq üçün potensial istiqamətlər müəyyənləşdirdi.
Ötən il Konqo Prezidenti Deni Sassu-Nqesso, bu ilin fevralında isə Somali Prezidenti Hasan Şeyx Mahmud Azərbaycana rəsmi səfərləri zamanı həmin ölkələrlə qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi niyyəti ifadə olundu, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair hüquqi-normativ sənədlər imzalandı.
Fevralın 27-də Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo ölkəmizdə rəsmi səfərə gəlib. Səfər çərçivəsində dövlətimizin başçısı İlham Əliyevin Umaru Sisoku Embalo ilə təkbətək və geniş tərkibdə görüşləri, prezidentlərin mətbuata bəyanatları iki ölkənin münasibətlərinin dünəninə və perspektivlərinə aydınlıq gətirdi.
Prezident İlham Əliyevin və Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalonun mətbuata bəyanatları da Azərbaycan-Afrika ölkələri münasibətlərinə bir daha işıq saldı. «Əziz qardaşım, xoş gəlmisiniz. Bir daha Sizə “Xoş gəlmisiniz!” deyirəm. Sizin son səfəriniz yadımdadır, noyabr ayında COP29 konfransında iştirak etmək üçün ölkəmizdə oldunuz. Mən cənab Prezidenti Azərbaycana rəsmi səfərə dəvət etdim və şadam ki, o, mənim dəvətimi qəbul etdi. Beləliklə, bu gün cənab Prezident artıq ikinci dəfədir ki, ölkəmizdədir» söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, bu, bizim sıx qardaşlıq münasibətlərimizin aydın təzahürüdür. Bu onu göstərir ki, biz qardaş və dost kimi birgə işləyirik və bunu davam etdirəcəyik. Bu səfər tarixi səfərdir. İlk dəfədir ki, Qvineya-Bisaunun Prezidenti rəsmi səfərə gəlib. Biz artıq ikitərəfli gündəliyə aid olan mühüm məsələləri müzakirə etdik və belə razılığa gəldik ki, tərəfdaşlığımızı bütün sahələrdə gücləndirək: «Siyasi münasibətlər çox yaxşıdır. Bir daha qeyd etmək istəyirəm, bunun ən yaxşı təzahürü ondan ibarətdir ki, cənab Prezident ölkəmizə ikinci dəfədir səfər edir. Beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləyirik, bunu belə də davam etdirəcəyik. BMT və digər beynəlxalq təsisatlarda, İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında bir-birimizi dəstəkləyirik.»
Ölkələr arasında əməkdaşlıqda iqtisadi amilin rolu inkaredilməzdir. Prezidentlərin görüşündə də bu sahədə əməkdaşlığın prioritetləri açıqlandı. «Biz iqtisadi sahədə belə bir razılığa gəldik ki, konkret layihələr, investisiya imkanları müəyyən edilsin» söyləyən cənab İlham Əliyev bildirdi ki, biz artıq bir çox ölkələrə sərmayələr yatırırıq.
İki ölkənin əməkdaşlıq gündəliyi genişdir. Ən vacibi isə odur ki, dost, qardaş münasibətlərimiz mövcuddur. Beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləyir və konkret layihələr icra edirik. Çünki siyasi münasibətlər bunun üçün bir platforma kimi xidmət edir.
Bakıda olmaqdan böyük məmnunluq hissi keçirən Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo bildirdi ki, hələ Sovet İttifaqı vaxtlarında bir çox texniki heyət üzvlərimiz burada təhsil almışdır. Fevralın 28-də ilk heyətimiz buraya polis və hərbi məktəblərdə təlim üçün gələcək. Bu, bizim üçün çox vacibdir. Bu gün bu əlaqələri yeniləmək üçün buradayıq: «Əməkdaşlıq üçün sahə çoxdur – səhiyyə, təhsil, hərbi və təhlükəsizlik sahələri var. Əminik ki, bu səfər Sizi görməklə bərabər, ölkələrimiz üçün də faydalı olacaq. Qvineya-Bisau və Azərbaycan iki dost ölkədir, amallarımız ümumidir.»
Hazırda Prezident İlham Əliyevin siyasi iradəsi və uzunmüddətli strateji məqsədlərə istiqamətlənmiş müdrik siyasəti nəticəsində Afrika qitəsi ölkələri ilə münasibətlərin daha da inkişaf etdirilməsi, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi prosesi davam edir, bu əlaqələrdə ölkəmizin milli mənafeyinə uyğun yeni hədəflər müəyyənləşdirilir.
Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru