image-2000x150
image-d7d99a50578f6b9467a70ea91dde0c88backend

Qum okeanında möhkəm ada – İsrail və Azərbaycan bir-birinin güvənc yerinə çevrilir

image-728x90

Nə qədər qəribə və paradoksal olsa da, dünyada Azərbaycan adı gələndə açıq-aşkar hüsn-rəğbət bildirən iki ölkədən biri məhz İsraildir. Bu, bu günün, hətta dünənin-srağagünün söhbəti deyil, tarixən belə olub.

Azərbaycanlıların yəhudilərə, yəhudilərin isə azərbaycanlılara dostyana münasibətinin lap qədim tarixini, etnogenezini araşdırsaq, uzun olar. Təkcə son iki əsrdəki münasibətlərə baxmaq kifayətdir.
Minillklər boyu soyqırımlara, deportasiyalara, kütləvi qətliamlara, talan və yağmalamalara məruz qalan yəhudi xalqı yalnız 1-2 ölkədə bu bəşəri cinayətlərlə üzləşməyib. O ölkələrdən biri də Azərbaycandır. Ölkəmizdə yaşayan yəhudilər və iudaizmə etiqad edən icmalar bu ölkədə heç vaxt təzyiqə, sıxışdırmaya məruz qalmayıblar. Xalqımız həmişə yəhudilərə qucaq açıb, onları qoruyub.

İkinci dünya müharibəsi illərində alman nasistlərinin əsir aldığı sovet yəhudiləri labüd güllələnmə təhlükəsi qarşısında qalanda azərbaycanlı əsirlər nəinki öz “dərilərini qorumaq” və almanların gözünə girmək üçün onları ələ verməyib, hətta əksinə, şəhadət veriblər ki, onları çoxdan tanıyırlar, etnik mənşə etibarilə azərbaycanlıdırlar.

Yəhudi alimlər və incəsənət xadimlərinin yeri ölkəmizdə hər zaman başdan olub, onlara hər cür qayğı göstərilib, qədir-qiymətləri bilinib.

Vaxtilə Azərbaycanda yaşayan, sonradan İsrailə köçüb gedən yəhudilərin özləri və varisləri hər zaman Azərbaycana ehtiramla yanaşırlar, ölkəmizdə yaşadıqları illəri böyük nostalji ilə xatırlayır, xüsusilə də milli musiqimizi dinləməkdən, ifa etməkdən zövq alırlar. Onlar iki ölkə arasında sarsılmaz körpü rolunu oynayırlar.

Yəni dini və milli mənsubluqlar fərqli olsa da, nə bu iki xalqın dini icmaları arasında, nə də etnik müstəvidə heç zaman problem yaşanmayıb.

Bu, əlbəttə ki, müsəlman dünyasına məxsus “qum okeanı”nın ortasında dayanıqlı ada timsalında olan İsrail üçün az əhəmiyyətli məsələ deyil.

Azərbaycan heç vaxt İsraili düşmən bəlləyən, yəhudi xalqını min illərlə məskunlaşdığı tarixi arealdan yenidən qovmaq istəyən, bu dövlətin dünya xəritəsindən silinməsini zəruri sayan dövlətlərin cərgəsində yer almayıb. Hətta 12 il öncə qardaş Türkiyə ilə İsrail dövlətinin arası pozulanda Azərbaycan barışdırıcı mövqe tutdu və əvvəl-axır bu iki dövlətin münasibətinin normallaşacağını bilərək, ortalığı yumşaltmağa çalışdı.

Nəhayətdə elə də oldu. Bu gün İsrail və Türkiyə əski münasibətlərini tam bərpa etmək istiqamətində irəliləyirlər.

44 günlük müharibədə isə İsrail dövlətinin Azərbaycana verdiyi hərbi-siyasi, eləcə də informasiya dəstəyi haqq işimizin uğurla irəliləməsində ciddi rol oynadı.

Bu baxımdan İsrail Dövlətinin rəhbəri İsxak Hersoqun Azərbaycana səfəri böyük əhəmiyyətə malikdir. Bu, təkcə ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrinin nümayişi deyil, həm də perspektivdə qarşılıqlı yaxınlaşmanın, ikitərəfli əlaqələrimizin, inteqrasiyanın anonsudur.

Maraqlıdır ki, Azərbaycanın müstəqillik əldə etdiyi ilk günlərdən İsraillə yaxşı münasibətlərə malik olsa da, Azərbaycan dövləti İsraildə səfirlik açmağı ləngidirdi. İsrailin hələ 30 il öncədən Azərbaycanda səfirliyi vardı, rəsmi Bakı isə tələsmirdi və bunun ciddi səbəbləri vardı. Azərbaycan dövlətinin rəhbərliyi İsraillə düşmənçilik münasibətini günbəgün dərinləşdirən İranın əlinə bəhanə vermək istəmirdi.
Ancaq Azərbaycan bu məsələdə nə qədər İranın nazıyla oynasa da, İran əksinə etdi, Azərbaycanın ərazisinin 20 faizini işğal edən dövlətlə – Ermənistanla nəinki sıx diplomatik əlaqələr qurdu, daha da irəli gedərək, ciddi və aşkar müttəfiqlik münasibəti bərqərar etdi, Qafanda konsulluq da açdı.

Bu isə düz gəlmirdi, təxminən belə çıxırdı: “Sən mənim düşmənimlə dost olma, amma mən sənin düşməninlə dost da olacağam, qardaş da”.

2020-ci ildən sonra, bölgədə kimin kimlə əsl dost, gerçək qeyri-dost olduğunun ortaya çıxmasının, kartların tam açılmasının ardından artıq Azərbaycanın öz ümdə maraqlarından çıxış etməsinin, özünə dost seçməsinin zamanı gəldi.

Bu ilin əvvəlində İsraildə Azərbaycan səfirliyinin açılması bu ortamda baş verdi və şübhə yoxdur ki, bu fakt iki ölkənin qarşılıqlı əlaqələrinin daha da intensivləşməsində, daha yüksək səviyyəyə qalxmasında, əməkdaşlığın inkişafında daha geniş imkanlar yaradacaq.

Rəsmi göstəricilərə görə, İsraillə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 1,7 milyard ABŞ dollarından çoxdur. Ancaq bu, son hədd deyil. Bu müstəvidə böyük potensial var. Azərbaycanın dövlət başçısı İlham Əliyev bu günlərdə deyib ki, növbəti illərdə ticarət dövriyyəsini şaxələndirməyə çalışmalıyıq: “Həyata keçiriləcəyini planlaşdırdığımız birgə layihələr nəticəsində bizim daha balanslaşdırılmış ticarət dövriyyəmiz olacaq və o, təkcə enerji amilindən asılı olmayacaq”.

Azərbaycan uzun illərdir İsrailə xam neftin etibarlı təchizatçısı olmaqla yanaşı, üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələrində İsraillə birlikdə çalışmaq üzrə böyük imkanlara malikdir.
İrriqasiya və kənd təsərrüfatı sahələrində Azərbaycanın İsraildən öyrənəcəyi və tətbiq edəcəyi çox şey var. İsrail bərəkətsiz torpaqlarda (hətta “qum üstündə” də demək olar) yüksək məhsuldarlıq əldə edərək, aqrar məhsullar yetişdirərək, dünyaya ixrac edən ölkədir. Azərbaycan onun təcrübə və texnologiyalarından yararlanaraq öz bərəkətli torpaqlarında sözün əsl mənasında xarüqələr yarada, nəinki ölkə insanını zəruri ərzaq məhsulları ilə təmin edə, eləcə də yaxın-uzaq xaricə aqrar məhsullar göndərə bilər. Yaxşı ki, belə bir plan mövcuddur, bu sahə üzrə birgə layihələr reallaşdırılacaq.

Azərbaycan ciddi şəkildə İsrailin müsbət təcrübəsindən istifadə etmək və ixrac bazarını şaxələndirmək niyyətindədir.

Bundan başqa da, əməkdaşlıq edilməsi zəruri olan digər sahələr də var. Hər iki ölkə elə bir regionda yerləşir ki, burada özünümüdafiə qabiliyyəti olmadan baş saxlamaq çətindir.

İsrail öz təhlükəsizliyini hələ uzun illər öncədən pis-yaxşı həll edib. İndi onun məruz qaldığı təhlükələr lokal xarakterlidir və üzərinə total hücumlar olarsa, layiqli cavab vermək gücündədir. Azərbaycan isə hələ öz başının çarəsinə yeni-yeni baxır, ərazi bütövlüyünü indi-indi təmin edir. Ona görə də müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələri zəruridir. Belə əməkdaşlıq hazırda mövcuddur, Azərbaycanın İsrailin müasir hərbi avadanlığına çıxışı var, ancaq görünür ki, bu istiqamət gələcəkdə də gözardı edilməməlidir.

İsraildə Azərbaycan səfirliyinin açılması ilə qarşılılıqlı turist axınının səviyyəsinin yüksəlməsi gözlənilir. Reallıq belədir ki, indiyədək İsrailə səfər etmək çətin idi, viza və digər sənədləşdirmə məsələləri çox vaxt aparırdı. Ehtimal ki, zamanla bu məsələlər də həllini tapacaq.

Hazırda İsrailə həftədə yalnız dörd reys var. Hər iki tərəf hesab edir ki, bu, yetərli deyil. Rəsmi informasiyaya görə, nümayəndə heyətlərinin üzvlərinə uçuşların sayının artırılması ilə bağlı göstərişlər verilib.

Azərbaycan dövləti və xalqı ölkəmizdə yaşayan yəhudi qardaşlarımızın ölkəmizin ərazi bütövlüyü uğrunda vuruşmalarını minnətdarlıq xatırlayır və bu yolda həlak olanların xatirəsini əziz tutur. Məsələn, vaxtilə Şuşada döyüşərkən həlak olan Albert Aqarunovun abidəsi azərbaycanlıların ziyarət məkanlarından biridir.

İki dövlət arasında daha bir önəmli əməkdaşlıq sahəsi səhiyyə sferasıdır. İsrailin bu sahədə dünya öncülü olması hər kəsə bəllidir. Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun iştirakı ilə hər iki ölkənin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində əməkdaşlıq planı imzalanıb. Bundan sonra azərbaycanı pasiyentlər israilli həkimlərin xidmətlərindən yararlanaraq, sağlıqlarına qovuşa biləcəklər.

Bir sözlə, Avropa və Asiya dövlətləri ilə sıx əməkdaşlıq siyasəti yeridən Azərbaycan dövləti İsraillə də dostluq-qardaşlıq büsatı qurmaqla, inkişaf etdirməklə beynəlxalq təhlükəsizliyə nail olmaq istiqamətində irəliləyir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90